Siyasət

“Dövlət başçısının müəyyənləşdirdiyi istiqamətlər yol xəritəmizdir” – ŞƏRH + FOTO

Sharing is caring!


“Cənab Prezident İlham Əliyevin andiçmə mərasimində etdiyi çıxışı proqram xarakterlidir. Başladığımız yeni dövrdə ölkəmizin inkişafının əsas vektorlarını səsləndirməklə, dövlət və cəmiyyət qarşısında yeni vəzifələr müəyyənləşdirdi”.

Bunu Oxu.Az-a açıqlamasında Prezident İlham Əliyevin andiçmə mərasimdə səsləndirdiyi fikirləri şərh edən Milli Məclisin deputatı Azər Badamov deyib.

O bildirib ki, dövlət başçımız ilk növbədə son 20 ildə keçdiyimiz çətin və uğurlu bir yol haqqında danışdı:

“Dövlət başçımızın 20 illik hakimiyyətinin əsas məqsədi ərazilərimizin erməni işğalından azad olunmasına və suverənliyin bərpasına hesablanmışdı.

Keçən ilin sentyabrında keçirilən lokal xarakterli antiterror tədbirləri ilə dövlət başçımız xalqa verdiyi bütün vədlərinə əməl etməklə böyük bir dövrü başa çatdırmış oldu. İndi başladığımız dövrdə yeni tələblər və baxışlar ortaya qoyulmalı idi. Bu yeni tələblər və vəzifələr daha güclü Azərbaycanın yaranmasına xidmət edəcək”.

Deputat qeyd edib ki, dövlət başçımızın növbəti dövrdə qarşımıza qoyduğu əsas hədəfləri qısa olaraq aşağıdakı kimi sadalaya bilərik:

“Silahlı Qüvvələrimizin daha da gücləndirilməsi, hərb sənayesinin inkişaf etdirilməsi əsas hədəflərdəndir. Sərhədlərimizi daha güclü qorumaqla ölkəmizi xarici risklərdən sığortalamalıyıq. Gənc nəslin vətənpərvərlik və milli ənənələr ruhunda tərbiyə olunması şərtdir. Bununla yanaşı ölkədə milli birlik və həmrəyliyi daha da möhkəmləndirmək üçün dövlət siyasətini genişləndirmək gərəkdir. Bizim milli-mənəvi dəyərlərimiz sarsılmaz gücə malikdir.

İşğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası işlərinin genişləndirilməsi əsas hədəflərə daxildir. Böyük Qayıdışa dair Dövlət Proqramını uğurla davam etdirərək 2026-cı ilin sonuna qədər 140 min keçmiş məcburi köçkün öz ata yurdlarına qaytarılacaq”.

A.Badamov iqtisadiyyatımızın yeni dövrün tələblərinə uyğun inkişaf etdirməyin qarşıya qoyulan əsas hədəflərdən olduğunu vurğulayıb.

“Əhalinin sosial rifahının yaxşılaşmasına dair atılan addımlar davam etdiriləcək. Şəhid ailələri və müharibə əlillərinin sosial müdafiəsi daha da gücləndiriləcək, bu kateqoriyadan olan insanlara diqqət və qayğı artırılacaq.

Texnoloji inkişafın sürətləndirilməsi gözlənilir. Bunun üçün on minlərlə müasir biliklərə yiyələnmiş mütəxəssislər yetişdirmək lazımdır. COP29-u yüksək səviyyədə keçirmək və ölkəmizin bərpa olunan enerji sektorunu inkişaf etdirməliyik. 

Beynəlxalq nəqliyyat logistik imkanlarımızı genişləndirməklə Azərbaycanı bu sahədə regional mərkəzə çevirəcəyik. Bizim ailəmiz Türk dünyasıdır. Türk Dövlətlər Birliyinin güclənməsinə və dünya siyasətində rolunun artırılmasına töhfə verəcək addımlar atacağıq.

Beynəlxalq siyasətdə ölkəmizin zəfərini həzm edə bilməyənlərə qarşı adekvat cavab vermək siyasətini davam etdirmək, müstəmləkəçiliyə və neokolonializmə qarşı mübarizə aparan dövlətlərə beynəlxalq səviyyədə dəstək verməliyik. Regional əməkdaşlığın və təhlükəsizliyin möhkəmlənməsinə dair tədbirləri davam etdirməliyik.

Dövlət başçımızın andiçmə mərasimində müəyyənləşdirdiyi bu istiqamətlər yeni dövrdə hər birimizin yol xəritəsidir. Bu yeni dövrdə dövlət başçımızın rəhbərliyi altında ölkəmizin dünyada söz sahibi olan daha güclü Azərbaycan kimi özünü təsdiq edəcəyinə heç kim şübhə edə bilməz”, – deyə A.Badamov əlavə edib.

Nəzrin Vahid

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir