Siyasət

BMT rəsmisinin müsahibəsi: Azərbaycana verilən yüksək qiymət – ŞƏRH

Sharing is caring!


BMT Baş katibinin sözçüsü Stefan Düjarrik “Report”a müsahibə verib. BMT rəsmisi müsahibədə Azərbaycanın 2024-cü ildə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasına Tərəf Dövlətlərin 29-cu Konfransına (COP29) ev sahibliyi ilə bağlı məsələni şərh edib.

Qeyd edək ki, dekabrın 15-də COP29-un gələn il ölkəmizdə keçirilməsi ilə əlaqədar Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə müşavirə keçirilib.

İlham Əliyev müşavirədə deyib:

“Bu hadisənin önəmi, o cümlədən ondadır ki, bu qərar antiterror əməliyyatından iki ay yarım sonra qəbul olunmuşdur və beləliklə, bir daha bütün dünya ictimaiyyəti Azərbaycana öz dəstəyini ifadə etmişdir. Onu da bildirməliyəm ki, Bakıda COP29 konfransının keçirilməsi beynəlxalq aləmin hər bir üzvünün razılığı ilə mümkün olmuşdur. Yəni, burada yekdil mövqe bir daha özünü göstərdi”.

Azərbaycanın COP29-a ev sahibliyi etməsi onun qlobal iqlim dəyişikliyinə mübarizəsinə necə töhfə verdiyini göstərir.

Stefan Düjarrik müsahibədə bildirib ki, COP29-un Azərbaycanda keçirilməsi əlamətdar hadisədir və çox böyük əhəmiyyət kəsb edir.

Düjarrik daha sonra məsələni Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması kontekstində də şərh edib.

O bildirib: “Bir faktı xüsusilə qeyd etmək istərdim ki, biz ötən həftələrdə Azərbaycanın Ermənistanla razılaşma əldə etməsinin, saxlanılan hərbçilərin mübadiləsinin şahidi olduq ki, bu da müəyyən mənada münasibətlərin normallaşması və gərginliyin azalmasına gətirib çıxardı və eyni zamanda, Azərbaycanın səriştəli və aydın bir ölkə kimi COP29-a ev sahibliyi etmək üçün rəsmi namizəd olmasına imkan verdi”.

Göründüyü kimi, BMT Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasına töhfə vermək istəyir. Halbuki BMT Azərbaycan-Ermənistan münaqişəsi zamanında passiv fəaliyyət göstərib.

İndi isə vəziyyət kökündən dəyişib. Azərbaycanın yeni reallıqlar yaratması BMT-nin də üzləşdiyi problemlərin həllinə kömək edir.

Bu o deməkdir ki, BMT-nin yüklərindən biri azalıb. Artıq o, keçmişdə qalmış Qarabağ münaqişəsi ilə məşğul olmaq məsuliyyətindən azad olunub. Buna görə BMT Azərbaycana təşəkkür etməlidir. Çünki Azərbaycan BMT Təhlükəsizlik Şurasının qətnamələrini təkbaşına icra edib.

BMT Azərbaycanın Cənubi Qafqazda yaratdığı reallıqlardan sonra onun qiymətini beynəlxalq platformalarda da verməlidir. Bu mənada COP29-a ev sahibliyi Azərbaycana verilən böyük dəyərdir.

Təbii ki, Azərbaycan bəşəriyyəti xilas edəcək bütün təşəbbüslərə açıqdır. İqlim dəyişikliyinə qarşı mübarizə də Azərbaycan üçün bu cəhətdən vacibdir.

BMT rəsmisi müsahibəsində deyib:

“Biz növbəti COP29 üçün önümüzdə sülhün və aydınlığın olduğunu görməkdən çox şadıq. Bildiyiniz kimi, iqlim dəyişikliyi hamımızın üzləşdiyi əsas qlobal problemdir və Qafqaz və Mərkəzi Asiya ölkələri də iqlim dəyişikliyindən əziyyət çəkib və əziyyət çəkməkdə davam edir. Ona görə də biz Azərbaycanın COP29-a sədrliyini çox səbirsizliklə gözləyirik”.

Bu arada BMT Baş katibinin COP29 çərçivəsində Azərbaycana səfər edəcəyi də bildirilir.

Aqil Vəlili

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir