Siyasət

İçərişəhərdə “Ulu öndər və milli-mənəvi dəyərlərimiz” mövzusunda konfrans keçirilib – FOTO

Sharing is caring!


Ölkəmizdə geniş şəkildə qeyd olunan “Heydər Əliyev İli” çərçivəsində İçərişəhər Cümə məscidi icmasının təşkilatçılığı ilə dövlət qurumlarının, Milli Məclisin deputatlarının, Qafqaz Müsəlmanları İdarəsi, şəhid ailələri üzvlərinin, qazilərin, ictimaiyyət nümayəndələrinin iştirakı ilə xalqımızın ümummilli lideri Heydər Əliyevin 100 illik yubileyinə həsr edilən “Ulu öndər və milli-mənəvi dəyərlərimiz” mövzusunda konfrans keçirilib.

Müqəddəs kitabımız olan Qurani-Kərimin oxunuşu ilə başlanan tədbirin əvvəlində ulu öndər Heydər Əliyev və Vətən torpaqlarının azadlığı uğrunda şəhid olmuş soydaşlarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib və Heydər Əliyevin ictimai-siyasi fəaliyyətinə həsr edilən videoçarx nümayiş etdirilib.

Tədbir iştirakçılarını salamlayan Qafqaz Müsəlmanları İdarəsi Qazilər Şurasının üzvü, İçərişəhər Cümə məscidi dini icmasının sədri, professor hacı Surxay Məmmədli ümummilli lider Heydər Əliyevin ictimai-siyasi xadim kimi müstəqil Azərbaycan Respublikasının dövlətçilik tarixindəki müstəsna xidmətlərindən, milli-mənəvi dəyərlərin qorunub gələcək nəsillərə çatdırılması istiqamətində geniş fəaliyyətindən, onun ölkəmizin  inkişaf və tərəqqisi üçün atdığı addımlardan, ölkədəki dini ibadət yerlərinin təmiri, bərpası və qorunması istiqamətində görgüyü işlərdən danışdı.

Qeyd edildi ki, hazırda ulu öndərin ali ideyalarının gerçəkləşməsində Prezidentimiz İlham Əliyevlə birgə Birinci vitse-prezident Mehriban Əliyeva da yaxından iştirak edirlər. Son illər ərzində yüzlərlə dini-ibadət yerlərinin tikintisi, təmiri aparılıb. Bu gün işğaldan azad edilən torpaqlarımızda genişmiqyaslı quruculuq işləri həyata keçirilir və çox sevindirici haldır ki, bərpa edilən və yeni tikilən obyektlər arasında mənfur düşmənlərin dağıtdığı məscidlərimiz də var. Hacı Surxay bu işlərində Prezidentimizə və Mehriban Əliyevaya öz dərin minnətdarlığını bildirib.

Tədbirdə çıxış edənlər Səbail Rayon İcra Hakimiyyəti başçısının müavini Eldar Ağayev, Milli Məclisin deputatları Anar İsgəndərov, Aydın  Hüseynov, Arzu Nağıyev, Qafqaz Müsəlmanları İdarəsi sədrinin müavini hacı Bəxtiyar Nəcəfov, şəhid anaları Mehriban Əmrahova və Mehriban Əbdürrəhmanova qeyd ediblər ki, milli-mənəvi dəyərlərimizin qorunmasında, həmçinin təbliğində ulu öndər Heydər Əliyevin çox böyük xidmətləri olub. Ümummilli liderimiz mənəvi dəyərlərimizi təkcə milli varlığımızın yox, həm də siyasi varlığımızın – dövlət quruculuğu prosesinin mühüm xüsusiyyəti kimi dəyərləndirib. O bildirib ki, milli-mənəvi dəyərlərini qoruyub-saxlayan xalq həmişə müstəqillik yolu ilə getmək və müstəqilliyi qorumaq əzmində olacaq. “Mən fəxr edirəm ki, azərbaycanlıyam!” – deyən ulu öndər bütün həyatı boyu mənəvi-əxlaqi və dini dəyərlərimizin, adət-ənənələrimizin keşiyində durub.

Bu gün milli-mənəvi dəyərlərimiz ulu öndərin siyasətinin layiqli davamçısı, Prezident, Vətən müharibəsində qalib Azərbaycan Ordusunun müzəffər Ali Baş Komandanı İlham Əliyev tərəfindən qorunur. Ulu öndərin milli-mənəvi irsin qorunması siyasətinin davamı kimi aparılan yenidənqurma işlərində Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın da böyük zəhməti vardır. Heydər Əliyev Fondunun prezidenti kimi Mehriban Əliyeva Azərbaycanın bütün guşələrində, o cümlədən Səbail rayonundakı Bibiheybət ziyarətgahında, həmçinin digər bölgələrimizdə və xüsusilə də işğaldan azad edilən ərazilərdə böyük abadlıq və quruculuq işlərinə imza atıb.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir