Siyasət

99 yaşlı dahinin və Lukaşenkonun fikirlərindəki sinxronluq: Ukrayna ilə bağlı təhlükəli PLAN – TƏHLİL

Sharing is caring!

Dünya nizamına dahi strateqlərin baxışı fundamental meyarlara söykənir və özündə gələcəyə dair proqnozları birləşdirir.

Qlobal siyasətdə hansı oxların atıldığını, yayın kimlər tərəfindən çəkildiyini bilən ABŞ-ın keçmiş dövlət katibi Henri Kissincerin formalaşan yeni nizam haqqındakı proqnozları isə təhlükəlidir, təbii ki, ən əsası da Ukrayna üçün.

Kissincer ABŞ siyasətinin qlobal tərəflərini çox dərindən bilən adamdır, analitik soyuqqanlılığı, təhlil metodologiyası, bestseller və strateqlərin stolüstü kitabı olan “Diplomatiya” əsəri siyasətçilər üçün yol xəritəsidir.

Siyasətçi həmin kitabda özünün keçirdiyi açıq-gizli təmaslar barədə danışır, qlobal güc nisbətindəki payları tarixdən süzülüb gələn nəticələrlə təhlil edir.

H.Kissincer SSRİ-nin sonunu çatdıran hiyləgər strateqlərdəndir, indi qoca (99 yaşı var) dahi Davosda keçirilən Dünya İqtisadi Forumunda Rusiya-Ukrayna müharibəsinə dair həll düsturu verir. Hiyləgər dahinin açıqlaması analizlə məşğul olan insanlar üçün təəccüblü gələ bilməz.

Kissincerin narahatlığı Ukraynanın suverenlik prinsipləri ilə uzlaşmır və gələcək üçün Rusiyanın əlində təcavüzkar planları böyüdən tezisə çevrilir.

Bəli, dahi Kissincer, görünür ki, bu qoca yaşında da açıq-gizli təmaslarla güc balansını müqayisə edə bilir, ona görə də deyir ki, Ukrayna neytral statusa keçməli, Rusiya ilə Avropa arasında körpü rolunu oynamalıdır.

Cənab Kissincerə görə, Ukrayna asanlıqla aradan qaldırılmayacaq təlatümlər və gərginlik yaranmamışdan əvvəl Rusiya ilə danışıqlar aparmalıdır, bunun üçün ideal nöqtə isə müharibə başlamamışdan öncəki status-kvoya qayıtmaqdır.

Qərb liderlərinə yönləndirici tezislər verən mərkəzlər başa düşürlər ki, müharibəni 2022-ci ilin fevralın 24-nə qədər olan xəritədən kənarda davam etdirməklə Qərb-Rusiya açıq qarşıdurmasını şiddətləndirəcək uzun və yorucu müharibə astanasına qədəm qoyulacaq və burada udan tərəf olmayacaq. Bu isə bəşəriyyətin gələcəyini kor etmək deməkdir.

Kissincer fikri ilə cari şəraitdə Qərbin Rusiya qarşısında duruş gətirə bilməməsinə işarə edir.

Ukrayna tərəfi cənab Kissincerin açıqlamasını Rusiyaya ərazi təhvil vermək kimi dəyərləndirib. Kissincer isə strateji soyuqqanlılıqla, Ukraynadan çox, ABŞ-ın maraqlarını gözləyir, onun çıxışındakı notlar Ukraynanın nüfuz dairələrinə bölünməsi ehtimallarını da göz önünə sərir.

Kissincer indi rəsmi şəxs deyil, lakin çox məlumatlı, gizli danışıqlardan xəbərdar adamdır, bu baxımdan onun fikri ilə Belarus Prezidenti Aleksandr Lukaşenkonun açıqlaması arasında sinxronluq qurmaq olar.

Mayın 23-də Soçidə Rusiya Prezidenti Vladimir Putinlə görüşən Lukaşenko belə bir ifadə işlədib (həmin sitatı səsləndirdikən sonra, Kissincerin mövqeyi ilə sinxronluq təşkil edən elementləri görmək mümkündür):

“Ukraynada gözlənilməz proseslər olur, bunu siz də yaxşı bilirsiniz (Putinə müraciətlə). Bizi də, sizi də narahat etməlidir ki, siyasətçilər Ukraynanı parçalamaq üçün addımlar atırlar. Polşa və NATO üzvləri Ukraynanın qərbini götürməyə hazırdırlar. Biz gözümüzü açıq saxlamalıyıq və ukraynalılar bizdən bu qərb hissənin Ukraynadan ayrılmaması üçün xahiş etməli olacaqlar”.

Böyük ehtimalla Rusiyanın da, Qərbin də masasında Ukraynadakı müharibənin sonlandırılması üçün ən optimal yol Ukraynanın bölünməsidir.

Ona görə də Ukrayna danışıqlara getmir, indiki halda Kiyevin Moskva ilə güzəşt masasına oturması dövlət kimi onun taleyini qaranlığa sürükləyəcək.

Aqşin Kərimov

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir