Siyasət

Qərbi Azərbaycana qayıdış: Mümkün ssenarilər – VİDEO

Sharing is caring!


Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində növbəti analitik süjet hazırlanıb.

Oxu.Az xəbər verir ki, “Azərbaycan Ermənistanın “denatsifikasiyasını” həyata keçirəcək” adlı süjetdə son günlər Ermənistanda Azərbaycanda fevralın 7-də keçiriləcək prezident seçkisindən sonra rəsmi Bakının Qərbi Azərbaycana qayıdış məsələsini İrəvanın qarşısında əsas tələb kimi qaldıracağının ciddi müzakirə olunduğu bildirilir.

Qeyd olunub ki, Azərbaycanda fevralın 7-də keçiriləcək prezident seçkisi erməniləri təşvişə salıb: “Onlar iddia edirlər ki, prezident seçkisinin növbədənkənar keçirilməsinin məqsədi yeni dövrə güclü şəkildə getmək və əsas diqqəti Qərbi Azərbaycana qayıdış strategiyasına yönəltməkdir. Bu il ABŞ və Rusiyada da prezident seçkisinin keçirilməsi bu ölkələrin diqqətini daxili məsələlərə yönəldə və Azərbaycanın hədəfinə çatmasının önü açıla bilər”.

Süjetdə erməni analitiklər Gevorq Brutens, Vardan Poqosyan, politoloqlar Tiqran Qriqoryan və Suren Zolyanın fikirlərinə yer verilir: “Azərbaycan Prezidenti İlham Əliyev seçkidən öncə yerli telekanallara verdiyi müsahibədə əslində seçkidən sonra atılacaq addımların anonsunu verdi. Burada əsas hədəflərdən biri Zəngəzur dəhlizidir. Azərbaycan AXC xəritələrinə və əsrin əvvəlində 100 min kvadratkilometr olan ərazilərinə iddia edir. Cari dövrdə əsas hədəf isə 8 kəndin qaytarılmasıdır. Ermənistanda yeni Konstitusiyanın qəbul edilməsi tapşırığını da Prezident İlham Əliyev verib. Çünki mövcud Konstitusiya Azərbaycan və Türkiyənin maraqlarına uyğun deyil.

Mümkündür ki, Konstitusiya ilə yanaşı, Ermənistanın müstəqillik bəyannaməsi də yenidən qəbul edilsin. Yeni Konstitusiyanın qəbulu ilə Azərbaycan Ermənistanda “denazifikasiyasını” həyata keçirəcək. Bu, erməni nasizminin və revanşizminin tamamilə ləğv edilməsi deməkdir. Azərbaycan bununla kifayətlənməyəcək və Qərbi Azərbaycan məsələsini əsas tələb kimi irəli sürəcək. Ermənistanın Suriya ssenarisi ilə üzləşə biləcəyi də proqnozlaşdırılır. Ehtimal edilir ki, Azərbaycan və Türkiyə bir hissəsinə, Rusiya bir hissəsinə, İran da bir hissəsinə nəzarət edə bilər”.

Sonda vurğulanıb ki, hər şeyi zaman göstərəcək: “Lakin Azərbaycanda keçiriləcək prezident seçkisindən sonra rəsmi Bakının əsas porioritetinin haqlı tələbləri çərçivəsində Ermənistanla sülh sazişi imzalamaq olacağı gözləntisi böyükdür. Təbii ki, bu tələblərdə Qərbi Azərbaycana qayıdış məsələsi də “qırmızı xətt” olaraq keçir”.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, – fikrini əsas tutaraq Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasından irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.

Ətraflı Baku TV-nin süjetində:

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir