Siyasət

Qərbi Azərbaycan Xronikası: Səkkiz ailənin bünövrəsini qoyduğu Subatan kəndi – VİDEO

Sharing is caring!


Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində sənətşünaslıq üzrə fəlsəfə doktoru Elçin Əlibəylinin təqdimatında Göyçə mahalının, Basarkeçər (Vardenis) rayonunun Subatan kəndi haqqında xüsusi veriliş hazırlanıb.

Verilişdə Subatan kəndinin etnoqrafiyası, adət-ənənələri, mətbəxi, toyları, xalçaçılıq, aşıq sənəti, bayram ənənələri, kənd təsərrüfatı və digər sahələrindən geniş söhbət açılıb.

Bildirilib ki, bu kənd b.e.ə. IV əsrdə Albaniyanın kiçik yaşayış məntəqələrindən biri olub. Subatan kəndinin bünövrəsi XVII əsrin ortalarında (1850-1860) Mayıllılar tayfasının başçısı Kərbəlayı Şıxəli kişi Çaxırlı kəndindən qohumları olan səkkiz ailə ilə birlikdə çıxaraq, indiki Subatan kəndini özləri üçün yaşayış yeri seçib. Kəndin adı yarandığı ilk gündən 1988-ci ilin dekabrına kimi iki dəfə dəyişdirilib. Yüz evi, yeddi yüzə yaxın əhalisi olan kənddə səkkizillik məktəb, kinoklub, kitabxana fəaliyyət göstərib.

Qeyd olunub ki, rayon mərkəzindən 12 km cənub-qərbdə yerləşən kənd cənubda Yuxarı Zağalı, şimalda Çaxırlı, Tüstülü, qərbdə Qızılvəng, Yarpızlı, şərqdə Daşkənd, Qırxbulaq kəndləri ilə həmsərhəd olub. Kəndin kolxoz təsərrüfatı əsasən kökəltmə maldarlıq və tütünçülük olub. Əhali şəxsi təsərrüfatda mal-qara ilə yanaşı, kartof əkinçiliyi ilə də geniş şəkildə məşğul olub. Bunlardan başqa, burada xalçaçılıq da geniş yayılıb.

Diqqətə çatdırılıb ki, dörd dəfə qaçqınlıq həyatı yaşayan bu oğuz yurdunun əhalisi 1905-1907, 1918-1920, 1948-1953 və nəhayət 1988-1991-ci illərdə zorla doğma yurdlarından çıxarılıb, Bakı, Gəncə, Şəmkir, Yevlax, Xanlar, Samux, Bərdə, Ağdaş, Şamaxı və başqa yerlərdə məskunlaşıb.

Süjetdə “Subatan” adının yaranmasından, bulaqlarda su çoxalan zaman baş verən hadisələrdən, eləcə də ermənilərin bulaqları necə qurutmasından söhbət açılır.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, – fikrini əsas tutaraq, Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasından irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.

 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir