Siyasət

“Dünyada ikili stantartlar mövcud olduqca mülki insanların faciələri davam edəcək” – RƏY + FOTO

Sharing is caring!


“Dünyada ikili stantartlar mövcud olduqca ədalətsizliklər və mülki insanların faciələri də davam edəcək”.

Bunu “Report”a açıqlamasında Milli Məclisin deputatı Azər Badamov deyib.

Onun sözlərinə görə, Azərbaycan xalqı da 90-cı illərin əvvəllərində müharibənin faciələri ilə qarşılaşıb:

“Bu gün dünyanın müxtəlif yerlərində müharibələr və dağıntılar baş verir. Bu müharibələr nəticəsində mülki obyektlər dağıdılır, dinc insanlar qətlə yetirilir və faciələrlə qarşılaşırlar. Azərbaycan xalqı da 90-cı illərin əvvəlində belə faciələrlə qarşılaşmalı olub. Ermənistan Azərbaycanın ərazilərini işğal etdi, dinc yaşayış məntəqlərimiz yerlə yeksan olundu, insanlar isə soyqırımlara məruz qalaraq öz ata yurdlarını məcburi şəkildə tərk etməyə məhkum edildilər. Hətta üç il əvvəl 44 gündə başa çatdırdığımız Vətən müharibəsində də Azərbaycan Ordusu düşmənin ancaq hərbi legitim hədəflərini məhv edərək öz suverən ərazilərini işğaldan azad etdiyi bir zamanda Ermənistan yenə də öz çirkin niyyətlərindən əl çəkməyərək dinc şəhər və kəndlərimizi qadağan olunmuş raketlərlə bombaladı. Belə ki, Gəncə, Bərdə və Tərtərdə evlər dağıdılıdı, dinc sakinlər qətlə yetirildilər. Ermənistanın bu vəhşilkləri də dünya ictimaiyyətinin gözü önündə baş verdi”.

Onun sözlərinə görə, Ermənistanın bu vəhşilklərinə baxmayaraq, Azərbaycanın müzəffər ordusu torpaqlarımızda erməni işğalına son qoyaraq düşməni kapitulyasiya aktını imzalamağa məcbur etdi:

“Amma Ermənistan bu bəyanatda nəzərdə tutulmuş öhdəlikləri icra etməyərək Qarabağda 15 minə yaxın silahlı yerləşdirməklə ərazilərimizdə “boz zona”nı saxlamaqda davam edirdi. Təbii ki, bu, həm işğaldan azad olunmuş ərazilərdə aparılan yenidənqurmma və bərpa işlərinə, həm də öz yurdlarına qayıdan insanlara böyük təhlükə olaraq qalırdı. Ermənistanın baş nazirinin ölkəmizin suverənliyinə kölgə salan açıqlamaları, separatçıların qondarma seçkilər keçirməsi və törətdikləri təxribatların intensivləşdirilməsi lokal xarakterli antiterror tədbirlərinin keçirilməsini labüd etdi. 19-20 sentyabrda keçirilmiş antiterror tədbirləri dünya təcrübəsində bir nümunədir. Çünki ordumuzun qarşısında mülki insanlara və obyektlərə heç bir zərərin yetirilməməsi tapşırığı verilmişdi. Hətta müxtəlif vasitələrdən istifadə etməklə Qarabağda yaşayan ermənilərə heç nədən narahat olmamaları və vətəndaşlığımızı qəbul etməklə təhlükəsiz yaşayışlarını davam etdirə biləcəkləri ilə bağlı bildirilişlər paylandı. 24 saata yaxın keçirilən antiterror tədbirləri sayəsində ərazilərimizdəki qeyri-qanuni silahlılar tərk-silah edildi. Amma Ermənistanın və separatçıların təzyiqi altında ermənilər könüllü şəkildə ərazilərimizi tərk etdilər. Azərbaycan ermənilərə Qarabağda yaşamağa davam etməklərini təklif etdi. Bununla yanaşı, ermənilərin yaşayış yeri seçiminə də hörmətlə yanaşaraq gedənlərə mane olmadı. Yəni proses çox sivil şəkildə baş verdi”.

Deputat qeyd edib ki, Ermənistan əvvəl ermənilərə heç bir təzyiqin olmadığını açıqlasa da, sonradan qondarma etnik təmizlənmə məsələsini gündəmə gətirdi.

“Azərbaycan iki dəfə BMT monitorinq komissiyasını Qarabağa dəvət etdi. Beynəlxalq komissiya ermənilərə təzyiqlə bağlı heç bir faktla üzləşmədi. Əslində, komissiya “etnik təmizləmə” ilə bağlı hər hansı faktları tapmaq məqsədi ilə gəlmişdi. Çünki torpaqlarımız işğal altında olduğu 30 ildə Azərbaycanın BMT-yə missiyanın göndərilməsi ilə bağlı dəfələrlə müraciət etməsinə baxmayaraq, heç bir dəfə də olsun monitorinq aparılmamışdı. Həm də Ermənistan müharibə cinayətlərini gizlətmək üçün BMT missiyasını işğalda saxladığı ərazilərə buraxmırdı. Amma torpaqlarımızda suverenlik təmin olunandan sonra Azərbaycan yenidən BMT missiyasını dəvət etdi və monitorinqin aparılmasına şərait yaratdı. Monitorinq aparan komissiya Qarabağda heç bir təzyiq olmadığından etnik təmizlənmə ilə bağlı hər hansı bir əlamətin şahidi olmadı. Bu məsələni təhlil etməkdə məqsədim Azərbaycanın yüksək humanizmə söykənən dövlət siyasətinin dünyada bənzərinin olmadığını göstərməkdir. Yəni Qərbin dəstəyi ilə davam edən Rusiya-Ukrayna və İsrail-Fələstin müharibələrində ölən minlərlə insanı və dağılan şəhərləri ürəkağrısı ilə müşahidə edirik. Təəssüf ki, Qərbin ikili standartları dinc insanların ölümünə səbəb olanların kənarda qalmasına və Azərbaycan kimi – mülki insanlarına, onun milli və dini mənsubiyyətindən asılı olmayaraq yüksək dəyər verən ölkələrə təzyiqlərə yol açır. Dünyada ikili standartlar mövcud olduqca ədalətsizliklər və mülki insanların faciələri də davam edəcək. Bunun baş verməməsi üçün beynəlxalq hüquq hamı üçün eyni olmalı və müəyyən dairələrin maraqlara xidmət edən münasibətlər aradan qalxmalıdır”, – A.Badamov əlavə edib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir