Siyasət

Tarixi hadisə: Xankəndi – Bakı ultramarafonu başladı

Sharing is caring!


Gənclər və İdman Nazirliyinin Azərbaycan Atletika Federasiyası ilə birgə keçirdiyi Xankəndi – Bakı ultramarafonunun açılış mərasimi olub.

“Report”un Xankəndiyə ezam olunmuş əməkdaşının məlumatına görə, ilk dəfə təşkil edilən yarışın açılışı Xankəndidə baş tutub.

İlk olaraq şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə çıxış edən Azərbaycan Atletika Federasiyasının prezidenti Cavid Qurbanov Xankəndidə yarış keçirməyin onlar üçün böyük fəxr olduğunu bildirib:

“Bu, Azərbaycanda keçirilən ilk beynəlxalq yürüşdür. Hər kəsə uğurlar arzulayıram. Yol uzaqdır və hava soyuqdur. Buna baxmayaraq, idmançıların məsafəni qət edəcəklərinə inanıram”.

Gənclər və İdman Nazirliyinin idman şöbəsinin müdiri Elnur Məmmədov da öz növbəsində iştirakçılara uğurlar arzulayıb:

“Burada tarixi anı yaşayırıq. Azərbaycanda ilk dəfə bu məsafədə beynəlxlaq ultramarafon təşkil olunur. Bu tarixi anı bizə yaşadan Ali Baş Komandan İlham Əliyevə minnətdarlığımızı bildiririk. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə can sağlığı versin. 389 km-dən sonra hər birinizi Bakıda gözləyəcəyik”.

Sonda Azərbaycan Dövlət Himni səslənib.

Sonra ultramarafonun iştirakçıları “Qürurla irəli” şüarı ilə ilk dəfə keçirilən yarışa Xankəndidə start veriblər.

Onlar ilk olaraq 83 km məsafə qət edərək, Yevlaxa çatacaqlar. Ardından Yevlax – Ucar (84 km), Ucar – Hacıqabul (88 km), Hacıqabul – Qobustan (70 km) və Qobustan – Bakı (55 km) mərhələlərini keçməklə, martın 4-də Bakıya çatacaqlar.

Ultra marafonda ümumilikdə 64 idmançı mübarizə aparır. Onlar arasında Türkiyə (5 nəfər), Meksika (4) və Moldova (1) təmsilçiləri də var.

Qeyd edək ki, hər mərhələnin qalibləri ayrılıqda təltif ediləcəklər. Ultra marafonun ümumi qalibləri isə baş mükafatı qazanacaqlar.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir