Siyasət

Paşinyan Rusiyaya gedir: O, nə axtarır? – TƏHLİL

Sharing is caring!


Uzun zamandır Rusiya ilə gərginliyin içərisində yırğalanan Ermənistanın baş naziri Nikol Paşinyanın nəhayət ki, tilsimi qırıb Rusiyaya yollanacağı bildirilir.

Paşinyanın Sankt-Peterburqda keçiriləcək Müstəqil Dövlətlər Birliyi və Avrasiya İqtisadi İttifaqının sammitlərində iştirak edəcəyi gözlənilir.

Paşinyanın sammitlərdə iştirakı barədə açıqlama Rusiya Prezidentinin köməkçisi Yuri Uşakovdan gəlib.

Qərblə istiləşən, Rusiya ilə soyuqlaşan münasibətlərə baxmayaraq, Paşinyanın Sankt-Peterburqa yollanmaq qərarında təəccüb yaradacaq nəsə yoxdur.

Məsələni təəccüb doğuran nöqtəyə gətiririk, belə ki, Ermənistan Beynəlxalq Cinayət Məhkəməsinin Rusiya Prezidenti Vladimir Putin haqqında çıxardığı həbs qərarını (Ukraynadakı müharibəyə görə) dəstəkləyib.

Ermənistan Roma Statutunu ratifikasiya edib, indi Putin həmin ölkəyə ayaq bassa, həbs edilməlidir.

Ən azından, Ermənistanın belə bir qərar verməsindən sonra Paşinyanın hansı üzlə Rusiyaya yollanacağı ziddiyyətlər və qarışıqlıqlar içərisində “sürpriz” kimi görünür.

Başqa bir versiya da doğur, yəni Rusiya öz çətiri altında keçiriləcək tədbirlərdə Paşinyanın iştirak etməsi üçün lazım olan topu İrəvanın ayağına atır.

Paşinyandan “bu təklifi geri çevirə bilməzsən” cavabını gözləməklə Moskva bu mesajı gündəmdə saxlayır. Onda demək olar ki, Paşinyanın Rusiyaya getməmək üçün müxtəlif bəhanələri də tapıla bilər.

Amma bu versiya bir qədər zəif arqumentasiyalıdır. Daha güclü arqument belədir ki, Paşinyan özü Rusiyaya səfər etmək barədə qərar verib. 

Çünki Paşinyan bir neçə gün öncə belə bir bəyanat səsləndirib ki, Ermənistan Rusiya ilə dostluq münasibətlərini nəzərə alaraq qarşı tərəfi məsləhətləşmələrə dəvət edib. “Ümid edirəm ki, bu məsləhətləşmələr problemi normal, işgüzar, dostluq şəraitində həll etmək üçün mümkün qədər tez baş tutacaq”, – deyən Paşinyan böyük bir şövqlə Moskvanın şərtlərini dinləmək bacarığında olduğunu göstərir.

Paşinyan dəqiqləşdirməlidir ki, Ermənistanın Rusiya ilə gərginləşən münasibətlərindən dolayı Moskva təzyiqlərini hansı kateqoriyalara böləcək.

Belə bir dəqiqləşmə Paşinyanın Putinlə keçirəcəyi görüşdə aydınlaşacaq və baş nazir Rusiya lideri ilə sövdələşməyə can atacaq.

Çünki Paşinyan Cənubi Qafqazda qurulan və beynəlxalq münasibətlərin güc balansına təsir edəcək hadisələrin Ermənistana neqativ təsirlərindən sığortalanmaq yollarını axtarır.

Baş nazir bunun üçün Qərbin regionda aktivliyini artıran hərəkətləri ilə Rusiya ilə münasibətləri tarazlaşdırmaq istəyir.

Halbuki, bu, Ermənistan üçün çətin, Rusiya üçün isə qəbuledilməzdir. Ona görə ki, Cənubi Qafqazda yeni təhlükəsizlik və əməkdaşlıq nizamı qurulur və Paşinyan hansı tərəfə əyilə biləcəyini özü müəyyən etmək iqtidarını çoxdan əlindən buraxıb.

Ümumi bir fonda, Sankt-Peterburqdakı kuluarlar Paşinyana təhlükəsizlik zəmanətləri axtarmaq məsuliyyətini dərk etdirəcək.

Ehtimal etmək olar ki, MDB-nin sammitində Azərbaycan rəhbərliyi də iştirak etsin. Belə olacağı təqdirdə, iki tərəfin qeyri-rəsmi də olsa, diskussiyası baş tuta bilər.

Ermənistanın regionda Azərbaycanın nizama saldığı münasibətlər sisteminə zərbə vurmaq üçün Qərbə geniş səlahiyyətlər vermək cəhdi fonunda bu müzakirələrin hansı tempdə gedəcəyini söyləmək indidən çətindir.

Ümumilikdə Paşinyan Rusiyaya getsə, qlobalist iddiaların kəsişdiyi Cənubi Qafqazdakı proseslərin axarı praktiki şəkildə iki fərqli nöqtəyə çıxa bilər.

Birinci nöqtə – Paşinyan Rusiya ilə gərginləşən münasibətlərdən dərs çıxarıb Moskvanın siyasətini, mahiyyətini aydın bir təsəvvürlə dərk edib, regionu qarışdırmaqdan çəkinər.

İkinci nöqtə budur ki, Paşinyanla Putin münasibətlərin aydınlaşdırılması üçün son şanslarını sınayırlar, lakin nəticə əldə edilmir. Bu isə regiondakı geosiyasi ziddiyyətlərin sonrakı nizamında Ermənistanı qara lövhəyə yerləşdirəcək.

Aqşin Kərimov

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir