Siyasət

Bakı İrəvana “gecikirsiniz” deyir və xəbərdarlıq edir – TƏHLİL

Sharing is caring!


Azərbaycan Xarici İşlər Nazirliyi bəyanat yayıb ki, Ermənistan sülh müqaviləsi ilə bağlı Bakının sonuncu təkliflərinə iki ay yarım müddət ərzində cavab verməyib.

Bundan əvvəl Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev analoji bəyanatla çıxış etmişdi.

XİN-in bəyanatında diqqəti çəkən bir neçə cümlə var. Rəsmi Bakı bildirir ki:

– Qarşılıqlı məqbul məkanın seçilməsi və ya dövlət sərhədində görüş barədə qərar verilməsi də daxil olmaqla, sülh prosesinin davam etdirilməsinə görə iki ölkə məsuliyyət daşıyır;

– Ermənistan tərəfinin yeni lüzumsuz yubatmalara yol verməyəcəyinə və danışıqların tezliklə başlanması üçün bu çağırışa müsbət cavab verəcəyinə ümid edir.

Azərbaycanın mövqeyini belə izah etmək olar ki, Ermənistan sülh müqaviləsi ilə əlaqədar təkliflər paketini regional mühiti Bakının maraqlarına qarşı dəyişmək üçün sınaqdan keçirir.

Bu fikri gücləndirə biləcək tendensiya nəzərə alınmalıdır, çünki regional nizamın təkbaşına mərkəzi dirəkləri olmaq uğrunda Rusiya ilə Qərb arasında açıq-gizli rəqabət yeni üfüqləri fəth edir.

Ermənistan özünün yerini Qərbin Rusiya qarşısında böyük məsafəyə qədər irəliyə getməsi arzuları ilə stimullaşdırmaq istəyir.

Təhlükəsizliklə əlaqədar problem bundadır ki, İrəvandan verilən siqnallar Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasına qarşı hüdudları tapdalamaq xəttinə çatır.

Buna görə də Azərbaycan tərəfi Ermənistanı diplomatik nəzakətlə, bir o qədər də xəbərdaredici tonda dərhal danışıqlara dəvət edir və regionda kənar qüvvələrin siyasətini həyata keçirməməyə çağırır.

Hərçənd ki, rəsmi İrəvan sülh sazişi üzrə altıncı təkliflər paketini Bakıya təqdim etdiyini açıqlayıb. Özü də bu məlumat Azərbaycan XİN-in bəyanatından əvvələ təsadüf edib.

Prinsip etibarı ilə, Ermənistanın təkliflər paketində əhəmiyyətli bir irəliləyiş olmadığı görünə bilər. Bu baxımdan, Azərbaycanın mövqeyi Ermənistanı sülh üçün daha konstruktiv əsaslar tapmağa dəvət etməkdir.

Azərbaycan bunun üçün qeyd edir ki:

– Bakı ilə İrəvan arasındakı görüşlərdə kənar qüvvələr iştirak etməsin,

– Etimad mühiti üçün təyinatından asılı olaraq görüşlərin bir qismi Azərbaycan-Ermənistan sərhədində keçirilsin.

Ancaq İrəvan düzgün ipdə oynamasa, vəziyyət dəyişmək potensialındadır. Sülhün əksinə gedilsə, Azərbaycan regionu təhlükəli risklərdən qorumaqdan ötrü Ermənistanla bağlı strategiyasını diplomatiyadan fərqli olaraq başqa təzyiq üsullarına keçirə bilər.

Çünki yaxın keçmişdə belə ssenarilər tez-tez baş verib və Ermənistan nəticədə güzəştlərə məcbur olub.

Ancaq Azərbaycan regionu gərginləşdirə biləcək kənar provokasiyalara uymur, hərçənd ki, Bakının “qırmızı xətləri”nə qarşı davamlı hərəkətlər olsa, bunun cavabı düşündüyümüzün də fövqünə çıxa bilər.

Aqşin Kərimov

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir