Cəmiyyət

Sakin: “Biz Laçında uşaqlarımızın gələcəyinə inanırıq” – FOTO

Sharing is caring!


“Laçın üçün 30 il həsrət çəkmişik. Düşünürdük ki, bu arzu reallaşmayacaq. Lakin Azərbaycan Prezidenti İlham Əliyevin, şəhidlərin, qazilərin şücaəti ilə torpaqlar işğaldan azad edilib. Hazırda azad edilmiş ərazilərdə irimiqyaslı tikinti-quruculuq işləri aparılır. Laçın günü-gündən abadlaşır, cənnətə çevrilir. Buranın qışı, yazı bir başqa gözəl olur. Dağlar arasında bir inci kimi Laçın işıq saçır”.

Bu fikriləri “Report”a bu il Laçına köçən Elyar Məhərrəmli deyib.

O bildirib ki, işğaldan öncə Laçın şəhərində inzibati binalar istisna olmaqla 2020 fərdi, 29 ümumi yaşayış evi olub. İşğal zamanı 2020 evdən 1500-ü dağıntılara məruz qalıb. Laçın şəhəri azad edildikdən sonra sürətli quruculuq işləri aparılır və artıq çox sayda ailənin köçürülməsi davam edir.

Sakinin sözlərinə görə, Laçın onun uşaqlığının ən gözəl və xoş, qayğısız günləri deməkdir:

“Bura mənim üçün ocaq idi. Uşaq idim, qayğı, qəm, kədər bilmirdim. Səkkiz yaşına qədər yurdumda böyümüşəm. Uşaqlığımın ən gözəl günləri Laçında keçib. Birinci sinifə başlayan uşaq üçün məktəb çox maraqlı idi. Məktəb, sinif yoldaşlarım həyatımın ayrılmaz parçası idi. Yurdumda keçən uşaqlıq illərimin hər gününü xatırlayıram. Bir sözlə, doğmaların, qohumların, qonşuların əhatəsində qayğısız böyüyürdük”.

Doğma torpağından ayrıldığı günü xatırlayan E.Məhərrəmli deyib ki, ermənilərin şəhəri atəşə tutmasından sonra Laçını tərk etmək məcburiyyətində qalıblar:

“Həmin gün valideynlərim Bakıda idi. Mən əmim və əmimin ailəsi ilə birlikdə Laçından çıxdıq. Yurdumuzu tərk edəndə düşünmürdük ki, bu, 30 illik bir ayrılıqdır. Qısa müddət ərzində qayıdacağımıza inanırdıq. Buna görə də evdən heç nə götürmədik. Biz evimizi qoyduq və oranı tərk etdik. Bundan sonra qeyri-müəyyənlik və heç bir vaxt görmədiyim çətinliklər başladı”.

Söhbətə onun həyat yoldaşı qoşulub və bildirib ki, işğal dövründə hər kəs əzab çəkib:

“Köçkünlük dövrü hər kəs üçün ağır idi. Qohumlarımızın çoxu köçkün olub. Onların yaşadıqları çətinliklər qan yaddaşımıza həkk olunub”.

E.Məhərrəmli vurğulayıb ki, ilk olaraq Sumqayıtda məskunlaşıblar:

“Daha sonra Bakıya köçdük. Uşaqlığım Laçında keçib, burada keçən illər çox çətin idi. Valideynlərim həyata sıfırdan başlayıb, özümüzə yenidən həyat qurmağa çalışdıq”.

Uşaq vaxtı Laçından çıxmışdı, indi uşaqları ilə Laçına qayıdıb

Laçının azad edilməsini böyük sevinc hissi ilə qarşıladığını deyən E.Məhərrəmli bildirib ki, bundan sonra xoş günlər başlayıb:

“Yurda dönmək üçün müraciət etmişdik. Daha sonra biz ailəvi Laçına köçdük. Yoldaşım burada aptekdə, mən isə tikinti şirkətində çalışıram. Uşaqlarımız Laçını görmədən böyüyüblər, lakin onlar üçün yurda dönməyimiz möcüzə idi, Laçında məktəbə gedirlər. Yurdumuzda çox xoşbəxtdirlər. Biz uşaqlarımızın gələcəyinə inanırıq, daha da gözəl olacaq. Şükür Allaha ki, vətəndəyik. Biz Ali Baş Komandanımıza güvənmişik, bu gün də güvənirik. Bu günə şükür, Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə can sağlığı versin. Laçının hələ gözəl günləri qabaqdadır”.

“Peşə fəaliyyətimizi Laçın üçün davam etdiririk. Yurdumuzda işləmək bizim üçün şərəfdir”, – o sonda vurğulayıb.

Əminik ki, sakinlərinin məskunlaşması ilə bu yurda yeni nəfəs gələcək. Laçında tamamlanmış böyük irimiqyaslı işlərin şahidi olacağıq.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir