Siyasət

MM-in iclasda deputatlar arasında “dava”: “Çıxışını kim hazırlayıb, bilmirəm”

Sharing is caring!


“Ölkəmizdə pensiya sisteminin, pensiyaçıların vəziyyətinin müstəqil analizi üçün ətraflı hesabatlılığa ehtiyac var. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin bu cür hesabatlılığın təmin edilməsi sahəsində işləri məni qane etmir”.

Modern.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Etibar Əliyev deyib.

“Problemləri, real mənzərəni aydın görmək üçün axtarıb tapmalı olduğumuz statistika nə üçün əlçatan deyil? Gələn il orta aylıq pensiyanın 483 manata çatacağı həvəslə vurğulanır. Amma vacib göstərici olan median pensiya məbləği açıqlanmır. Hansı səbəbdən pensiyaçıların pensiya məbləğinə görə sayı açıq, əlçatan olmalı deyil? Nə qədər pensiyaçı minimum pensiya alır? Nə qədər insan orta aylıq pensiya məbləğindən aşağı, nə qədəri həmin məbləğdən yüksək pensiya alır? Bu sualların cavabı yoxdur.

Nəzərə alaq ki, orta aylıq pensiya məbləği bəzən “elitar pensiyaçı” adlanan kiçik qrup insanın yüksək pensiyası hesabına da yüksələn deyil. Ona görə də median göstərici mütləq açıqlanmalıdır. Azərbaycanda kiçik bir qrupun pensiyası çox yüksəkdir. Əksəriyyətinin pensiyası isə minimum pensiyaya yaxın məbləğdədir. Ona görə də Azərbaycanda orta pensiya yüksək alınır. Median pensiya o deməkdir ki, pensiyaçıların yarısı bu məbləğdən aşağı, yarısı isə yuxarı alır. Həmin məbləği isə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi hesablamalıdır”, – o qeyd edib.

Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev Etibar Əliyevə cavab verib:

“Etibar müəllimin çıxışını kim hazırlayıb, bilmirəm, kim hazırlayıbsa, onun median haqqında məlumatı yoxdur”.

Deputat Etibar Əliyev isə yenidən söz istəyib və bildirib ki, çıxışını özü yazır:

“Burada Musa Quliyev qeyri-etik bir ifadə işlətdi ki, guya mənim çıxışlarımı kimsə yazır. Bu, qəbahət deyil. Ancaq bunu söyləməyin özü savadsızlıq və qərəzlilikdir. Mən tənqidi fikrimi söyləmişəm, sizin də arqumentiniz varsa, cavab verin. Hər bir deputatın məsləhətçisi, köməkçisi ola bilər. Ancaq mən çıxışlarımı özüm yazıram”.

Musa Quliyev isə qeyd edib ki, Etibar Əliyevin qeyd etdiyi kimi qeyri-etik ifadə yoxdur:

“Özü də dedi ki, deputatın məsləhətçisi, köməkçisi ola bilər. Etibar müəllim iqtisadçı deyil. Biz də öz sahəmizə aid olmayan çıxışlarımızı Milli Məclisin müvafiq şöbələrindən ekspertlərlə məsləhətləşirik. Nəzərə almalıyıq ki, Etibar müəllim iqtisadçı deyil. Yenə deyirəm, Etibar bəy bizim dostlarımızdan biridir. Ümid edirəm, Etibar bəy bizi siyahıdan çıxarmaz”.

Sədr Sahibə Qafarova isə belə deyib:

“Mən Etibar bəy çıxış edəndən sonra da münasibət bildirirəm. Etibar müəllim, küsmürsünüz ki? Düşünürəm ki, heç küsə də bilməzsiniz”.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir