Siyasət

Kirill Zadov: “Azərbaycan Yaxın Şərq münaqişəsindən kənarda qalacaq” – ABŞ-dən MÜSAHİBƏ

Sharing is caring!


Dünya ekspert birliyi növbəti dəfə planetdə artıq alovlanan və ya tezliklə alovlana biləcək çoxsaylı münaqişələrdən birində nüvə silahından istifadə imkanlarının aktiv müzakirəsinə başlayıb. Bu ehtimalı hətta süni intellektin istifadəsi ilə müxtəlif münaqişə vəziyyətlərinin hərbi simulyasiyaları da təsdiqləyir.

Araşdırmalar göstərib ki, süni intellekt nüvə silahından istifadə etməyə meyillidir. Bundan əlavə, “Qiyamət saatı layihəsi”ni aparan Çikaqo Universitetinin “Atom alimləri bülleteni”nin təhlükəsizlik və elm şurasının alimləri dünyanı qlobal fəlakətə sürükləyən uğursuz tendensiyalar səbəbi ilə simvolik “qiyamət saatı”nın əqrəblərini “nüvə gecəyarısı”ndan 90 saniyə əvvəldə dayandırıblar.

Ekspertlər bildirirlər ki, İran tezliklə nüvə bombaları əldə edə bilər, Varşava ABŞ-nin Polşada kütləvi qırğın silahlarını yerləşdirməsini istəyir, ABŞ-nin özü də nüvə silahını Britaniya ərazisində yerləşdirməyi planlaşdırır (o, 2008-ci ildə çıxardılıb).

Nüvə silahından istifadə təhlükəsi nə dərəcədə realdır? Oxu.Az bu sualı ABŞ-li politoloq, “Radio RUSA”nın icmalçısı Kirill Zadova ünvanlayıb:

– Düşünmürəm ki, bu cür söhbətlər real təhlükədən xəbər verir. Başlayaq İrandan, ola bilsin ki, iki həftə ərzində “naqil qutusu”nu istehsal etməyə hazır olsun. Amma bu o demək deyil ki, İran bu “qutu”nu sınaqdan keçirəcək.

Bir neçə mərhələ var: Əvvəlcə “naqil qutusu” lazımdır. İkincisi, bir ildən sonra bomba peyda olacaq. Üçüncüsü, daha bir ildən sonra bomba əsasında döyüş başlığı yaradılacaq. Bütün bu mərhələlərdə ölkə kənardan hücuma məruz qalır, lakin cavab verə bilmir. Əgər İran İslam Respublikası (İİR) buna baxmayaraq, bomba hazırlamaq qərarına gəlsə və sınaq keçirsə, onu gizlətmək mümkün olmayacaq. Bundan sonra İran həm ənənəvi, həm də qeyri-ənənəvi zərbələrə qarşı həssas olacaq. Özü isə daha iki il qeyri-ənənəvi zərbə ilə cavab verə bilməyəcək.

Klassik bir nümunə götürək – Şimali Koreya. Onlar 2004-cü ildə ilk yeraltı nüvə partlayışını həyata keçirdilər və yalnız iki-üç ildən sonra nüvə zərbəsi vurmaq imkanını qazandılar.

Bu gün İrana nüvə silahı istehsal edə biləcəyini göstərmək faydalıdır, amma əslində, buna ehtiyac yoxdur, çünki sınaqlardan sonra İran çox həssas olacaq.

– Bəs niyə Şimali Koreyada uğurlu oldu, amma İranda alınmaya bilər?

– Məsələ burasındadır ki, Şimali Koreyada nüvə silahının istehsalı və sınaqları zamanı ABŞ iki hərbi münaqişədə – Əfqanıstan və İraqda iştirak edib. ABŞ-nin hərbi doktrinasına görə, Birləşmiş Ştatlar eyni vaxtda ikidən artıq hərbi münaqişədə iştirak edə bilməz. Prezident Corc Buş (kiçik – red.) Şimali Koreyaya dərhal qabaqlayıcı zərbə endirə bilməyəcəyi vəziyyətə düşdü. Bu gün İranda belə bir konyunktur yoxdur. ABŞ bölgəyə iki təyyarədaşıyan qrup göndərib, İranın proksi qüvvələrinə zərbələr endirilir və ola bilsin ki, müəyyən mərhələdə İran ərazisinə də zərbələr endirilsin.

Nüvə silahlarının istifadə oluna biləcəyi yeganə məkan indi başqa yerdədir. Mən Şərqi Avropanı nəzərdə tuturam. Birdən Moskva hiss etsə ki, şərti qələbə üçün heç bir imkan yoxdur, Ukrayna Kremlin nöqteyi-nəzərindən düşmən hərbi blokunun tramplininə çevrilə bilər və bu, ciddi təhlükə kimi qəbul edilərsə, o zaman bu cür silahlardan istifadə edə bilər. Ancaq bu, qiyamət günü mənzərəsini yaratmayacaq, çünki nəzəri olaraq yerli taktiki nüvə silahlarından istifadə edilə bilər. Bu isə dünya müharibəsinin başlamasına səbəb ola bilməz.

– ABŞ yenidən Böyük Britaniyada nüvə silahı yerləşdirir, Qazaxıstanın sabiq prezidenti Nursultan Nazarbayev bəyan edir ki, dünya nüvə fəlakətinin astanasındadır. Bu yaxınlarda isə məşhur rusiyalı ekspert, “Ali İqtisad Məktəbi” Milli Araşdırma Universitetinin professoru Dmitri Trenin mənimlə söhbətində nüvə silahının Avropada (bu, Ukrayna olmaya da bilər) tətbiqini nəzəri cəhətdən istisna etmədi.

– Avropada nüvə silahından istifadə ehtimalı NATO ilə Rusiya arasında birbaşa münaqişə olacağı təqdirdə mümkündür, amma mən bu variantı istisna edərdim. Əgər Böyük Britaniya və ya Fransa imzalamış olduqları və ya imzalamağa hazırlaşdıqları (Kiyevlə – red.) təhlükəsizlik müqavilələrinə əsasən Ukraynanı hərbi güclə dəstəkləməyə çalışsalar, o zaman Avropada müharibə başlaya bilər və istənilən halda bu, birbaşa münaqişəyə çevriləcək. Rusiya və ABŞ arasında. Beləliklə, bu, mümkün deyil.

– Yaxın Şərqdə vəziyyətin kəskinləşməsindən daha ətraflı danışaq. İranyönümlü proksi qüvvələrin ABŞ və Qərbin obyektlərinə hücumları və ABŞ-nin cavab zərbələri böyük müharibəyə çevrilə bilərmi?

– Əlbəttə. Bu, çox güman ki, hətta altı ay ərzində baş verəcək. Mən ABŞ və İran arasında gərginliyin azaldılması mexanizmini görmürəm, sadəcə olaraq, gərginliyin artması, münasibətlərin davamlı şəkildə korlanması müşahidə olunur. Bu isə ABŞ və İran arasında birbaşa hərbi toqquşmaya aparır. Vaşinqtonda administrasiya nə qədər zəif olsa, bu müharibə bir o qədər tez baş verə bilər.

– Co Baydenin rəhbərlik etdiyi hazırkı administrasiyanı nəzərdə tutursunuz? O, zəifdir?

– Əlbəttə.

– Alternativ nədir? Donald Tramp gəlsə, daha güclü olacaqmı?

– Şübhəsiz ki. İsrail ərazisinin ilk dəfə atəşə tutulmasından və dünya gəmiçiliyinə hücumlardan sonra o, sadəcə olaraq, Yəmən husilərinə qarşı ağrılı bir əməliyyat keçirərdi. Husi limanlarına, məsələn, Hodeyda və başqalarına hücumlar olacaqdı. Yəməndə cəmi beş milyon husi var, ölkənin qalan əhalisi isə 15-20 milyondur. Husilərin nəzarəti altında olan ərazi ilk növbədə məhv edilməli olan limanlar vasitəsilə təchizat alır. O zaman hətta Yəmən əhalisinin qalan hissəsi, yəni əksəriyyəti husilərə qarşı çıxacaqdı. Güclü ABŞ administrasiyası bunu edərdi. Lakin Bayden administrasiyası ilə bağlı vəziyyət belə deyil.

– Yaxın Şərqdə hansı ölkələr böyük müharibəyə cəlb oluna bilər və bu, Azərbaycana təsir edə bilərmi?

– Hər şey Azərbaycanın bu müharibədə hansı rolu oynamaq istəməsindən asılıdır. Amma Bakı neytral olub, münaqişədən uzaq qala bilər. Axı Azərbaycan Respublikasını, məsələn, İsrailin tərəfində müharibəyə girməyə məcbur edən heç bir müqavilə yoxdur. Mənə elə gəlir ki, Azərbaycanın neytral mövqeyi ölkənizin milli maraqlarına uyğun olardı.

Nair Əliyev

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir