Cəmiyyət

Paşinyanı parodiya edən aktyor: “Təbii alınması üçün çox çalışırdım” – MÜSAHİBƏ + FOTO

Sharing is caring!

“Yolda görəndə “Paşinyan gəldi, Paşinyan gəldi” deyirlər. Qorxurdum ki, məni buna görə vurarlar”.

Bu sözləri Lent.az-a hamının Paşinyan kimi tanıdığı aktyor Anar Almazov deyib.

– Anar bəy, öncə özünüzü bizə tanıdın.

– Uşaqlıqdan kino sahəsinə marağım olub. Çoxlu filmlərə baxırdım. Universitetə qəbul olunandan sonra kino sahəsinə yönəldim. Əvvəlcə “Zaman” teatrında aktyor kimi işləməyə başladım. Yavaş-yavaş filmlərdə ikinci rejissor kimi çalışdım. İndi də həm aktyor, həm də rejissor kimi işləyirəm. 

– Müharibə dövründə Paşinyan obrazı ilə gündəmə gəldiniz. Bunun tarixçəsi nədir? Necə oldu belə bir addım atdınız?

– Mən 15 ildir “Azərbaycanfilm” kinostudiyasında çalışıram. Bir gün çəkiliş qrupumuzda olan iş yoldaşım üzüm tüklü vəziyyətdə şəklimi çəkdi.
Bir də gördüm həmin oğlan Paşinyanla şəklimi yan-yana birləşdirib atıb mənə. Özüm də hiss elədim ki, çox oxşayırıq. Amma dedim paylaşmayın. Elə oldu ki, bu şəkil yayıldı. Həmin vaxt mən “Komedixana”da rejissor işləyirdim. 

Mənim şəklimi ssenarist Ənvər Abbasov gördü. Aparıb Murad Dadaşova göstərib, deyib ki, Paşinyan obrazını canlandırıb, yumoristik çəkilişlər edək. 

Müharibə dövründə hər həftə efirə bu tip videoları çəkib verdik. Onu da deyim ki, həmin şəkil 2010-cu ildə çəkilib.

– Bəs, bu addımı insanlar necə qarşıladılar?

– Düzünü desəm, mən bu obrazı canlandırmaq istəmirdim. O vaxt Məlik Dadaşov da “Fəryad” filmində erməni yaraqlı obrazı canlandırmışdı. Özü danışırdı ki, tamaşaçılar yaxşı qarşılamayıb. Deyirdi ki, yolda gedəndə biri qapaz vurur, biri söyürdü. 

Mən də buna görə istəmirdim. Amma əksi oldu. Yenidən “Fəryad” filmi çəkildi. Mən o obrazı canlandırdım. Bu videolarımı erməni saytları da paylaşmışdı. 

– Yolda sizi görəndə necə reaksiya verirlər? Heç “qapaz” vuran olub?

– Yolda görəndə pis reaksiya vermirlər. “Paşinyan gəldi, Paşinyan gəldi” qışqırırlar. Uşaqlar, böyüklər hamısı yaxınlaşıb şəkil çəkdirirlər. 

İnsanların müsbət qarşılamasının səbəbi də Paşinyanı lağa qoymağımızdı. Videolarda onu alçaldırdıq. Ona görə də insanlara, necə deyərlər, ləzzət elədi. 

– Paşinyan obrazı ilə bağlı başqa təkliflər almısınız?

-Hə, çox olub. İkinci dəfə “Fəryad” filmi çəkiləndə orada canlandırdım. Sonra bir internet kanalı var idi, oradan təklif elədilər. Belə çox olub. Çalışmışam ki, “Paşinyan” obrazı ilə gündəmdə olmayım. İstəmirəm ki, onunla reklam olum. 

– Anar bəy, çəkilişlərə necə hazırlaşırdınız?

– Paşinyanın bütün çıxışlarını izləyirdim. Hakimiyyətə necə gəlib, mitinqlərdə, dövlət tədbirlərində necə hərəkət edir hamısına fikir verirdim. Təbii alınması üçün çox çalışırdım. Paşinyanın hərəkətlərini özümünküləşdirirdim. 

Elə olurdu ki, çəkiliş qrupumuzda uşaqlar bir səhnəni neçə dəfə canlandırmağımı istəyirdilər. Çünki çox gülürdülər. Elə indi də dostlar arasında güldürmək üçün canlandırıram. Amma çəkilişdəki kimi gülməli olmur.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir