Siyasət

“Prezidentin Şərqi Zəngəzur səfəri üçün Silahlı Qüvvələr Gününü seçməsi təsadüf deyil” – RƏY + FOTO

Sharing is caring!

“Prezident İlham Əliyevin Göygöl, Kəlbəcər və Laçın rayonlarına səfərləri iki istiqamətdən şərh olunmalıdır. Birincisi, Azərbaycan müharibədən sonra yaranmış yeni reallığı bundan sonra da möhkəmləndirməkdə qətiyyətlidir. Bu mənada Prezidentin Şərqi Zəngəzur səfəri üçün məhz Silahlı Qüvvələr Gününü seçməsi təsadüf deyildi”.

Bu fikirləri “Report”a açıqlamasında deputat Bəhruz Məhərrəmov deyib.

Onun sözlərinə görə, Azərbaycan lideri mövcud reallığı şübhə altına almaq istəyən, yaxud vəziyyətlə barışmaq istəməyənlərə Kəlbəcərdə açılışını etdiyi komando hərbi hissəsində verdiyi tarixi bəyanatları ilə mövqeyimizi çatdırdı:

“Revanşistlər də, onların havadarları da Bakının bu məsələdə nə qədər həssas və nə qədər qətiyyətli olduğunu bir daha gördülər. Düzdür, Azərbaycan münaqişələrin həlli üsulu kimi müharibəni rədd edir. Lakin beynəlxalq hüquqa uyğun olaraq, maraqlarımız, mənafelərimiz təhlükəyə məruz qalarsa, bu təhlükəni aradan qaldırmaq bizim suveren hüququmuzdur və İlham Əliyevin də dediyi kimi, “Dəmir yumruq” yerindədir. Üstəlik, ortada sadəcə bəyanat yox, əməli proses var. Kəlbəcərdə yeni hərbi hissənin yaradılması ilə Ermənistanla sərhəddə nəinki mövqelərimiz hərbi cəhətdən daha da möhkəmlənəcək, eyni zamanda mümkün təxribat cəhdlərinin anında, yerindəcə boğulması üçün əlavə imkanlar açılacaq”.

“İkincisi, səfərlə Prezident göstərdi ki, Azərbaycan işğaldan azad etdiyi torpaqlarında yeni mərhələyə qədəm qoyan quruculuq-bərpa prosesini tam sürətlə davam etdirir və infrastrukturun sürətlə qurulması prosesinin hər bir mərhələsi ölkə başçısının nəzarətindədir. Bu isə o deməkdir ki, Böyük Qayıdış prosesi artıq reallaşmaqdadır. Yeni tikilən müəssisələr, muzey, zavod, elektrik stansiyası, yol infrastrukturu və digər obyektlər isə onu deməyə əsas verir ki, soydaşlarımızın öz ata-baba yurdlarına qayıtmaları yalnız fiziki bir proses olmayacaq.

Azərbaycan dövləti işğaldan azad olunmuş bölgələrdə əhalinin dayanıqlı məskunlaşmasının təmin edilməsi məqsədilə həmin ərazilərin cəmiyyətin ən sağlam, müasir və abad yaşayış mühitinə çevrilməsi, dayanıqlı məskunlaşma üçün müasir prinsiplərə əsaslanan komfortlu yaşayış mühiti yaradılmasını hədəfləyir və buna da nail olmaq üzrədir. Xüsusən də, işğaldan azad olunmuş ərazilərimizdə yeni su anbarlarının inşası, çətin relyefə malik dağlıq ərazidə unikal layihə olan Laçın Beynəlxalq Hava Limanının inşasına başlanması, İstisu sanatoriyasının bərpası, regionda müalicəvi turizm infrastrukturunun ən müasir tələblərə uyğun yenidən qurulması və s. azad olunmuş bölgələrin ölkədə iqtisadi fəaliyyətin aparıcı həlqələrindən birinə çevrilməsi və digər regionlarına uyğun inkişaf səviyyəsinə malik olması üçün həyata keçirilən məqsədyönlü tədbirlər hesab olunmalıdır”, – Bəhruz Məhərrəmov əlavə edib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir