Siyasət

Vyanada Heydər Əliyevin və Türkiyə Cümhuriyyətinin 100 illik yubileyləri qeyd olunub – FOTO

Sharing is caring!


Avstriyanın paytaxtı Vyana şəhərində müasir Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin anadan olmasının 100 illiyi və Türkiyə Cümhuriyyətinin qurulmasının 100 illiyi münasibətilə təntənəli tədbir keçirilib.

Bu barədə Diasporla İş üzrə Dövlət Komitəsi məlumat yayıb.

Bildirilib ki, Azərbaycan və Türkiyənin bu ölkədəki səfirliklərinin birgə təşkilatçılığı ilə baş tutan tədbirdə diplomatik korpusun, Avstriya parlamentinin, Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin, Azərbaycan və türk diasporlarının nümayəndələri iştirak ediblər.

Üç ölkənin Dövlət himnlərinin səsləndirilməsi ilə başlayan tədbiri giriş sözü ilə Azərbaycanın və Türkiyənin Avstriyadakı səfirləri Rövşən Sadıqbəyli və Ozan Ceyhun açıblar.

Azərbaycan səfiri bildirib ki, yola salmaqda olduğumuz il Azərbaycan və Türkiyənin önəmli tarixlərinin qeyd edilməsi ilə yadda qalacaq. Azərbaycanın müasir tarixindəki hər bir mərhələdə dərin izi olan ümummilli lider Heydər Əliyevin və böyük öndər Mustafa Kamal Atatürkün qurucusu olduğu Türkiyə Cümhuriyyətinin 100 illik yubileyinin hər iki ölkədə və xaricdə təntənəli şəkildə qeyd edilib.

Azərbaycanın çox çətin dövründə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan Heydər Əliyevin siyasi fəaliyyətinin gələcək nəsillər üçün tarixi irsə çevrildiyi, hazırda onun ləyaqətli davamçısı Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilən, milli maraqlara əsaslanan müstəqil daxili və xarici siyasət nəticəsində ərazi bütövlüyümüzün tam təmin edildiyi, regionda davamlı sülhün bərpası istiqamətində yeni addımlar atıldığı qeyd olunub. 100 il əvvəl çox çətin şəraitdə tarixi zəfər çalaraq, istiqlaliyyətini elan edən Türkiyənin artıq müasir dünya nizamında öz sözünü deyə bilən, qabaqcıl ölkələr sırasında yer alan güclü bir dövlət olduğu nəzərə çatdırılıb.

“Milli liderlərimiz Heydər Əliyevin və Mustafa Kamal Atatürkün böyük uzaqgörənliklə başlatdığı və hazırda dövlət başçılarımız tərəfindən daha da inkişaf etdirilən birlik, dostluq və qardaşlıq əlaqələri bu gün ölkələrimizi qlobal müstəvidə qüdrətli edən mühüm amildir”, – deyə azərbaycanlı diplomat söyləyib.

Türkiyə səfiri çıxışında qeyd edib ki, 1923-cü il oktyabrın 29-u Türkiyə tarixində azadlıq mübadiləsinin milli müstəqilliklə nəticələndiyi tarixi dönüş nöqtəsidir:

“Bu gün Türkiyə həmin möhkəm təməl üzərində uğurla inkişaf etməkdədir”.

Azərbaycan-Türkiyə münasibətlərinə toxunan səfir bu strateji tərəfdaşlığın dünyada misli görünməyən qardaşlıq səviyyəsində olduğunu, Azərbaycanın ərazi bütövlüyünün bərpası uğrunda apardığı mübarizədə Türkiyənin daim dəstək göstərdiyini və gələcəkdə də bütün imkanları ilə Azərbaycanın yanında olmağa davam edəcəyini söyləyib.

Diasporla İş üzrə Dövlət Komitəsi sədrinin müavini Elşad Əliyev çıxışında ulu öndər Heydər Əliyevin siyasi fəaliyyəti, xüsusilə onun dünya azərbaycanlılarının həmrəyliyinə göstərdiyi diqqətdən bəhs edib. Bildirib ki, Heydər Əliyev Azərbaycan dövlətçiliyinin milli və ümumbəşəri dəyərlərə əsaslanan uzunmüddətli konsepsiyasını işləyib hazırlayıb və diaspor quruculuğu həmin dövlətçilik siyasətinin çox mühüm tərkib hissəsi olub:

“Hələ ötən əsrin 70-80-ci illərində bu məsələyə xüsusi diqqət ayıran Heydər Əliyevin təşəbbüsü əsasında 1991-ci ildə Naxçıvan MR Ali Məclisi tərəfindən Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü barədə qərar qəbul edilib. 2001-ci ildən başlayaraq Dünya Azərbaycanlılarının qurultayları təşkil edilir və 2002-ci ildə diaspor məsələləri ilə məşğul olan ayrıca dövlət qurumu yaradılıb”, – deyə o qeyd edib.

Komitə sədrinin müavini Türkiyə Cümhuriyyətinin 100 illik yubileyindən danışarkən Azərbaycanın sarsılmaz qardaşlıq əlaqələri ilə bağlı olduğu qardaş ölkənin bu gün müasir dünya siyasətində tutduğu mühüm rolu diqqətə çatdırıb.

Tədbir dahi şəxsiyyət Heydər Əliyevin siyasi fəaliyyətinə və Türkiyə Cümhuriyyətinin qurulmasına həsr edilmiş sənədli filmin nümayişi ilə davam etdirilib.

Bədii hissədə Azərbaycanın əməkdar artisti, tanınmış dirijor, bəstəkar və pianoçu Turan Manafzadə və Avstriyanın Anton Brukner adına Konservatoriyasının tələbəsi, respublika və beynəlxalq müsabiqələr laureatı, pianoçu Ayan Məmmədli çıxış ediblər. Musiqiçilərin ifasında Azərbaycan, türk və Avropa bəstəkarlarının əsərlərindən, hər iki ölkədə sevilən mahnılardan ibarət konsert proqramı təqdim olunub.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir