Siyasət

Peter Lükimson: “İsraillə İran arasında birbaşa toqquşma dünya müharibəsinin başlanğıcı deməkdir” – MÜSAHİBƏ

Sharing is caring!


Yaxın Şərqdə artıq beş aydır ki, İsraillə Fələstinin radikal HƏMAS hərəkatı arasında hərbi toqquşma davam edir. Eyni zamanda, kənardan baxanda hələlik İsrailin qələbəsi görünmür.

Nə baş verir, müharibə hansı mərhələdədir, cərəyan edən hadisələr hansısa barışığa doğru aparırmı?

Bu və digər hadisələr barədə israilli analitik və yazıçı Peter Lükimson Oxu.Az-la fikrini bölüşüb:

– Lap əvvəldən İsrailin həm siyasi, həm də hərbi rəhbərliyi bilirdi ki, müharibə təxminən bir il çəkəcək və bu barədə açıq danışır, eyni zamanda da hazırlaşırdı. Həmçinin, bizdə amerikalıların İraqda Mosulu ələ keçirmələri üçün nə qədər vaxt lazım olmasından çıxış edirdilər, axı Qəzza Mosuldan xeyli böyükdür. Üstəlik, orada 750 kilometr uzunluğunda qida, su, yanacaq və həyat üçün lazım olan bütün zəruri ehtiyatlara malik yeraltı şəhər yox idi. Eyni zamanda, toqquşma başlayandan indiyədək İsrail ordusu Qəzza zolağının şimalından cənubuna doğru uğurla irəliləyir, oranı terrorçulardan təmizləyir. Hazırda Qəzza zolağındakı beş şəhərdən dördüncüsü olan Xan Yunisdə əməliyyatlar yekunlaşır. Bir azdan əməliyyat anklavın cənub hissəsində – Misirlə sərhəddəki Rəfahda başlayacaq. HƏMAS-ın 35-45 min yaraqlısından təxminən 20 mini məhv edilib (təbii ki, düşmənlərimiz onları mülki şəxslər kimi təqdim edirlər).

Ona görə də sizin dediyiniz doğru deyil: İsrail Qəzzada birmənalı şəkildə qələbələr qazanır. Amma məsələ ondan ibarətdir ki, biz müharibəni bütün beynəlxalq qanunlara uyğun olaraq aparırıq, baxmayaraq ki, bu, ərəb dünyası və onun əlinin altında olan mediası tərəfindən etiraf olunmur. Dünyanın bütün hüquqşünasları, hərbçiləri bilirlər ki, bu mənada İsrailə qarşı hər hansı iddia irəli sürmək yersizdir. Məsələn, İsrail Rəfaha girməzdən əvvəl özlərini mülki elan edənlərə humanitar dəhliz təklif edərək onların düşərgələrə köçmələrinə şərait yaradacaq. Aydındır ki, belə düşərgələrin yaradılması və Qəzza sakinlərinin oraya köçürülməsi vaxt aparır, müharibəni ləngidir. Sonda Yaxın Şərqdə heç yerə tələsməyən qalib olacaq.

– Əgər mən düzgün başa düşürəmsə, İsrail Fələstin dövlətini və “iki xalq, iki dövlət” prinsipini tanımaqdan imtina etdi. Bəs bu problemi başqa necə həll etmək olar?

– İsrail iki xalq üçün iki dövlət yaratmaq prinsipindən əl çəkməyib, baxmayaraq ki, şəxsən mənim üçün bu prinsip qəribə səslənir. Onlar Fələstin dövlətindən danışanda muxtariyyətin lideri Mahmud Abbas açıq şəkildə bəyan edir ki, onun ərazisində bir dənə də yəhudi olmamalıdır, eyni zamanda, İsrail öz ərazisindəki iki milyon ərəblə bir yerdə yaşamalıdır. Yeri gəlmişkən, mən heç bir şəkildə loyal israilli ərəblərə qarşı deyiləm. Onların çoxu loyaldır və biz onlarla kifayət qədər normal, yanaşı yaşayırıq (baxmayaraq ki, nədənsə bizim parlamentdə ərəb partiyalarının deputatları nədənsə, əsasən, ekstremistdirlər).

Belə çıxır ki, söhbət iki dövlətdən gedir, lakin onlardan birində yalnız ərəblər, digərində həm yəhudilər, həm ərəblər yaşayacaqlar. Burada İsrail ərəblərinin Qarabağdakı ermənilərin yolu ilə getməyə qərar verməsi təhlükəsi var. Amma təkrar edirəm, İsrail bu prinsipdən əl çəkməyib. O elan etdi ki, birtərəfli şəkildə Fələstin dövlətinin qurulmasına və kənardan bizə sırınan həll yoluna qarşıdır. Bu məsələ yalnız bizimlə fələstinlilər arasında birbaşa danışıqlar yolu ilə həll edilməlidir. İkincisi, indi Fələstin dövlətinin yaradılmasını fələstinlilər oktyabrın 7-də törətdikləri qırğına görə mükafat kimi qəbul edəcəklər və bu, heç bir baxımdan qəbuledilən deyil. Bu məsələdə bu gün İsrail siyasətində uzun müddətdir olmayan birlik var. Həll yolu kimi Fələstin dövlətinin yaradılmasının qızğın tərəfdarları belə deyirlər ki, indi bu məsələni qaldırmağın vaxtı deyil. Amma əgər belə bir qərar verilərsə, İsrailin belə bir dövləti tanımayacağı aydındır. Nəticədə Təl-Əviv sərhədlərini bağlayacaq və fələstinlilərin nə işləyəcək yeri, nə elektriki, nə suyu olacaq. Bütün dünya bir daha görəcək ki, onlar öz dövlətlərini yaratmağa hazır deyillər. Hələ onu demirəm ki, bu dövlət terrorun meqabazasına çevriləcək.

– Eyni zamanda, böhran dərinləşir və təkcə hərbi yox, həm də Livanda siyasi təsirə malik olan “Hizbullah” kimi təşkilatların timsalında İran proksilərinin müharibəyə daxil olmaq ehtimalı artır. İsraildə bundan ehtiyat etmirlər?

 – Təbii ki, İsraildə belə bir ehtimalı qabaqcadan görürlər, öz şimal sərhədlərində müharibə istəmirlər və ona görə də biz ölkəmizin şimal hissəsinin atəşə tutulmasına belə təmkinlə cavab veririk. Nə qədər ki münaqişənin diplomatik yolla həllinə ümid var, İsrail buna çalışacaq. Amma siz haqlısınız: getdikcə ümid daha da azalır. Keçən həftə Safed şəhəri atəşə tutulub, bu isə İsrailin dərinliyidir. Ona görə də Livanla müharibə, özü də ciddi müharibə hər an başlaya bilər. Sözsüz ki, bu, çox ağır olacaq. Amma bizim hərbçilərimiz deyirlər ki, belə bir müharibənin nəticəsi əvvəlcədən məlumdur: biz, sadəcə olaraq, bütün Livanı Daş dövrünə göndərəcəyik və beləliklə, onilliklər ərzində, bəlkə də, daha uzun müddətdə şimal sərhədimizdə sabitliyi təmin edəcəyik.

– Bəs İranın da iştirakı ilə total müharibə ehtimalı nə dərəcədə mümkündür?

– Mahiyyət etibarı ilə regionumuzda baş verən hər şeyin arxasında İran və bəzi versiyalara görə, Rusiya dayanır. Aydındır ki, İsraillə İran arasında birbaşa toqquşma yeni dünya müharibəsinin başlanğıcıdır və biz bundan qaçmaq istərdik. Bu toqquşmanın qaçılmaz olduğuna inanan analitiklər var. Onlar, sadəcə olaraq, bildirirlər ki, bu qarşıdurma son 10 il ərzində təxirə salınır. Lap yaxşı, çünki biz hamımız inanırıq ki, İran xalqı ümumiyyətlə yəhudilərə və İsrailə qarşı çox mehribandır və orada islamçı rejim dağılandan sonra İran, 1960-70-ci illərdə olduğu kimi, bizə ən yaxın olan dövlətlərdən birinə çevriləcək. Təkcə onu xatırlamaq yetər ki, İngiltərədə İsrailə dəstək üçün ən güclü nümayişlərdən birini İran şahının ailəsinin iştirakı ilə İrandan olan mühacirlər keçirdilər. Eyni zamanda, İsrail fundamentalist İranın atom bombasına malik olmasına imkan verə bilməz. Və vaxt azalır. Əgər bu dünya müharibəsi olacaqsa, hamı bu və ya digər şəkildə bu müharibəyə cəlb olunacaq. Şəxsən mən bunu istəməzdim. Mən Azərbaycana və onun xalqına yalnız başı üzərində aydın səma arzu edirəm.

Nair Əliyev

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir