Cəmiyyət

Dini Komitə son günlər qəbiristanlıqlarla bağlı səsləndirilən fikirlərə münasibət bildirib

Sharing is caring!


“Qəbiristanlıqların reyestri (qeydiyyata alınması) Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) səlahiyyətlərinə daxildir. Qəbiristanlıqların idarə olunmasını isə bələdiyyələr təşkil edir”.

Bunu “Report”un sorğusuna cavab olaraq Dövlət Komitəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Yaqut Əliyeva son günlər qəbiristanlıqlarla bağlı səsləndirilən fikirlərə münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, DQİDK dini fəaliyyət sahəsində dövlət siyasətinin həyata keçirilməsini, dini qurumlarla bağlı qanunvericiliyin müddəalarına riayət edilməsini, müvafiq icra hakimiyyəti orqanlarının dini qurumlarla bağlı fəaliyyətini təmin edən mərkəzi icra hakimiyyəti orqanıdır.

Şöbə müdiri xatırladıb ki, Nazirlər Kabinetinin qərarı ilə “Qəbiristanlıqların salınması və idarə olunması Qaydaları” təsdiq olunub:

“Bu qaydalara əsasən, qəbiristanlıqların reyestri (qeydiyyata alınması) Dövlət Komitəsinin səlahiyyətlərinə daxildir. Qaydalara əsasən, qəbiristanlıqların idarə olunması isə bələdiyyələr tərəfindən təşkil edilir. Həmçinin “Bələdiyyələrin statusu haqqında” qanuna əsasən mövcud qəbiristanlıqların qorunması, saxlanılması, idarə olunması, abadlaşdırılması, köçürülməsi, yeni qəbiristanlıq sahələrinin ayrılması, yas mərasimlərinin keçirilməsi üçün nəzərdə tutulmuş tikililərin təmiri və yenilərinin inşası, mərasim və dəfn xidmətlərinin, o cümlədən bələdiyyənin ərazisində yaşayan əhalinin aztəminatlı təbəqəsindən olan mərhumların dəfn və yas mərasimlərinin təşkilinə yardım göstərilməsinin bələdiyyələr tərəfindən həyata keçirilməsi nəzərdə tutulur. Eyni zamanda qəbiristanlıqların salınması, idarə olunması Nazirlər Kabinetinin müəyyən etdiyi qaydalara uyğun olaraq həyata keçirilir”.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir