Siyasət

Azərbaycan və Kuba arasında ilk siyasi məsləhətləşmələr keçirilib – FOTO

Sharing is caring!


Azərbaycanın xarici işlər nazirinin müavini Elnur Məmmədov Kuba Respublikasında səfərdədir.

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, dekabrın 4-də Azərbaycan və Kuba Xarici İşlər nazirlikləri arasında ilk siyasi məsləhətləşmələr keçirilib.

Tədbirə Azərbaycan tərəfindən xarici işlər nazirinin müavini Elnur Məmmədov, Kuba tərəfindən isə xarici işlər nazirinin müavini Elio Rodriges Perdomo rəhbərlik edib.

Məsləhətləşmələr zamanı ikitərəfli münasibətlərin cari vəziyyəti, son müddətdə ölkələrimiz arasındakı əlaqələrdə müşahidə olunan müsbət dinamika, iqtisadi-ticari, səhiyyə, turizm, təhsil və digər sahələrdə qarşılıqlı faydalı əməkdaşlığın inkişaf etdirilməsi ətrafında müzakirələr aparılıb.

E.Məmmədov qarşı tərəfə Azərbaycanın sülh gündəliyi, Ermənistanla münasibətlərinin normallaşması prosesi, işğaldan azad olunmuş Azərbaycan ərazilərində aparılın yenidənqurma işləri barədə geniş məlumat verib.

Görüş zamanı, həmçinin, Azərbaycanın Qoşulmama Hərəkatına (QH), Kubanın isə G77 və Çin Qrupuna sədrlikləri çərçivəsində fəaliyyəti vurğulanaraq, uzun fasilədən sonra BMT Baş Assambleyasının 78-ci sessiyası çərçivəsində QH – G77 və Çin Birgə Əlaqələndirmə Komitəsinin (JCC) xarici işlər nazirləri səviyyəsində iclasının keçirilməsi məmnunluqla qeyd olunub.

Məsləhətləşmələrin ardınca iki ölkə arasında “Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi ilə Kuba Respublikasının Xarici İşlər Nazirliyi arasında siyasi məsləhətləşmələr mexanizminin yaradılmasına dair Anlaşma Memorandumu”nun imzalanma mərasimi keçirilib.

Səfər çərçivəsində E.Məmmədov, həmçinin Kuba Xalq Hakimiyyəti Milli Assambleyasının sədr müavini xanım Ana Maria Mari Maçado, Kuba xarici ticarət və xarici sərmayələr nazirinin birinci müavini Ana Teresita Qonsales Fraqa, o cümlədən Karib Hövzəsi Birliyinə (CARICOM) üzv dövlətlərin Kubada akkreditə olunan səfirləri ilə işçi görüş keçirib.

Görüşlərdə parlamentlərarası əlaqələrin inkişafı, iki ölkə arasında müxtəlif sahələrdə münasibətlərin genişləndirilməsi imkanları, eləcə də CARICOM təşkilatı və onun üzv ölkələri ilə beynəlxalq müstəvidə əməkdaşlıq əlaqələrinin dərinləşdirilməsi perspektivləri müzakirə edilib.

Səfərin yekununda E.Məmmədov Kubanın “Prensa Latina” xəbər agentliyinə müsahibə verib. Müsahibə zamanı Azərbaycan-Kuba ikitərəfli münasibətləri, bu əlaqələrin gələcək inkişaf perspektivləri, ölkəmizin QH-yə uğurlu sədrliyi və həyata keçirdiyi təşəbbüslər, eləcə də Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması prosesi barədə suallara cavab verilib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir