Siyasət

Argentina seçkidən sonra: İndi onun siyasəti necə olacaq? – Buenos-Ayresdən MÜSAHİBƏ

Sharing is caring!


Cari həftənin əvvəlində Argentinada keçirilən prezident seçkisinin ikinci turunun nəticələri məlum oldu. Bir çox ekspertlərin gözləntilərinin əksinə olaraq, qələbəni Xavyer Xerardo Miley qazandı.

Qeyd edək ki, ifrat sağçı siyasətçi “Azadlıq gəlir” adlı koalisiya tərəfindən namizəd kimi irəli sürülmüşdü. Keçmiş ABŞ prezidenti Donald Trampın tərəfdarı olar Xavyer Miley seçicilərin 55 faizinin səsini qazanıb. Onun hakim koalisiyadan olan rəqibi Serxio Massa isə 45 faiz səs toplayıb.

Məlumdur ki, Xavyer Miley erməni milyarder, Cənubi Amerikanın ən zəngin adamlarından biri, “Corporacion America” şirkətinin sahibi Eduardo Ernekyanla sıx əlaqələrə malikdir.

Yeri gəlmişkən, Xavyer Mileyin qələbəsi Argentina və Paraqvayda çalışan, Cənubi Amerikadan olan ictimai xadim, hüquqşünas və sahibkar Leonardo Qolovanov üçün sürpriz olmadı.

Məhz o, seçkilərdən xeyli əvvəl Xavyer Mileyin Argentina prezidenti olmaq şansının ən yüksək olduğunu qeyd etmişdi.

Oxu.Az-la həmsöhbət olan Leonardo Qolovanov qeyd edib ki, Xavyer Mileyin qələbəsini proqnozlaşdırsa da, proqnozunun özünü doğrultmayacağına ümid edib:

– Seçkinin ikinci turunda Xavyer Miley “nüvə” seçicilərinin – qəzəbli, incimiş insanların səslərinin 30 faizini aldı, lakin qalan səslər ona digər namizədlərdən, o cümlədən Patrisiya Bullriçdən gəldi.

Orada sadə bir prinsip var idi – hətta şeytanla birlikdə ol, amma “kirşnerizm”ə qarşı çıx (Kristina Kirşner – 10 dekabr 2007-ci ildən 2015-ci il dekabrın 10-dək Argentinanın 55-ci prezidenti. O, bu postda əri Nestor Kirşneri əvəz edib – red.). Amma mən sizə açıq deyim, Mileyin dediklərini sıravi insanlar da dəstəkləyirlər. Ancaq istəməzdim ki, bir hissəsini mənim də bölüşdüyüm proqramı məhz Miley həyata keçirsin. 

– Argentinanın yeni prezidentini trampçı, libertarian, ifrat sağçı və sair adlandırırlar. Mileyin göstərişi sevən fiqur olduğu aydındır. O, səhnədə tullanıb-düşür, söz verir ki, milli valyuta – pesonu ləğv edib, əvəzinə dolları dövriyyəyə buraxacaq. Bəs əsl həqiqətdə o kimdir?

– O, həm də Böyük Britaniyanın keçmiş baş naziri Marqaret Tetçerin fanatı olduğunu deyir. Və məhz onun dövründə Argentina ilə Böyük Britaniya arasında (Folklend və ya Malvinas adaları üçün – red.) müharibə gedirdi. O, ABŞ-nin keçmiş prezidenti Franklin Ruzveltin pərəstişkarıdır və dollarlaşmanın tərəfdarıdır. Miley dəfələrlə Argentina pesosunun zibil olduğunu deyib. Bu şəxs hətta insan orqanlarının satışının, sadəcə, biznes, başqa bir bazar olduğuna eyham vurub. Əvvəllər o, soyuq silahın sərbəst gəzdirilməsinin tərəfdarı olduğunu bildirmişdi (daha sonra bu sözlərindən geri çəkildi).

Amma yadınızdadırsa, sizinlə ilk müsahibəmizdə demişdim ki, bizim Qadın İşləri Nazirliyimiz var, ona hər il büdcədən xərclər üçün dörd trilyon peso ayrılır – bu rəqəm on iki sıfırdır.

İndi Miley bu qurumu ləğv edəcəyinə söz verir. Ona görə də o, bəzən düzgün şeylər də deyir. Uşaqlarımızı qidalandıra bilmiriksə, cinsini dəyişmək qərarına gələn insanların prosedurlarına pul ödəyə bilmərik. Və yeri gəlmişkən, 40-50 faiz argentinalı isə sadəcə olaraq, aclıqdan ölür.

Təbii ki, onun kifayət qədər düzgün fikirlər səsləndirməsi də suallar doğurur. Onun ritorikası məlumatsız adamda panika yarada bilər. Amma argentinalılar – latın xalqıdır, baxmayaraq ki, bizdə çoxlu avropalı mühacir axını baş verib. Latın reaksiyası həmişə emosiyadır. Və o bununla insanları ələ alır.

– Niyə onu “benzinlə işləyən mişarlı iqtisadçı” adlandırırlar?

– O, seçki kampaniyasının bir hissəsini həmin o mişarla keçirdi. Nazirlikləri ixtisar etmək, büdcə xərclərini azaltmaq, oğruları cəzalandırmaq və bu kimi şeyləri vəd edirdi. Yəqin ki, onun fotolarını görmüsünüz. Miley bir çox hallarda saçını daramır, özünəməxsus görünüşü var. Hətta ona saçının tərzinə görə “şir” ləqəbi veriblər. Amma məsələn, Patrisiya Bullriçin adını qısaldaraq “Pato” ləqəbini verdilər. Pato isə ispan dilində ördək deməkdir. Başlanğıcda o, öz seçki kampaniyasını aslanın ördəyə hücum etməsi üzərində qurmuşdu. Lakin birinci turdan sonra onlar “kirşnerizm”ə qarşı birgə hərəkət etməyə razılaşdılar və Xavyer Miley özünün 30 faizinə daha 25 faizi əlavə etdi. Düzdür, hələlik Miley kabinetinə “makrizm” tərəfdarlarını daxil etmir (Patrisia Bullriç təsisçisi Argentinanın keçmiş prezidenti Maurisio Makri (2015-19) olan “Dəyişiklik üçün birlikdə” müxalifət alyansından namizəd olub – red.).

Xavyer Miley artıq BRICS-dən (Braziliya və Rusiyanın iştirakı ilə dövlətlərarası birlik – red.) imtina etdiyini, Braziliya ilə işləməyəcəyini (biz isə bu ölkə ilə ən sıx ixrac-idxal münasibətlərinə malikik) bildirib.

O, “Mercosul” (ispanca Mercado Comu’n del Cono Sur – Cənubi Amerika ölkələrinin ortaq bazarı) çərçivəsində əməkdaşlığa qarşıdır, lakin sağçıların hakimiyyətdə olduğu Paraqvay və Uruqvayla işləyəcəyini bildirib.  Xarici siyasətin vektoru ABŞ istiqamətində göstərilir. Və təbii ki, Miley nə Çinlə, nə də Rusiya ilə işləmək istəyir.

– Yeri gəlmişkən, Xavyer Miley seçiləndən sonra Argentina ilə Braziliya arasında müharibə olacağını istisna etməyən bəzi ekspertlərin proqnozlarını gördüm. Braziliyada ultrasolçular hakimiyyətdədirlər, Argentinada isə indi ultrasağçılardır…

– Hesab edirəm ki, belə bir proqnoz kökündən yanlışdır. Braziliyanın normal, güclü ordusu var. Argentina isə silahlı qüvvələrini məhv etdi. Xavyer Mileyin hökumətində vitse-prezident olan Viktoriya Villarruel Malvin adaları uğrunda Böyük Britaniya ilə vuruşmuş və 1983-cü ilə qədər repressiyalarda iştirak etmiş hərbçinin qızıdır. Bəli, burada qismən müharibə tərəfdarı mövqeyində olanlar var. Amma döyüşmək üçün silahımız, amalımız yoxdur. Buna görə də Braziliya ilə müharibə olmayacaq.

– Keçən dəfə sizinlə söhbət edəndə demişdiniz ki, Xavyer Miley Ernesto Ernekyana işləyir…

– X.Miley Ernekyanın “Corporacion America” korporasiyasında işləyən vəkil Mariano Kuneo Libaronu ədliyyə naziri kimi öz komandasına götürüb. Mariano Kuneo Libaron hüquqşünas ailəsindəndir və onlara münasibət müxtəlifdir, lakin o, Argentinada geniş şəkildə tanınır.

– Miley bir çox nazirlikləri – İdman, Qadın İşləri üzrə nazirlikləri və sair qurumları buraxacağına söz verib…

– O söyləyib ki, cəmi səkkiz-doqquz qurumu saxlayacaq…

– Üstəlik, o, həm də pesonu ləğv edəcəyini söyləyib. Necə düşünürsünüz, bu nə qədər doğru addımdır?

– Sizə deyə bilərəm ki, Xavyer Mileyin parlamentdə ciddi dəstəyi yoxdur. O, qanunları qanunverici orqandan keçirə bilməyəcək. Əgər o, parlamentdən yan keçərək hərəkət edərsə, ciddi xalq reaksiyası yarana bilər.

Bizdə belə bir təcrübə var ki, insanlar qazan döyəcləyirlər və bundan sonra prezidentlər helikopterlə ölkəni tərk edirlər. Lakin o, əvvəllər haqsız yerə incidilmiş hərbi qulluqçularla əhatə olunacaq. Və onlar Mileyin arxasında möhkəm dayanacaqlar. Bəli, o zaman qan tökülə bilər. Amma düşünürəm ki, Xavyer Miley bütün riskləri çox yaxşı anlayır. Seçki kampaniyası zamanı çox şeylər vəd edilir, epataj bəyanatlar verilir. Lakin onlar icra ediləcəkmi? Bundan əlavə, həyat həmişə öz düzəlişlərini edir. O, dollarlaşmadan danışa bilər, amma sonra axı mövqeyi aydınlaşdırmaq lazımdır – bu dərhal baş verəcəkmi, sonra olacaqmı və sair. İndi bir dollar təxminən 1 000 peso dəyərindədir…

– … keçən dəfə danışanda məzənnə bir dollar/540 peso idi…

– Görürsünüz də, indi məzənnə qeyd etdiyiniz kimidir. Pesonun məzənnəsi sürətlə enməyə meyillidir. Hələlik dekabrın 10-na qədər hakimiyyətdə köhnə hökumətdir, hansı ki, mümkündür ki, pesonu devalvasiyaya məruz qoymağa məcbur qalacaq, onsuz da, bundan sonra onun artıq başqa itirəcək heç nəyi də yoxdur. Amma bu, Xavyer Mileyin rəsmi olaraq ölkənin sükanı arxasına keçməsindən əvvəl baş verəcək.

– Gəlin xarici siyasətdən danışaq. Argentinanın siyasəti daha çox erməni mərkəzli olacaqmı?

– Nəzərinizə çatdırım ki, Argentina “erməni soyqırımı”nı çoxdan tanıyıb (dırnaq işarələrini biz qoymuşuq – red.). Amma hesab edirəm ki, Argentinanın erməni mərkəzli siyasətinin güclənməkdə davam etməsi mümkündür. Xavyer Miley – səbatsız adamdır. Mən sizə bir nümunə verəcəyəm. Argentina iqtisadi cəhətdən Çinin bizə köçürəcəyi vəsaitdən asılıdır ki, biz Beynəlxalq Valyuta Fonduna borcun bir hissəsini ödəyə bilək. Bu, yəqin ki, Çin ilə mübahisə etmək üçün ən yaxşı vaxt deyil. Lakin Miley üçün Çin, onun fikrincə, kommunistlərin hakimiyyətdə olduğu Rusiya kimi düşməndir. Biz, həmçinin, ABŞ-dən asılıyıq. Eyni zamanda, Miley amerikalıların borclarını ödəyəcəyini söyləyib.

– Bəs xalqın buna münasibəti necədir?

– 55 faiz Xavyer Mileyə səs verdi.

– Bəli, 55 faiz ona səs verdi, amma bu, bütün xalq deyil.

– Bəli və bu elektoratın bir hissəsi iqtisadçılar və ya analitiklər deyil. Onlar Xavyer Mileyi bəyəndilər, seçicilər əvvəlki hakimiyyətə qəzəbli idilər və bir çox cəhətdən seçicilər haqlı idilər. Onlar dəyişikliklər istəyirdilər, lakin bu dəyişikliklərin nə gətirəcəyini təxmin belə etmirlər.

– Seçici fəallığı yüksək idi?

– 75%-dən çox oldu. Nəzərə almaq lazımdır ki, bu faiz Argentinada seçkidə iştirakın məcburi xarakter daşıdığı halda qeydə alınıb. Belə ki, seçici səs verməsə, o cərimələnir. Düzdür, cərimənin məbləği indi, demək olar ki, simvolikdir – təxminən yarım dollar.

– Hər bir halda, insanların əhvali-ruhiyyəsi necədir? İnsanlar Argentinanı tərk edib sakit bir məkana, məsələn, Paraqvaya və ya başqa yerə köçmək fikrində deyillər ki? Axı belə heyrətamiz bəyanatlar səsləndi və əgər bu bəyanatların bir hissəsi reallaşsa, ölkənin başına nə gələcəyini təsəvvür etmək çətindir. Üstəlik, bütün bunlar səhnədə atılıb-düşən qalib namizədin fonunda baş verir.

– (gülür). Mən sizi başa düşürəm, siz başqa şeyə öyrəşmisiniz. Ancaq bizim tariximizə baxın, arxivlərimizə baş vurun. 1983-cü ildə bizə demokratiya qayıtdı. Bu baş verəndə biz iki partiya – “Peronistlər” (Prezident Xuan Peronla əlaqəli Argentina siyasi ideologiyası – red.) və Vətəndaş Radikal İttifaqı arasında seçim etməli olduq. Həmişə radikalları məğlub edən “peronistlər”in tərəfində əyalətlərdən birinin qubernatorluğuna namizəd Herminio İqlesias da var idi. O, çıxışlarının birində üzərində siyasi yazı olan tabutu yandırmışdı. Seçicilər bunu ona bağışlamadılar. Nəticədə radikallar qalib gəldilər və Vətəndaş Radikal İttifaqından Raul Rikardo Alfonsin Argentinanın prezidenti oldu. Buna görə də Xavyer Maylinin səhnəyə tullanması argentinalıları qətiyyən qorxutmadı və narahat etmədi.

– Gəlin ümumiləşdirək: seçkidən sonra Argentina nəyə nail oldu?

– Argentina heç nəyə nail olmadı. Biz argentinalılar isə özümüzə gəlməyə çalışırıq (gülür).

Nair Əliyev

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir