Siyasət

“UNESCO üçün tarixi-mədəni irs yox, erməni maraqları vacibdir və bu da təşkilatın nüfuzu üçün ləkədir” – RƏY

Sharing is caring!

“ABŞ Dövlət Departamentinin Konqresə təqdim etdiyi “2021-ci il Beynəlxalq Din Azadlığı” hesabatında Azərbaycanla bağlı mühüm məqamların əksini tapması bölgədə yaranan yeni geosiyasi situasiya ilə bağlıdır. Hər il dərc olunan bu hesabatda ilk dəfədir ki, Dövlət Departamenti işğal dövründə ermənilər tərəfindən törədilən cinayətlərə yer verib”.

Bu fikirləri “Report”a açıqlamasında Milli Məclisin deputatı Bəhruz Məhərrəmov deyib.

Onun sözlərinə görə, erməni lobbisinin radikallaşdığı bir vaxtda, ermənilərlə xüsusi bağları olan demokratların iqtidar dövründə rəsmən bu cür mövqe nümayişi ilk növbədə Prezident İlham Əliyevin hücum siyasətinin bəhrəsidir:

“Bu dəyişikliyi artıq Vaşinqtonda da etiraf edirlər və xatırlayırsınızsa, bu il iyunun 1-də Prezident Bayden İlham Əliyevə məktubunda azərbaycanlı həmkarının xalqının yaşayış standartlarının yüksəldilməsi istiqamətində davamlı addımlarını alqışladığını bildirmişdi.

Konkret olaraq hesabata gəlincə, diqqət etsək, ilk növbədə azad olunmuş ərazilərin genişmiqyaslı minalanması nəticəsində dini yerlərin böyük əksəriyyətinə gediş-gəlişin mümkünsüz olması faktı diqqət çəkir. Bununla da Vaşinqton İrəvanı rəsmən beynəlxalq humanitar hüququ pozan, daha dəqiq desək, münaqişə başa çatsa da müharibə cinayətlərini davam etdirən tərəf kimi tanıyır. Konqresə təqdim olunan bu sənəddə bu yerlərə dəymiş zərərin miqyasının illərlə qeyri-müəyyən qalması barədə müddəa beynəlxalq məhkəmədə Azərbaycanın arqumentlərini, o cümlədən kompensasiya iddialarının tutarlılığını kəskin surətdə artırır”.

Deputat bildirib ki, hesabatda diqqət yetirilməli olduğumuz digər məqam isə Füzulidə Hacı Ələkbər məscidi, Ağdamda Cümə məscidi, İmarət Qərvənd məzarlığı və Şəhidlər xiyabanına qarşı vandalizm aktlarının sənədə salınması ilə bağlıdır:

“Düzdür, reallıqda qeyd olunan faktlar vandalizmə məruz qalan abidələrimizin cüzi bir hissəsidir, lakin Konqresə təqdim olunan sənəddə konkret abidələrə istinadın əksini tapması özlüyündə mühüm hadisədir. Hesabat BMT-nin Elm, Təhsil və Mədəniyyət üzrə ixtisaslaşmış qurumu UNESCO-nun fəaliyyətsizliyinin göstəricisi hesab edilməlidir. Çünki əslində bu kimi ciddi məsələlərə öncə UNESCO reaksiya verməli idi. Amma təəssüf ki, UNESCO son illər daha çox siyasiləşmiş lobbiçilik fəaliyyəti ilə məşğul olmaqdadır və nəticə etibarı ilə bu cür mənzərələr meydana çıxır.

Bilirsiniz ki, təşkilatın bu mövqeyi rəsmi Bakıda da narazılıq yaradır və Prezident İlham Əliyev bu ilin aprelində “Cənubi Qafqaz: inkişaf və əməkdaşlıq” adlı beynəlxalq konfrans iştirakçıları ilə görüşdə açıq şəkildə tənqidlərini dilə gətirmişdi.

Xatırlayırsınızsa, dövlət başçısı qeyd etmişdi ki, “biz UNESCO-dan işğal olunmuş ərazilərə gəlməyi və şahid olduqlarını bildirməyi xahiş edirdik. Onlar həmişə imtina edirdilər ki, UNESCO siyasi məsələlərlə məşğul olmur. Müharibə bitəndən sonra vəziyyət dəyişdi. Nəyə görə? Çünki belə bir qavrayış var idi ki, erməni tarixi irsi dağıdıla bilər. Lakin 67 məsciddən 65-nin ermənilər tərəfindən dağıdılmasına heç bir məhəl qoyulmamışdır. Sanki heç bu, bir tarixi irs deyil, sanki bu, bir dini irs deyil”.

Deputat hesab edir ki, UNESCO üçün tarixi-mədəni irs yox, erməni maraqları vacibdir və bu da təşkilatın nüfuzu üçün ləkədir:

“Onlar anlamalıdırlar ki, bu gün tamamilə fərqli dövrdür, istinad edilə biləcək yeganə mənbə UNESCO deyil. Göründüyü kimi, Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın məqsədyönlü və ardıcıl səyləri ilə artıq dünyanın supergücü öz hesabatlarında reallıqları əks etdirməyə başlayıb”.

B.Məhərrəmov vurğulayıb ki, hesabatla bağlı narahatlıq doğuran başqa bir məqam Azərbaycan daxilində bir sıra antimilli siyasi dərnəklər və “cib mediası”nın ABŞ Dövlət Departamentinin hesabatındakı məqamları təhrif edərək, yaxud bizim əleyhimizə ixtisar edərək geniş kütlələrə servis etmək cəhdləridir:

“Bəzi mənbələrə diqqət edərkən hesabatda Ermənistanla Azərbaycan arasında paralel aparılması cəhdlərinin şahidi oluruq. Qarabağda, Zəngəzurda hansısa “erməni irsi” qabardılmağa çalışılır. Baxmayaraq ki, müharibə Azərbaycanın beynəlxalq hüquqla tanınan ərazisi daxilində baş verib, vandalizmə məruz qalan 60-dan çox məscid, çoxsaylı qəbiristanlıqlar, alban kilsələri, pravoslav kilsəsindən tutmuş Şuşada naməlum şəraitdə yüngül zərər görmüş Qazançı kilsəsinə qədər hər biri bizim irsimizdir və bu irsin digər dövlətlərlə aşağı-yuxarı heç bir əlaqəsi yoxdur. Ona görə də ölkə daxilində “tərəfsiz” və “balanslı” görünməyə çalışan “media mənsubları” və “siyasilər” belə məsələlərdə həssas olmalı, Azərbaycan və vandal Ermənistan arasındakı fərqi açıq ifadə etməlidirlər. Çünki gələcək hesabatlarda bu mövqelərə istinad oluna bilər, necə ki, Dövlət Departamentinin 2021-ci il üzrə Beynəlxalq Din Azadlığı hesabatında BMT-nin İnkişaf Proqramı və Azərbaycan hökuməti ilə yanaşı, həm də vətəndaş cəmiyyəti nümayəndələrinə istinadən məlumatlar paylaşılıb”.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir