Siyasət

Növbədənkənar prezident seçkisi: Prosedurlar hansı mərhələdədir və sonra nə olacaq? – İZAH

Sharing is caring!


Mərkəzi Seçki Komissiyası (MSK) hazırkı mərhələdə prezidentliyə namizədliyi irəli sürülmüş şəxslərin qanunvericiliyə uyğun olub-olmamasını araşdırıb qərar verir.

Hələlik yalnız bir nəfərin – İlham Əliyevin prezidentliyə namizədliyinin irəli sürülməsi təsdiqlənib.

İlham Əliyevin namizədliyi Yeni Azərbaycan Partiyası tərəfindən irəli sürülüb.

MSK yaxın günlərdə digər partiyalar və ya müstəqil şəkildə namizədliyi irəli sürülmüş şəxslərin məsələsinə baxacaq.

Qeyd edək ki, prosedura əsasən, prezidentliyə namizədliyi irəli sürülmüş şəxslər MSK-ya müvafiq sənədləri təqdim edirlər.

Sənədlərin təqdim edilməsindən sonra beş gün müddətində MSK namizədliyin irəli sürülməsinin təsdiq olunub-olunmaması barədə əsaslandırılmış qərar qəbul edir.

Vacib bir məqamı qeyd etmək lazımdır ki, prezidentliyə namizədliyin təsdiqlənməsi hələ prezidentliyə namizədlərin qeydə alınması demək deyil.

Seçki Məcəlləsinin tələblərinə əsasən, MSK-nın prezidentliyə namizədliyin irəli sürülməsini təsdiq edən qərarından sonra qeydiyyat üçün lazım olan prosedurlar icra edilməlidir.

Belə ki, təsdiq prosesindən sonra Azərbaycan prezidentliyinə namizədliyi təsdiqlənmiş şəxsə və ya onun səlahiyyətli nümayəndəsinə, habelə siyasi partiyanın və siyasi partiyalar blokunun səlahiyyətli nümayəndələrinə imza vərəqələri verilir.

Seçki Məcəlləsinin 181-ci maddəsi prezidentliyə namizəd üçün imza toplamaq prosesini müəyyən edən tələbləri qeyd edir.

Siyasi partiya, siyasi partiyaların bloku və yaxud seçicilərin təşəbbüs qrupları prezidentliyə irəli sürdükləri namizədin müdafiəsi üçün 40 mindən az olmayan sayda seçici imzası toplamalıdırlar. Namizəd statusu almaq istəyən şəxs 60-dan az olmayan seçki dairəsinin hər birinin ərazisindən azı 50 imza toplamalıdır.

Bildirək ki, imza vərəqələrini və namizədin qeydə alınması üçün lazım olan digər sənədləri qəbul etdikdən sonra yeddi gün müddətində namizədin qeydə alınıb-alınmaması barədə əsaslandırılmış qərarlar qəbul edilir.

Bu qərarlardan sonra kimin prezidentliyə namizəd statusu alacağı bəlli olacaq.

Qeyd edək ki, Azərbaycanda 2024-cü ilin fevralın 7-də növbədənkənar prezident seçkisi keçiriləcək.

Aqşin Kərimov

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir