Siyasət

Müdafiə nazirlərinin Bakı toplantısı: Azərbaycan, Türkiyə və Gürcüstan vahid cəbhədə yer alır – ŞƏRH + FOTO

Sharing is caring!


Noyabrın 27-də Bakıda üç ölkənin müdafiə nazirləri – Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov, Türkiyənin milli müdafiə naziri Yaşar Gülər və Gürcüstanın müdafiə naziri Cuanşer Burçuladze arasında üçtərəfli görüş keçirildi. Bu, sözügedən ölkələrin müdafiə nazirlərinin sayca onuncu belə iclası idi.

Toplantıda mühüm mesajlar verildi. Amma bu mesajların təhlilinə keçməzdən əvvəl onu deyək ki, haqqında danışdığımız formatda görüşün özü belə, mühüm əhəmiyyətlidir. Bu, ilk növbədə bölgənin üç qonşu ölkəsi arasında hərbi, hərbi təhsil sahəsində əməkdaşlığın inkişafına töhfə verir. Bakı, Ankara və Tbilisinin qarşılıqlı təcrübə mübadiləsinin inkişafına şərait yaradılır. Təsadüfi deyil ki, son zamanlar üç ölkə arasında birgə hərbi təlimlərin də sayı artıb. Sonuncu belə təlim bu ilin oktyabr ayında keçirilib. Bu manevrlər isə öz-özlüyündə Cənubi Qafqazdakı sülh və sabitliyə, əməkdaşlıq mühitinin formalaşmasına təkan verir. Məhz Gürcüstanın bu təlimlərdə iştirakı özü də xüsusi əhəmiyyətli hadisədir.

Məlum olduğu kimi, Cənubi Qafqazda yaranan yeni reallıqlar kontekstində gündəmdə olan əsas məsələlərdən biri “3+3” formatıdır. Gürcüstan bu təşəbbüsə hələ ki isti yanaşmır. Amma əsas təşəbbüskar oyunçular – Türkiyə və Azərbaycanla qarşılıqlı əlaqələr, o cümlədən birgə hərbi təlimlər rəsmi Tbilisinin hazırkı soyuqluğunun gələcəkdə azalmasına səbəb ola bilər. Z.Həsənov toplantıda bu məsələyə xüsusi toxunub. O deyib ki, üçtərəfli görüşlər ənənəyə çevrilib, belə görüşlər regionda sülhə töhfə verilməsi baxımından əhəmiyyətlidir.

Dediyimiz kimi, iclas kifayət qədər səmərəli keçdi. Ən diqqətçəkən məqamlardan biri nazir Zakir Həsənovun üçtərəfli görüşdən sonra keçirilən mətbuat konfransında Cənubi Qafqazda vəziyyəti gərginləşdirmək istəyənlərə xəbərdarlıq etməsi idi. Nazir söyləyib ki, regiondan kənardakı ölkələrin bölgədə vəziyyəti gərginləşdirməyə yönəlmiş cəhdləri qəbuledilməzdir. Bu, vaxtında verilmiş, sərrast bəyanat idi.

Məlum olduğu kimi, son zamanlar Qərb, o cümlədən ABŞ və Fransa Cənubi Qafqazda yeni oyunlar qurmağa çalışırlar. Bunun üçün bölgənin “ən zəif bəndi” olan İrəvandan istifadə olunur. Z.Həsənov səsləndirdiyi fikirlərlə rəsmi Bakının regionla bağlı xain planlardan xəbərdar olduğunu bildirdi. Əlbəttə, üçüncü güclər nəyəsə nail ola, məqsədlərinə çata bilməzlər. Biz bunu dəfələrlə görmüşük. Yada salmaq yerinə düşər ki, Vaşinqton və Paris 30 il keçmiş Minsk qrupunun həmsədri kimi prosesi uzatmağa çalışdılar. Lakin sonda proses Azərbaycanın maraqlarına uyğun başa çatdı. Odur ki, üçüncü güclər, əgər yenə də peşman olmaq istəmirlərsə, bölgədən əllərini üzməli, gözlərini çəkməlidirlər.

 

Türkiyəli nazir Yaşar Gülər də bu səpkidə fikirlərini bildirib. O deyib ki, Ermənistan yaranan fürsətləri lazımi qədər qiymətləndirə bilmir. Bu, əslində, Z.Həsənovun fikirlərinin davamı kimi də dəyərləndirilə bilər. Çünki Ermənistan məhz Qərb ölkələrinin təhriki ilə regional əməkdaşlıqdan uzaqlaşır. Bu isə rəsmi İrəvan üçün yaxşı heç nə vəd etmir.

Bundan başqa, görüşdə terrorizmə qarşı birgə mübarizə, regional sabitlik, həmçinin birgə hərbi təlimlərin sayının artırılması məsələləri müzakirə olunub. Əlbəttə, biz sülh və sabitlik istəyirik. Bu, ən ali səviyyədə dəfələrlə ifadə olunub. Ancaq bir həqiqət də var ki, sülh istəyirsənsə, müharibəyə hazır olmalısan. Müdafiə sahəsində qarşılıqlı əməkdaşlıq və təmaslar bunun ən bariz nümunəsidir.

“Report” İnformasiya Agentliyi

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir