Siyasət

Obrenoviç: “Azərbaycan Serbiyanın enerji təhlükəsizliyində mühüm rol oynayacaq”

Sharing is caring!


Azərbaycan Serbiyanın enerji təhlükəsizliyinin möhkəmləndirilməsində mühüm rol oynayacaq.

Bu barədə “Report”a açıqlamasında serbiyalı politoloq Straxinya Obrenoviç bildirib.

O, qeyd edib ki, dekabrın 10-da açılışı olan Serbiya-Bolqarıstan Qaz İnterkonnektoru Azərbaycan “mavi yanacağı”nın Serbiyaya nəqlini təmin edəcək:

“Bu da öz növbəsində Serbiyanın enerji təhlükəsizliyinin gücləndirilməsinə və təchizatı mənbələrinin şaxələndirilməsinə kömək edir”.

Ekspert qeyd edib ki, Belqradın səlahiyyətli orqanlarının proqnozlarına əsasən, Azərbaycandan təbii qaz idxalının həcminin illik bir milyard kubmetrə çatdırılması planlaşdırılır:

“Serbiya regionda təbii qaz tədarükü üçün mühüm tranzit ölkəyə çevrilməyə çalışır. Bu məqsədə çatmaq üçün biz Şimali Makedoniya, Bosniya və Herseqovina kimi qonşu ölkələrlə bu sahədə əməkdaşlıq etmək niyyətindəyik”.

S.Obrenoviç qeyd edib ki, Azərbaycanla Serbiya arasında əldə olunan razılaşmalar həm də iqtisadi əlaqələrin inkişafına təkan verəcək, həm də enerji, nəqliyyat, texnologiya və müdafiə sahələrində investisiyaların qoyuluşu üçün zəmin yaradacaq:

“Azərbaycan şirkətləri artıq Serbiya bazarında mövcuddur. Üstəlik, Serbiyadan olan investorlar Azərbaycanda bizneslərini genişləndirməkdə maraqlıdırlar”.

Xatırladaq ki, dekabrın 10-da Serbiyanın Niş şəhərində Serbiya-Bolqarıstan Qaz İnterkonnektorunun açılış mərasimi keçirilib. Prezident İlham Əliyev, Serbiya dövlət başçısı Aleksandar Vuçiç və Bolqarıstan lideri Rumen Radev mərasimdə iştirak ediblər.

Bu interkonnektor Serbiya və Qərbi Balkan regionunda enerji mənbələrinin şaxələndirilməsinə töhfə verəcək, Serbiyanı müxtəlif qaz şəbəkələri sistemləri, xüsusən də Azərbaycandan və Yunanıstandakı Aleksandrupolis LNG terminalı vasitəsilə daha təhlükəsiz və dayanıqlı enerji resursu təchizatı ilə təmin edəcək.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir