Siyasət

İrqçi, antisemit Paris: ABŞ Fransadan yəhudilərin kütləvi köçünə göz yumur – ŞƏRH + FOTO

Sharing is caring!


Amerika Birləşmiş Ştatları (ABŞ) müstəqil xarici siyasət yürüdən dövlətləri hədəfə almaq strategiyasından əl çəkmir. Rəsmi Vaşinqtonun Azərbaycanı “dini etiqad azadlığının ciddi şəkildə pozulmasına görə xüsusi nəzarət altında olan ölkələr siyahısı”na daxil etməsi də birmənalı olaraq siyasi təzyiq vasitəsindən başqa bir şey deyil. ABŞ-nin Dövlət katibi Antoni Blinkenin məscidləri, kilsələri dağıdan Ermənistanı deyil, Azərbaycanı ittiham etməsi də bu təzyiqin tərkib hissəsidir.

Bu yanaşma da təsadüfi deyil və ABŞ-də noyabrda keçiriləcək prezident seçkisində erməni lobbisinin maliyyəsi və elektoratının səsini qazanmaq hədəf seçilib. Əks təqdirdə, tolerant, multikultural dəyərlərin qorunduğu Azərbaycan gülünc və təəccüb doğuran ittihamlara tuş gəlməzdi. ABŞ üçün əsas məsələ maraqlarının qorunması və təmin edilməsidir. Məsələn, Avropanın bir çox ölkələrində – Danimarka, Fransa, Almaniya, Macarıstan, Böyük Britaniya, Kanada və s. – yaşayan insanların nifrət təzahürləri ilə üzləşməsi faktlarının artmasına toxunmur, əvəzində müstəqil siyasət yürüdən Bakını hədəf seçir.

Digər bir fakt – Ermənistan və Fransa kimi ölkələrdə antisemitizm və faşizm ideyaları tüğyan etdiyi halda, ABŞ hesabatında onların adı da çəkilmir. Məsələn, Yaxın Şərqdə HƏMAS-İsrail müharibəsi başlayandan bəri hər iki ölkədə yəhudilərə qarşı hücumlar artdığı müşahidə olunur. Xüsusilə, Fransada antisemitizm, yəhudilərə və sinaqoqlara hücum artıb, miqrantlara qarşı sərt qanunlar qəbul edilir. Vəziyyət o qədər ciddiləşib ki, yəhudilər kütləvi şəkildə Fransanı tərk edib İsrailə köçürlər. Bu barədə “The Times of Israel” xəbər agentliyi də məlumat yayıb. Məlumatda qeyd olunub ki, Fransanın bir sıra şəhərlərində potensial köçkünlər üçün tədbirlər keçirilib.

“Ölkənin yəhudi icmasının nümayəndələri İsrailə köçməyə başlayıblar. Səbəb də antisemit insidentlərin sayının artmasıdır”, – deyə nəşr yazıb. Və bu fakt da Dövlət Departamentinin hazırladığı illik hesabatda öz əksini tapmayıb. Ölkədəki fransız yəhudilərin nümayəndəsi Freddo Paxter bildirib ki, 17 illik fəaliyyəti müddətində ilk dəfədir ki, Parisin yəhudi icmasının nümayəndələri arasında İsrailə köç etməyə qeyri-adi dərəcədə maraq artıb. Onun sözlərinə görə, nə “Hyper Cacher” supermarketində törədilən terror aktı, nə 2012-ci ildə terrorçu Məhəmməd Merah tərəfindən yeddi fransızın öldürülməsi, nə də 2006-cı ildə İkinci Livan müharibəsi İsrailə repatriasiya üçün müraciətlərin bu qədər artmasına səbəb olmayıb. “Bəziləri mənə deyirlər ki, mezuzanı (içində dua yazılmış perqament olan futlyar – red.) qapılarından yığışdırıblar ki, heç kim onların yəhudi olduğunu təxmin etməsin”, – Paxter vurğulayıb.

Qeyd olunur ki, Fransada 2023-cü il oktyabrın 7-dən noyabrın ortalarına qədər olan müddətdə 1 500-ə qədər antisemit xarakterli insidentlər qeydə alınıb. Bu, 2022-ci ildə baş verən oxşar hadisələrin ümumi sayından üç dəfə çoxdur. Məlumdur ki, ötən ilin dekabr ayı ərzində Paris, Marsel və Lionda bir sıra tədbirlər keçirilib və bu tədbirlər zamanı potensial repatriantlar köçürülmə prosesi ilə bağlı bütün lazımi məlumatları alıblar.

“Kursor” daha əvvəl yazmışdı ki, “New England Patriots” futbol klubunun sahibi Robert Kraft antisemit əhvali-ruhiyyənin sürətlə artmasından narahatlığını ifadə edərək, belə bir tendensiyanın zorakılıq hadisələrinin artması ilə nəticələnə biləcəyini proqnozlaşdırıb.

İsrailə mühacirət etmək istəyənlər üçün məsləhət xidmətləri göstərən Parisdə yerləşən agentliyin direktoru Daniel Benhaimin sözlərinə görə, keçən il rekord sayda vətəndaş – yeddi min Fransa yəhudisi ölkəni tərk edib: “Terror aktlarından sonra məlumat seminarlarımızda iştirak etmək istəyənlərin sayında artım müşahidə etdik. Keçən yay belə idi. Sarselsdəki hadisələri, Paris sinaqoquna hücumları, paytaxtdakı respublika meydanındakı “yəhudilərə ölüm” çağırışlarını yada salın. Təbii ki, bu da təsirsiz ötüşməyib. Biz həmişə baş verənləri Fələstin-İsrail münaqişəsi ilə əlaqələndirə bilərik, lakin məncə, bu gün çoxları bunu bəhanə kimi qəbul edirlər. Bunun arxasında yəhudilərə qarşı nifrət dayanır və bu, demək olar ki, açıq olur. Bəli, yəhudilərə qarşı düşmənçilik ifadəsi daha açıq xarakter alıb və bu, insanları bədbəxt edir”.

Fransa Yəhudi Nümayəndəlikləri və Təşkilatları Şurasının rəhbəri Rocer Tsukerman isə baş verənləri belə şərh edir: “Mən Fransanı tərk etmək istəyən insanların motivlərini tamamilə başa düşürəm. Onların sayı artır və artmaqda davam edəcək”.

Beləliklə, bütün bu qeyd olunanlar faktlara və konkret misallara əsaslanır. Yəni kiminsə gəldiyi qənaət və yaxud şəxsi fikir deyil. Dövlət Departamenti də erməni lobbisinin təsiri altında olan şəxslərin Azərbaycanla bağlı qərəzli, əsassız hesabat hazırlamasından öncə bunları nəzərə alsaydı, yaxşı olardı.

“Report” İnformasiya Agentliyi

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir