Siyasət

İlham Əliyevin bəyanatları üç “cəbhədə” – TƏHLİL

Sharing is caring!


Prezident İlham Əliyev yerli telekanallara müsahibəsində Azərbaycanın dövlət olaraq xarici və daxili idarəetmədəki yeniliklər konsepsiyasını əhatə edən zəngin tezisləri gündəmə gətirdi.

Bu, Azərbaycanın strateji müdafiə qabiliyyətini zəiflətmək üçün ona qarşı kəskin mövqedə duran rəqiblərlə mübarizə aparmaq imkanlarını nəzərdə tutan məqamlara aydınlıq gətirir.

Prezident regionda mövcud reallıqlardan narazı qalan iddialı gündəliklərin mahiyyətini açdı, regional təhlükəsizliklə risklər arasındakı sərhəd nişanlarını göstərdi.

Konseptual şəkildə yanaşdığımız bu hissələri ayrıca bəndlərlə izah etməyə çalışaq.

Azərbaycan-Ermənistan münasibətləri

Prezident Azərbaycanın Ermənistan üzərində şərtləri fonunda getdikcə daha çox təsəvvür ediləbilən sülh gündəliyinin məğzini və Bakının prinsipial perspektiv strateji çərçivələrini göstərdi.

Ermənistanın işğalı altında olan Azərbaycanın səkkiz kəndinin geri qaytarılması, sərhədlərin delimitasiyası konteksti və sülh müqaviləsinin konturları Bakı-İrəvan münasibətlərinin gələcəyinin necəliyi barədə mümkün variantları nəzərdən keçirir.

Əliyev prinsipial olaraq bildirir ki, Ermənistanla sərhədlərin delimitasiyası məsələsi ilə sülh müqaviləsinin imzalanması prosesi iki ayrı mərhələ kimi qalmalıdır və İrəvan konstruktiv mövqeyə köklənməlidir.

Əks təqdirdə, Azərbaycanın artan hərbi imkanları mövqeyinin yekuna çatması məramı üçün meydana çıxacaq və İrəvan depressiv vəziyyətdə olacaq.

İlham Əliyev bu məsələni üç məsələyə nisbətdə daha aydın ifadə etdi:

– Zəngəzur dəhlizi Bakının maraqları nəzərə alınaraq Azərbaycan vətəndaşları, yükləri, nəqliyyat vasitələrinin quru yolla Naxçıvana keçidi üçün “Azərbaycandan-Azərbaycana yoxlanış olmadan” prinsipi ilə reallaşmalıdır. Bu nöqtədə “Azərbaycandan-Azərbaycana” marşrutunun nəhəng strateji maraqlar kontekstindəki mənası da qeyd edilə bilər;

– Bu qeydlərin narrativləri Azərbaycan-Ermənistan münasibətlərindəki delimitasiya mübahisələrinin həlli müstəvisində gündəmə gəlir. Belə ki, Ermənistan sərhədlərin delimitasiyasında Azərbaycanın strateji iradəsinin ziddinə qarşı şəkilləndirmə ideyalarına üstünlük versə, daha geniş bir təzyiq dalğası ilə üzləşəcək. Bu, delimitasiya üzrə kritik məqamları açıqlayır və sərhəd müəyyənləşməsinin hansı xəritələr üzərində aparılacağını dəqiqləşdirən nüansları diqqətə çatdırır. Bu məsələ Əliyevin tarixi faktlar olan Ermənistana torpaq bəxşişləri, o cümlədən İrəvanın verilməsi ilə əlaqədar xatırlatmalar etməsinin işığında aydınlaşır;

– Ermənistanın revanşist kimliyini geri qaytarmaq cəhdlərinə qarşı Azərbaycan preventiv müdafiə zərurətlərindən irəli gələn tədbirlər həyata keçirəcək – təbii ki, real təhdid və təhlükə olarsa.

Prezident Ermənistanın arxasında duran əsas obrazı açıqladı və Fransanın üzərinə xeyli vurğular etdi.

Əgər Ermənistan şirnikləndirmələrə aldanıb təhdidlərini region üfüqlərinin rəngini tündləşdirən səviyyəyə çatdırmağa çalışsa, Azərbaycan birtərəfli qaydada bölgənin strateji cizgilərini yeni fazaya çıxaracaq.

10 Noyabr Bəyanatı

Prezidentin müsahibə zamanı İkinci Qarabağ müharibəsini yekunlaşdıran 10 noyabr tarixinə “10 noyabr hadisəsi də bir dövr idi” deməsi iki məqamı açıqlayır.

– Əliyev çıxışı zamanı feilin keçmiş zamanından istifadə etdi. Bu, müharibəni bitirən 10 Noyabr Bəyanatının bir çox müddəasının Azərbaycan tərəfindən icra edilməsi fonunda onların qüvvədən düşməsini təsvir edir;

– Qarabağa yerləşdirilən Rusiya sülhməramlı kontingentinin regionda fəaliyyəti üçün əsaslar qalmır, çünki nə münaqişə, nə hərbi insidentlər, nə də separatçılıq mövcuddur;

– Rusiya ilə sülhməramlıların çıxarılmasını özündə ehtiva edən cədvəlin hazırlanması üçün müzakirələr başlanıla bilər.

Növbədənkənar prezident seçkisi

İlham Əliyev növbədənkənar prezident seçkisinin Azərbaycanın suverenliyini bərpa etməsindən sonraya təsadüf etməsinin sirrini açarkən vacib bir məqama toxundu.

Prezidentin “gələcək inkişafla bağlı, əlbəttə ki, mənim fikirlərim var və bir çox hallarda onlar həlledici olacaq, təbii ki” deməsi növbədənkənar seçkidən sonrakı istiqamətləri müəyyən etməyə imkan verir. Bu, Azərbaycanın xarici siyasət cinahlarındakı mövqelərinin möhkəmləndirilməsini və bunun təşviqi üçün daxili siyasətdəki mümkün dəyişikliklər sferasını əhatə edir.

Azərbaycanın strateji müttəfiqi Türkiyə ilə münasibətlərdə növbəti səhifələri vərəqləyərək regiondakı ambisiyaları zəiflətmək planları onun böyük strateji muxtariyyətə yiyələnməsini təyin edən faktora çevriləcək.

Daxili idarəetmədəki dəyişiklik modeli ilə bağlı məsələyə gəlincə, Azərbaycanın dövlət kuluarlarında müvafiq planların olduğuna şübhə yeri qalmır.

Çünki seçkidən sonra Azərbaycan regiondakı çəkindirmə qabiliyyətini artırmaq üçün daxili siyasi konyunktura həm hüquqi, həm də regional reallıqların tələb etdiyi çərçivədə format verə bilər.

NƏTİCƏ

Göründüyü kimi, Əliyev Ermənistanla münasibətlər zəminində sülh, bu olmazsa, güc tətbiq etmək gündəliyi ilə çəkindirmə bacarıqlarını təkmilləşdirəcəyini bəyan edir.

Yeni reallıqların nəzdində ən üstün səviyyədə uğurlu siyasi kursu saxlamaq üçün növbədənkənar prezident seçkisi aktuallıq kəsb edir.

Aqşin Kərimov

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir