Siyasət

ABŞ vasitəçilikdə səmimidirsə, əməli addımlar atmalı, Azərbaycanın maraqlarını nəzərə almalıdır – ŞƏRH + FOTO

Sharing is caring!


2020-ci il İkinci Qarabağ müharibəsi və 2023-cü ilin sentyabrında birgünlük antiterror tədbirlərindən sonra Cənubi Qafqazda sülh və sabitliyin təmin olunması üçün tarixi fürsət yarandı. Hazırda rəsmi Bakının prioriteti regionda sülhün təmin olunmasıdır. Bu, Azərbaycanın xarici siyasət kursunun əsas istiqamətini təşkil edir.

Bölgədə ehtimal olunan sülh təkcə Ermənistan və Azərbaycanın deyil, həm də beynəlxalq aktorların, o cümlədən vasitəçilik iddiasında olanların gündəliyindədir. Bu isə təsadüfi deyil. Çünki uzun illər Cənubi Qafqaza yağlı tikə kimi baxan oyunçuların hər birinin bölgə ilə bağlı öz maraqları var. Etiraf etmək lazımdır ki, bu maraqların heç də hamısı saf, səmimi deyil.

Bu gün Cənubi Qafqazdakı proseslərdə maraqlı olan əsas dövlətlərdən biri də məhz ABŞ-dir. Rəsmi Vaşinqton Ermənistandakı səfirliyi vasitəsilə yanvarın 9-da bildirib ki, Cənubi Qafqazda sülhə nail olmaq üçün səyləri dəstəkləyəcək. Bu bəyanat ABŞ-nin Qafqaz danışıqları üzrə baş müşaviri Lui Bononun İrəvana səfərindən dərhal sonra verilib. Bu, əlbəttə, təsadüfi deyil. Ağ Ev sülhlə bağlı verilən müntəzəm açıqlamalarla bir növ “oyunun içində” olduğunu göstərməyə çalışır.

Məsələ burasındadır ki, Azərbaycan ərazi bütövlüyünü təmin etdikdən sonra sülh qaçılmaz perspektivə çevrildi. Belə ki, bu vaxtadək sülhə mane olan əsas amil məhz torpaqlarımızın işğal altında olması idi. Amma daha belə bir problem yoxdur. Üstəgəl, Ermənistanın hərbi-siyasi hakimiyyəti də artıq sülhdə maraqlı olduğunu deyir. Sözsüz ki, bu, Azərbaycanın “dəmir yumruğu” nəticəsində mümkün olub.

Qeyd etdiyimiz kimi, vasitəçilik iddiasında olan dövlətlərdən hər birinin regionla bağlı öz maraqları var. Onların əsas ambisiyaları bölgədəki təsir imkanlarını bu və ya digər formada qorumaq, hətta mümkünsə, artırmaqdır. Bu, əslində, başadüşüləndir. Müasir konfliktologiyaya görə də, istənilən vasitəçi ilk növbədə öz maraqlarını düşünür.

Son zamanlar beynəlxalq aktorların sülh məsələsi ilə bağlı xüsusi fəallıq göstərmələri heç də təsadüfi deyil. Çünki onlar başa düşürlər ki, sülh üçün artıq real imkan yaranıb. Anlayırlar ki, daha bu prosesin qarşısını almaq mümkün deyil. Azərbaycan istənilən halda regional maraqlarını təmin edəcək. Belə bir şəraitdə də üçüncü tərəflər sülh prosesində iştirakçı olmaq istəyirlər.

Əlbəttə, Vaşinqtonun səmimiliyinə arxayınlaşmaq doğru olmaz. Ən azından, ona görə ki, bu dövlət uzun illər ATƏT-in keçmiş Minsk qrupunun həmsədri kimi heç bir iş görməyib, sülhə töhfə verməyib, əksinə, prosesin uzanmasına çalışıb. Vaşinqton ayrı-ayrı vaxtlarda İrəvanın başının altına yastıq qoyub. Xatırlatmaq yerinə düşər ki, 2023-cü ilin noyabr ayında ABŞ Senatı erməniləri müdafiə aktı ilə bağlı bəyanat qəbul edib. ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi vəzifəsini icra edən Yuri Kim isə ötən ilin sentyabrında söyləmişdi ki, “ABŞ “Dağlıq Qarabağ”ın (belə bir inzibati vahid yoxdur – red.) erməni əhalisinə qarşı “etnik təmizləmə” və ya digər “vəhşiliklər” törətmək üçün qısa və ya uzunmüddətli heç bir hərəkətə və ya səyə dözməyəcək. Belə hallar çox olub. ABŞ müxtəlif vaxtlarda, fərqli səviyyələrdə Azərbaycana qarşı qərəzli mövqe ortaya qoyub.

Bütün bunların fonunda Azərbaycan ABŞ-nin səmimiliyinə ümid edə bilməz. Vaşinqton səmimi olduğunu əməli ilə sübut etməli, Bakını buna inandırmağa çalışmalıdır. Bunun üçün isə əməli addımlara ehtiyac var. Ağ Ev Azərbaycanın maraqlarını və reallıqları nəzərə almalıdır. Bunun üçün isə məsələn, minalı ərazilərin xəritəsinin Azərbaycana verilməsi ilə bağlı Ermənistana təzyiq göstərilməli, sərhədlərin delimitasiya və demarkasiyasına müsbət töhfə verilməlidir. Eyni zamanda, Ermənistan silahlandırılmamalı, təxribatçı hərəkətlərdən, iddialardan çəkindirilməlidir. Bax onda nəticə əldə etmək olar. Mümkündür ki, ABŞ-nin həm də regionla bağlı iqtisadi maraqları var. Üstəgəl, ola bilsin, Vaşinqton Moskvanın Cənubi Qafqazdakı təsir imkanlarını azaltmaq istəyir. Lakin Vaşinqton nəzərə almalıdır ki, Bakının maraqları nəzərə alınmadan bu məqsədlərə nail olmaq mümkün deyil.

Bundan sonra Bakı ilə İrəvan arasında ikitərəfli təmaslara üstünlük verilməlidir. İstənilən üçüncü qüvvənin, o cümlədən ABŞ-nin proseslərə təsir imkanı minimum olmalıdır. Çünki dediyimiz kimi, istənilən üçüncü güc öz maraqları barədə düşünür. Bu isə bölgədəki xaosu daha da artıra bilər.

Beləliklə, ABŞ-nin proseslərdə hansı rol oynaması daha çox bu dövlətin öz ritorikasından, gələcək addımlarından asılıdır. Təcrübə göstərir ki, Azərbaycan üçün hansısa dövlətin vasitəçiliyi həlledici və taleyüklü məsələ deyil. Bakı istənilən halda öz maraqlarını təmin etməyə qadirdir. Vaşinqtonun müsbət və səmimi vasitəçilik cəhdləri isə yalnız ikitərəfli münasibətlərin inkişafına töhfə verə bilər. Bu da ABŞ üçün əhəmiyyətlidir.

“Report” İnformasiya Agentliyi

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir