Siyasət

Deputat: “Prezidentin “sözümüz imzamızdır” ifadəsi siyasi fəaliyyətinin qayəsini təşkil edir” – FOTO

Sharing is caring!


“Prezident İlham Əliyev ümummilli lider Heydər Əliyevin siyasi məktəbinin yetirməsidir. Dövlət başçısı 2003-cü ildən bəri onun siyasi kursunu uğurla yerinə yetirir”.

Bunu Oxu.Az-a açıqlamasında Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Aydın Mirzəzadə bildirib.

Onun sözlərinə görə, bu müddət ərzində İlham Əliyev daim Azərbaycan xalqı qarşısında görəcəyi işlər və atdığı addımlar barədə geniş məlumatlar verib:

“Hər prezident seçkisindən sonra o, ölkənin qarşısında duran problemlər və həlli ilə bağlı çıxış edir. Nəticədə Prezidentin vədlərini yerinə yetirdiyinin şahidi oluruq. Biz 2003-cü ildən onun andiçmə mərasimində “Hər bir azərbaycanlının prezidenti olacağam” dediyinin şahidiyik. Prezidentimiz siyasi baxışlarından, hansı işdə çalışmasından asılı olmayaraq, hər bir vətəndaşın hüquqlarının qorunması və həyatının daha yaxşı olması üçün çalışır.

O, 20 il əvvəlki andiçmə mərasimində 2008-ci ilə kimi bir çadır şəhərciyinin qalmayacağını, ordu quruculuğunun böyük vüsət alacağını, Qarabağ probleminin həllində diplomatik yolla yanaşı, hərbi yolun da mümkün olacağını bildirmişdi. Ondan sonrakı seçkilərdə Azərbaycanın daim milli maraqlarının qorunması məsələsini özünün əsas prinsipi olduğunu bəyan edib.

Biz bunu dövlət başçısının fəaliyyətində gördük. 20 il ərzində Azərbaycanın büdcəsi 20 dəfəyə qədər artdı. Ümumi daxili məhsulun həcmi çoxaldı. Eyni zamanda, 2,2 milyon iş yeri yaradıldı və orta əməkhaqqı artdı”.

Deputat əlavə edib ki, İlham Əliyevin sayəsində Azərbaycan daha demokratik, insan hüquqlarının yüksək səviyyədə qorunduğu ölkəyə çevrilib:

“Azərbaycan iqtisadiyyatının qeyri-neft sektorunun artması üçün maksimum addımlar atıldı və nəticəsini görürük. Regionların sosial-iqtisadi inkişafı prioritet məsələlər kimi həyata keçirildi.

Prezident torpaqlarımız işğal altında olan zaman keçirilən bütün görüşlərdə problemin dinc yolla həlli üçün səy göstərdi. Bu, mümkün olmadığı üçün Vətən müharibəsindən sona antiterror tədbirləri ilə ərazi bütövlüyü təmin edildi. Andiçmə mərasimində İlham Əliyevin: “Xankəndidə verdiyim səs, o qutuya atdığım bülleten, sadəcə olaraq, bülleten deyildi. Bu, erməni separatçılarının tabutuna vurulan son mismar idi”, – kimi fikirləri tarix kitablarına düşəcək.

İlham Əliyevin çıxışında Azərbaycanın suverenliyinin qorunması, Silahlı Qüvvələrinin qüdrətinin daim artırılması, ailə institutunun möhkəmlənməsi və beynəlxalq birlikdə Azərbaycanın türk dövlətləri ilə əməkdaşlığının genişlənməsi məsələsi də öz əksini tapdı. Prezidentin “sözümüz imzamızdır” ifadəsi siyasi fəaliyyətinin qayəsini təşkil edir. Hər bir azərbaycanlı inanır ki, İlham Əliyev bundan sonra da ölkə maraqlarını yüksək səviyyədə qoruyacaq”.

Qeyd edək ki, 2024-cü il fevralın 7-də növbədənkənar Azərbaycan Respublikası prezidenti seçkisi zamanı xalqın səsinin və etibarının mütləq çoxluğu ilə (92,12 faiz) İlham Əliyev yenidən dövlət başçısı seçilib.

İlhamə Əbülfət

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir