Siyasət

“Azərbaycan ssenarisinin” arxasındakı fırtına – TƏHLİL

Sharing is caring!


Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayənsədi Jozep Borrelin Azərbaycan əleyhinə əzələlərini şişirtmək cəhdinin bir neçə səbəbi var.

Öncəliklə, Borrel üçün tarixi faktların və Azərbaycan ərazilərindəki demoqrafik vəziyyətə dair gerçək rəqəmlərin əhəmiyyəti yoxdur.

Buna görədir ki, o, Qarabağdan köçən ermənilərin sayını şişirdir və köç prosesini az qala “etnik təmizləmə” kimi şərh edir.

Borrel yeni bir ifadə işlətməsə də, onun hansı hadisə və ya bəyanatlardan sonra səsini qaldırması diqqətə alınmalıdır.

Birincisi, Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına verdiyi müsahibədə Ermənistanın Zəngəzur dəhlizinin diplomatik-siyasi yolla açılmasına razılıq verməyəcəyi təqdirdə Bakının ata biləcəyi məcburi addımlardan bəhs etmişdi.

Bu bəyanat Ermənistanda və Qərbdə ciddi narahatlıq yaradıb və Borrel narahat olan qüvvələrin ümumiləşmiş obrazı qismində çıxış edir.

Buna görədir ki, o, Qərbdə hakim olan “Ermənistana qarşı ərazi iddiaları” təbliğat materiallarını qabardıb və Əliyevin dediklərinin narahatlıq doğurdunu bildirib.

İkincisi, Borrel hər vəchlə Avropa İttifaqındakı Azərbaycan-Ermənistan normallaşma prosesinə neytral moderatorluq qismində yanaşan dairələrin səylərini puça çıxarmaq gündəliyi ilə hərəkət edir. Onun bu təlimatı aldığı ünvan Fransa laboratoriyasında hazırlanan gündəliklə eynilik təşkil edir.

Bu iki məqam Avropa İttifaqındakı qüvvələrin Azərbaycan-Ermənistan sülh proqramının həcmini Bakının əleyhinə sıxaraq iynə dəliyindən keçirmək cəhdlərini bildirir.

Bu, Azərbaycanın müəyyən ssenari üzrə Avropa təsisatlarında sıxışdırılması ilə paralel proses kimi gündəmin ağırlıq mərkəzinə gətirilir. Belə ki, Azərbaycanın AŞPA-dakı faəliyyətinin məhdudlaşdırılmasına dair təşəbbüslər Bakıya qarşı total diplomatik-siyasi hücumun çərçivələrində yer tutur.

Belə hərəkətlər Avropa İttifaqındakı bəzi dairələrin Azərbaycan-Ermənistan münasibətlərinin ədalətli yoluna qoyulmasında maraqlı olmadığını göstərən indikatordur. Ancaq nəticə yenə də ümumilikdə Avropa İttifaqının ayağına yazılır.

“Azərbaycan ssenarisinin” arxasındakı fırtına Fransa tərəfindən törədilir və zamanla Bakının İrəvanla razılaşma kanallarında Parismərkəzli platforma yaratmaq cəhdlərinə işarə edir.

Avropa İttifaqı radikal və sülh prosesinə zərbə vuran dağıdıcılıq fəaliyyətini davam etdirsə, Bakının adekvat təşəbbüsü ilə qarşılaşa bilər.

Belə ki, Azərbaycan Ermənistanla münasibətlərin nizamlanmasında Avropa İttifaqının qeyri-adekvatlığını nəzərə alıb onun sülh proqramında səlahiyyət qazanmaması üçün təsirlərini gücləndirən alətləri işə salacaq.

Aqşin Kərimov

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir