Siyasət

Fransanın Ermənistanı silahlandırması: Paris Cənubi Qafqazda sülhə qarşı – ŞƏRH + FOTO

Sharing is caring!


Fransanın Ermənistana verdiyi silah-sursat ölkənin sosial şəbəkə seqmentində, xəbər saytlarında əsas müzakirə mövzusuna çevrilib. Yeni növ silahlar ölkənin az qala bütün problemlərini həll edəcəyi kimi qələmə verilir.

Ermənistanın nə 44 günlük müharibə, nə də Qarabağda separatizmə son qoyan birgünlük antiterror tədbirlərindən dərs çıxarmadığı görünür. Revanşizm, “Böyük Ermənistan” xəstəliyi görünür hələ uzun müddət cəmiyyətdə hökm sürəcək. Anlamaq istəmirlər ki, rəsmi Paris hər vəchlə Cənubi Qafqazı Ukrayna, Suriyaya çevirməyə çalışır və bu çirkin planın həyata keçirilməsində də onlardan yararlanır. Ermənilər kor-koranə şəkildə çirkin və təhlükəli planın reallaşmasında vasitəyə çevrilir. Ermənistanı müasir silahlarla təchiz edən Fransa destruktiv mövqe ortaya qoyur – bütün beynəlxalq hüquq normalarını pozaraq onu hərbi texnika ilə təchiz etməyə başlayıb. 30 ilə yaxın dövrdə Azərbaycan torpaqlarını işğal altında saxlayan, hazırda da təcavüzkar siyasətdən və ritorikadan əl çəkməyən Ermənistanın hərbi potensialının gücləndirilməsinin hədəfi bəllidir – bölgədə destruktiv fəaliyyətin davam etdirilməsi. Özünü beynəlxalq hüququn təbliğatçısı, bölgədə sülh və sabitliyin tərəfdarı kimi təqdim edən Fransanın bu addımları regionda dövlətlərin suverenliyi, ərazi bütövlüyü və beynəlxalq sərhədlərin qarşılıqlı şəkildə tanınması və hörmət edilməsi əsasında əlaqələrin normallaşdırılması səylərini ciddi şəkildə sual altına qoyur və vəziyyətin gərginləşdirilməsinə xidmət edir.

Azərbaycan Xarici İşlər Nazirliyi yaydığı bəyanatda qeyd edib ki, Fransanın Azərbaycana qarşı apardığı qarayaxma kampaniyası və bölgədəki destruktiv fəaliyyəti fonunda Ermənistanın hərbiləşmə siyasətinə xidmət edən bu addımları Fransanın bölgədə yanlış maraqlardan çıxış etdiyini göstərir. Ermənistan və Fransa bölgədə silahlanmaya və hərbiləşmə siyasətinə son qoymalı, bu ölkələr bölgədə sülh və əməkdaşlığın alternativinin olmadığını nəhayət anlamalıdırlar.

Fransız silahının ölkəyə gətirilməsi nə ilə nəticələnəcək? Bölgədə vəziyyəti gərginləşdirəcəyi, regionun fövqəldövlətlər arasında mübarizə meydanına çevirəcəyi şəksizdir. Ermənistan da bütün fəaliyyətini bu yöndə qurmağa başlayıb, Rusiyanın himayəsi ilə qurulan təşkilatlarda iştirakdan birmənalı şəkildə imtina edir, birgə təlimlərə qatılmır. Gələcəkdə Rusiyaya məxsus hərbi bazanın da ölkə ərazisindən çıxarılması istiqamətində fəaliyyətə başlanılması da nəzərdə tutulub.

Qeyd edək ki, fransız silahı az qala toy-bayram kimi qəbul edilsə də, fərqli düşünənlər də var. Tədarük edilən silahlar Rusiya silahı kimi əhəmiyyətsiz olacaq. Məsələn, “Acmat” şirkətinin “Bastion” zirehli döyüş maşınları Afrika və Yaxın Şərq iqliminə uyğundur. Cənubi Qafqaz şəraitində bu zirehli döyüş maşınları praktiki cəhətdən əlverişsizdir. İndiyə qədər bu avtomobilləri Benin, Somali, Qabon, Kamerun, Mali, Burkino-Faso və digər Afrika ölkələri alıblar.

Digər problem Fransanın silah sövdələşməsinə Qərb ölkələrinin susqunluğudur. Azərbaycan 2020-ci ildə öz ərazisini işğaldan azad etməyə başlayanda elə bir dövlət qalmadı ki, ölkəmizi sanksiyalarla hədələməsin. Hətta uzaq Kanada belə bu hədələrə qoşuldu. İndi isə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzv ölkə NATO-ya daxil olan ölkədən hərbi texnika və silah-sursat alır.

Bəs, Fransa o silahları verməklə Ermənistan güclənəcəkmi? Təbii ki, bu düşüncə kökündən səhvdir.

Birincisi, hərbi texnika və silah heç də müharibənin taleyini həll etmir. İlk növbədə, müharibədə uğur qazanmağın əsas səbəbi əsgərin döyüş ruhudur. Ermənistan ordusunda isə bu hiss tarix boyu olmayıb. O ki qaldı Birinci Qarabağ müharibəsində əldə etdiyi müvəqqəti uğurlara, kimin və nəyin hesabına buna nail olduğu bəllidir. O zaman Azərbaycanda hakimiyyətsizlik, başıpozuqluq, nizami ordunun olmaması və ən əsası, Ermənistana Rusiya, Fransa kimi dövlətlərin hərtərəfli dəstəyi ona imkan verdi ki, müharibədə üstünlüyü ələ alsın. İndi nə 1993-cü ildir, nə də nizamsız ordu var. Müasir Azərbaycan Ordusuna 44 gün bəs etdi ki, Ermənistan kapitulyasiya aktını imzalasın. Bu il sentyabrın 19-20-də isə 24 saat ərzində 200 illik separatizmə son qoyuldu.

Xatırladaq ki, oktyabrın 23-də Ermənistanın müdafiə naziri Suren Papikyanın fransalı həmkarı Sebastien Lekornu ilə imzaladığı hərbi əməkdaşlıq sazişinə görə, Ermənistan Fransanın “Thales” müdafiə qrupundan üç “Ground Master 200” (GM200) radar sistemi də alacaq. Bu radar sistemi PUA, helikopter, qanadlı raketlər kimi təhlükələri aşkar etmək və izləmək qabiliyyətinə malikdir. “Ground Master 200” müasir radar sistemi 250 km uzaqlığında hava hədəflərini aşkar etmək imkanına malikdir. Görünən odur ki, Ermənistan silahlı qüvvələri hava hücumundan müdafiə qoşunlarının itirilmiş döyüş qabiliyyətini bərpa etmək istəyir. Bəs Ermənistan bu silahları almaq üçün vəsaiti varmı? Bəzi fikirlərə görə, ona silahlar pulsuz veriləcək. Fransanın “Le Monde” qəzeti də bir müddət əvvəl bu məsələyə toxunub. Materialda bildirilib ki, ermənilərə radar və zenit-raket komplekslərinin satışı ilə yanaşı, birgə təlimlərin keçirilməsi də daxildir. Lakin Ermənistanın bu xərcləri necə ödəyəcəyinin sual altında olduğu qeyd edilib. “Bunlar Ukraynaya hərbi yardımda olduğu kimi silah tədarükü deyil, məbləği bir neçə yüz milyon avroya çata biləcək müqavilələrdir. Amma İrəvanın onların pulunu necə ödəyəcəyi hələ məlum deyil”, – qəzet yazıb.

Yekunda bir daha qeyd edək ki, Avropa dövlətləri, onun müxtəlif təşkilatları, sülhü təbliğ edən qurumları Cənubi Qafqazın Fransanın əli ilə silahlandırılmasına reaksiya verməlidirlər. Anlamalıdırlar ki, bölgədə sülh və əmin-amanlığın bərpası, yekun sülh sazişinin imzalanması yolu məhz bundan keçir.

“Report” İnformasiya Agentliyi 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir