Siyasət

“Fransa Senatının Azərbaycana qarşı qəbul etdiyi qətnamə kağız parçasıdır” – RƏY + FOTO

Sharing is caring!


Milli Məclisin deputatı Azər Badamov Fransa Senatının Azərbaycana qarşı qəbul etdiyi qətnamənin öz divarlarından kənara çıxmayacağını bildirib.

O, “Report”a açıqlamasında deyib ki, Fransa dövləti ermənilərin əlində alətə çevrilib:

“Ona görə də, ermənilərin xoşuna gəlmək üçün ermənidən çox ermənilik edərək Azərbaycana qarşı qətnamələr qəbul edir, qərəzli fikirlər söyləyir, Natəvanın abidəsinə qaşı vandallıq edir. Öz tarixi müstəmləkəçilik, qırğınlar, insanların istismarı və islamofob siyasəti ilə zəngin olan bu dövlətin Azərbaycanla bağlı hər hansı bir qətnamə qəbul etməyə ümumiyyətlə haqqı yoxdur. Fransa Senatı əvvəllər də Azərbaycana qarşı qərəzli qətnamələr qəbul edib. Amma onların qəbul etdikləri qətnamələr bizim üçün lazımsız bir kağız parçasından başqa bir şey olmayıb. Çünki bu dövlətin başında dayananlar ciddi şəxslər deyillər. O cümlədən onların qəbul etdikləri kağız parçaları da ancaq elə Senatın divarları arasından kənara çıxmayacaq”.

A.Badamov xatırladıb ki, qətnamədə “Ermənistan Respublikasının ərazi bütövlüyü” həmçinin Ermənistana müdafiə qabiliyyətini artırması, ərazi bütövlüyünə qarşı təhdidlərin qarşısını ala bilməsi üçün zəruri vasitələr, o cümlədən hərbi dəstək verilməsinə çağırır:

“Bu gün Ermənistan Azərbaycanın 8 kəndini işğal altında saxlayır. Azərbaycan Ordusu isə şərti sərhəd hesab olunan ərazidə möhkəmlənib. Əgər Fransa Azərbaycan Ordusunun Ermənistan ərazisində olduğunu hesab edirsə, bunu müəyyənləşdirmək üçün çətinlik yoxdur. Bunun üçün Cenevrədə arxivdə saxlanılan Azərbaycan Xalq Cümhuriyyətinin və Ermənistanın sovetlər tərkibinə daxil olduğu vaxtda hansı ərazilərə malik olmasını göstərən xəritələri açıb yaxşı baxsınlar. Keçmiş müttəfiq respublikalar sovetlərin tərkibinə hansı ərazilərlə daxil olublarsa, sovetlər dağılandan sonra da həmin ərazilərlə ayrılmalıdırlar”.

Milli Məclisin deputatı vurğulayıb ki, qətnaməni hazırlayan senatorlar Azərbaycanın ötən il sentyabrın 19-20-də Qarabağda həyata keçirdiyi hərbi əməliyyatın “humanitar faciə və əsl etnik təmizləmə” ilə nəticələndiyini, Azərbaycanın Qarabağda erməni mədəni irsini məhv etməyə çalışdığını qeyd edirlər:

“Fransa senatorları yaxşı bilirlər ki, Qarabağdan çıxan ermənilərə qarşı heç bir etnik təmizlənmə aparılmayıb. Onlar könüllü şəkildə ərazilərimizi tərk ediblər və Azərbaycanın vətəndaşlığını qəbul edib yaşamaq təkliflərinə məhəl qoymadan gediblər. O cümlədən BMT missiyası iki dəfə Qarabağa səfər edərək etnik təmizləmə ilə bağlı hər hansı bir faktın müəyyən olunmadığını qeyd edib. Əsl etnik təmizləmə isə 1988-ci ildə Ermənistanda yaşayan 300 min azərbaycanlıya qarşı törədilib. Onlar güc yolu ilə öz ata yurdlarından deportasiya olunublar. Eyni zamanda ötən əsrin 90-cı illərinin əvvəllərində Qarabağ torpaqlarını işğal edərkən dinc insanlara qarşı soyqırımılar törədən, onların milli-mədəni, dini dəyərlərini məhv edərək təhqir edən Ermənistan olub. Azərbaycanlılara qarşı bu soyqırımılar və etnik təmizləmələr həyata keçiriləndə fransızların gözləri kor idi, görmürdülər? Bu gün Qərbi Azərbaycanda, İrəvanda azərbaycanlılara məxsus mədəni irsin məhv edilməsi və tarixin saxtalaşdırılmasını fransalı senatorlar görmürlər? Təbii ki, hər şeyi görürlər, sadəcə onlar müsəlmanları əzməyə öyrəşiblər. Amma Azərbaycanı digərləri ilə eyniləşdirməsinlər. Bu gün Azərbaycan dövləti öz ədalətli mövqeyini müdafiə edə bilən ölkədir və ölkəmizə qarşı həyata keçirilən hər bir təxribata ciddi cavabımız olacaq”.

A.Badamov qeyd edib ki, Fransa Senatının yanvarın 17-si Azərbaycanın ötən ilin sentyabr ayında Qarabağda keçirdiyi əməliyyatı pisləyən, Azərbaycan rəsmilərinə qarşı Avropa İttifaqı səviyyəsində sanksiyalara çağıran qətnamə layihəsini səsverməyə çıxaracağı gözlənilir:

“Fransanın bu addımı da ondan əvvəlki hərəkətləri kimi iflasa uğrayacaq. Fransa bundan əvvəl də 5 dəfə BMT TŞ-də Azərbaycana qarşı qətnamələr qəbul edilməsi ilə bağlı məsələni gündəliyə çıxarmışdı. Amma hər dəfə biabırcasına məsələni geri çəkməyə məcbur olmuşdu. Ona görə də Avropa İttifaqına çıxarılacaq məsələ də ayaq tutub yeriməyəcək. Bu gün Avropa İttifaqına daxil olan 9 ölkə ilə Azərbaycanın ikitərəfli strateji əməkdaşlıq haqqında müqavilələri var. O cümlədən Azərbaycan qazı Avropa İttifaqının enerji təhlükəsizliyinin təminatında həyati rol oynayır. Bu baxımdan Fransanın Azərbaycana qarşı olan çirkin niyyətləri onların yalnız öz ürəklərində qalacaq. Fransa Senatı özlərinin qəbul etdikləri kağız parçalarının dəyərsiz olduğunu özləri də bilirlər. Bu, sadəcə onların Azərbaycana qarşı qərəzinin və düşmənçiliyinin ifadəsinin bir forması olduğunu hesab edirəm. Fransa Senatı Azərbaycanla bir məsələni müzakirə edəndə sadəcə çevrilib öz keçmişinə baxsın və sonra qətnamələr qəbul etsin”.

Qeyd edək ki, Fransa Senatı hökumətin Azərbaycana qarşı sanksiya tətbiq etməsi üçün qətnamə qəbul edib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir