Siyasət

Ailə ənənəsinə xilaf çıxmayan Kennedi: Erməni lobbisinin milyonları onun da gözünü tutub – ŞƏRH + FOTO

Sharing is caring!


Dörd ildən-bir yada düşmək, məqsədə çatılandan sonra isə kənara tullanılmaq; erməni lobbisinin onilliklər boyu təyinatı bu olub. Belə bir təyinatdan acınacaqlı, rəzil vəziyyət, etiraf edək ki, ola bilməz. Ancaq erməni lobbisi bunu özünə rəva bilir. Birləşmiş Ştatlarda erməni lobbisinin durumu məhz belədir. Düzdür, yüz ildən artıq bir müddətdə güclü mövqe ortaya qoymağa, təşkilatlanmağa, söz sahibi olmağa müvəffəq olublar. Lakin bu uğur yalnız Ermənistandan kənardadır.

Azərbaycan torpaqlarının otuz illik işğal dövrü və İkinci Qarabağ müharibəsi bunu tam sübuta yetirib. İşğal siyasəti nəticəsində Ermənistan blokada vəziyyətinə düşdü, irimiqyaslı beynəlxalq layihələrdən kənarda qaldı, ölkədən miqrasiya pik həddə çatdı. “Məğlubolmaz imic” eyforiyasına İkinci Qarabağ müharibəsi son qoydu. Minlərlə erməni gənci Qarabağda məhv edildi və ikinci erməni dövlətinin yaradılması, bütövlükdə “Böyük Ermənistan” xülyası puç oldu. Nəticədə Azərbaycan suverenliyini bərpa etdi, erməni separatizminə son qoydu.

Bütün bunlar erməni bədbəxtliyinin səbəbkarı olan lobbiyə maraq və diqqətin azalmasına səbəb olub.

ABŞ-dəkı lobbiyə gəldikdə, bu ölkədə hakimiyyətə gəlməyə çalışan qüvvələr seçkiqabağı vədlərində ermənilərin problemlərini həll edəcəklərini bildirsələr də, məqsədə çatdıqdan sonra hər şeyi unudublar. Düzdür, qondarma erməni soyqırımını tanıyacağı vədini verən Cozef Bayden prezident seçildikdən sonra sözünü tutsa da, bu, heç bir qlobal dəyişikliyə gətirib çıxarmadı. Nə Türkiyə-ABŞ münasibətləri pisləşdi, nə də bundan Ermənistan bir fayda gördü. Əksinə, Ankara ilə İrəvan arasında sərhədlərin açılması gündəmə gəldi. Təsadüfi deyil ki, Ermənistan mediası lobbidən narazılığını ifadə edir. Onun şəxsi mənfəət, öz maraqlarını güddüyünü açıq ifadə edirlər. Ermənistan mediasında da bu istiqamətdə dərc olunan materialların sayı artır. Bunlar belə lobbini geri çəkindirmir, o, çirkin siyasətini davam etdirir.

ABŞ-də keçiriləcək seçkiləri pul qazanmaq vasitəsi kimi nəzərdən keçirən, heç bir şansı olmayan namizədlər üçün də ermənilər göydəndüşmə olub.

2024-cü ilin noyabrda keçiriləcək seçkilərdə iştirak etməyə iddialı namizədlərdən bəziləri özlərini “ermənilərin pozulan hüquqlarının müdafiəçisi” kimi qələmə verməyə başlayıblar. Onlar sərsəm, cəfəng iddialarla çıxış edirlər. Onlardan biri də seçkilərdə qalib gəlmək şansı sıfır olan Kennedi ailəsinin üzvü Robert Kennedidir. Bu şəxs iddia edib ki, qalib gələcəyi təqdirdə dünya ictimaiyyətinin Azərbaycana qarşı sanksiyalarla çıxış etməsinə, eləcə də Qarabağa erməni sakinlərin qayıdışına nail olacaq. Qeyd edək ki, erməni separatizminin müdafiəçisi oktyabr ayında bəyan edib ki, müstəqil şəkildə namizədliyini irəli sürüb. Təmsil etdiyi ailə uzun illər erməni diasporu ilə sıx əməkdaşlıq edib. Düzdür, ABŞ seçkilərində sürprizlər yaşanır, lakin tarixən bu iki partiyanın – demokratlar və respublikaçıların namizədi arasında baş verir. Müstəqil namizədlərin qalib gəlmək şansı olmayıb və şübhəsiz ki, Kennedi də istisna olmayacaq. Cozef Bayden və Donald Tramp kimi nəhənglər olduğu yerdə Kennedinin ortaya atılması, sadəcə boş bir şeydir.

Gələn il keçiriləcək seçkilərdə erməni mövqeyindən çıxış edən namizədlər də az deyil. Məsələn, respublikaçı namizəd Ron Desantis ABŞ-nin xristian erməniləri dəstəkləməli olduğunu, digər namizəd Nikki Heyli Azərbaycana təsir göstərilməsini, bir başqası, hind mənşəli Vivek Ramasvani isə Qarabağdan könüllü çıxan ermənilərlə bağlı “çirkin plan”dan bəhs edib. Seçki prosesinə bir azdan Donald Tramp da qoşulacaq və o da çox güman ki, ermənilərə simpatiyasını çatdıracaq, partiyaya daha çox hayın səs verməsinə çalışacaq. Ola bilsin, bu dəfə bunu daha populist və ekstravaqant formada edəcək. Eyni addımı demokratlardan da gözləmək olar. Onlar da 2024-cü ildə keçiriləcək prezident seçkilərində vahid namizədi müəyyən etmək üçün mübarizəyə start veriblər.

Qeyd edək ki, hazırkı dövrdə erməni diasporunun ən fəal olduğu ölkələrdən biri ABŞ-də təxminən 1 milyon, Fransada isə 750 minə yaxın erməni yaşayır.

Bununla belə, erməni lobbisinin qürubunu yaşadığı, düşdüyü çətin durumdan çıxış yollarını aradığı açıq görünür. Ermənistanda da ona qarşı nifrət pik həddədir. Erməni xalqı artıq anlayır ki, üzləşdiyi səfalətin, bədbəxtliklərin səbəbkarı məhz diaspordur. Firavanlıq, cah-cəlal içində yaşayan lobbi üçün isə Ermənistandakı insanların problemləri yaddır. Lobbinin Kennedi və ona bənzərləri qızışdırıb ortaya atması da təsadüfi deyil. Məsələ ondadır ki, erməni lobbisi hər il dünyaya səpələnən soydaşlarından milyonlarla vəsaiti marafonlar, xeyriyyə tədbirlərində toplayıb, bundan öz mənfəətləri üçün istifadə edib. Qarabağda separatizmə son qoyulduqdan sonra isə bu gəlirdən məhrum olurlar. Son tədbirlərdə toplanan cüzi vəsaitlər də bu qənaəti möhkəmləndirir.

Son söz Ermənistan xalqınındır. Artıq lobbinin əlində oyuncağa çevrilməmək, qonşularla mehriban münasibətlər qurmaq, ərazi iddialarına son qoymaq vaxtıdır. Ötən illərin təcrübəsi də göstərdi ki, məhz bu prinsiplərlə nəyəsə ümid etmək olar.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir