Siyasət

Üçtərəfli Bəyanat Azərbaycanın siyasi müstəvidə gücünün göstəricisidir

Sharing is caring!

Əzəli torpaqlarımızı işğal edən Ermənistan 2020-ci il sentyabrın 27-də beynəlxalq hüquq normalarını yenidən kobud surətdə pozaraq bir neçə istiqamətdə Azərbaycan Respublikasının yaşayış məntəqələrini, hərbi mövqelərini atəşə tutmuşdur. Azərbaycan Respublikasının milli təhlükəsizliyinə qarşı real və potensial hərbi təhdidlərin qarşısının alınması üçün əks-hücum əməliyyatlərına başlanılmışdır.
Azərbaycan Respublikası Prezidentinin 27 sentyabr 2020-ci il tarixli Fərmanı ilə 2020-ci il 28 sentyabr saat 00:00-dan Azərbaycan Respublikasının bütün ərazisində hərbi vəziyyət elan edilmiş və hərbi əməliyyata başlanılmışdır.  
Qarabağda başlanan uğurlu əks-hücum əməliyyatı nəticəsində noyabrın 9-dək 5 şəhər, 4 qəsəbə və 286 kənd işğaldan azad edilmiş, Ermənistan ordusunun canlı qüvvəsi və  texnikası tam məhv edilmişdir. 10 noyabr 2020-ci il tarixdə imzalanmış üçtərəfli Bəyanata əsasən Ermənistan  bir güllə atmadan noyabrın 20-si Ağdam, 25-i Kəlbəcər, dekabrın 1-i isə Laçın rayonları Azərbaycana qaytarılmışdır.
Azərbaycan Respublikasının Ordusunun qalibiyyətinin səbəblərindən biri də xalqın həmrəyliyi, düşmənə qarşı birgə mübarizəsi idi.  Minlərlə gənc işğalçılara qarşı mübarizə aparmaq üçün cəbhəyə könüllü müraciət edirdi. Ölkəmizdə yaşayan bütün millətlərin nümayəndələri düşmənlə vuruşmaq üçün müraciət edir, sosial şəbəkələrdə aktivlik göstərir, arxa cəbhədə maddi və mənəvi dəstək verirdilər.
Ali Baş Komandan İlham Əliyevin israrlı mövqeyi nəticəsində “Dağlıq Qarabağ Muxtar Vilayəti” statusu ləğv edildi.
44 günlük müharibədə döyüş strategiyamız bütün dünya hərbçilərinin marağına səbəb olmuşdur. Hazırda bu hərbi əməliyyatlar həm texniki imkanlar, həm də operativ addımlar, əməliyyatların hazırlanması və icra edilməsi baxımından bütün dünyada öyrənilir. Azərbaycan, eləcə də dünya hərb tarixinə yenilik kimi düşən hərbi strategiyanı tətbiq edərək, ən müasir silahlardan istifadə etməklə, habelə minimal itkilər verərək qısa müddət ərzində düşmənin bütün hərbi texnikasını məhv etmiş, canlı qüvvəsinə ciddi zərbə vurmuşdur. Keçilməz yollara malik olan Şuşa düşünülmüş və yüksək səviyyədə hazırlanmış plan ilə düşməndən təmizlənmişdir.
İkinci Qarabağ müharibəsində Azərbaycana dəstək verən dövlətlər sırasında birinci yerdə Türkiyə dayanırdı. Türkiyənin rəsmiləri Azərbaycanın yanında olduğunu bildirən bəyanatlarla çıxış edirdilər. Türkiyənin açıq dəstəyi bir çoxlarının bu münaqişəyə müdaxilə cəhdlərini alt-üst etmiş, bu da Azərbaycan Ordusunun inamını daha da artırmışdır.
30 ildir danışıqlar prosesində Ermənistan nail olmaq istədiklərinin heç birini əldə edə bilməmiş və “Böyük Ermənistan” planı fiaskoya uğramışdır. Beləliklə, “Dağlıq Qarabağ”ın statusunun müəyyən edilməsi məsələsi arxivə getmişdir. İmzalanmış Bəyanat rəsmi İrəvanın regionun inkişafına təhdid yaradan işğalçı siyasətinə son qoymuşdur. Bəyanatın imzalanması ilə son 3 ildə bir çox siyasi, diplomatik və iqtisadi uğurların əsası qoyulmuşdur:
Ağdam, Laçın, Kəlbəcər rayonlarının, Laçın şəhərinin, Zabux və Sus kəndlərinin qan tökülmədən qaytarılması.
Azərbaycanla Türkiyə arasında tarixi münasibətlərin yeni mərhələsinin əsasını qoyan Şuşa Bəyannaməsinin 2021-ci il iyunun 15-də imzalanması.
Azərbaycan tərəfindən sülh müqaviləsi üçün əsas olan beynəlxalq hüququn beş əsas prinsipinin irəli sürülməsi: ölkələrin ərazi bütövlüyünün qarşılıqlı tanınması, gələcəkdə ərazi iddialarından çəkinmək, güc tətbiq etməmək və ya güc tətbiq etmək hədəsindən çəkinmək, dövlət sərhədlərinin müəyyən edilməsi və kommunikasiyaların açılması.
Sərhədlərin delimitasiyası ilə bağlı müvafiq komissiyaların yaradılması.
Prezident İlham Əliyevin 2022-ci il 6 oktyabr tarixində Praqada Avropa İttifaqı Şurasının Prezidenti, Fransa Prezidenti və Ermənistanın baş naziri ilə görüşlərin nəticəsində imzalanmış Bəyanatla Azərbaycanın ərazi bütövlüyünün tanınması.
“Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı” çərçivəsində işğaldan azad edilən şəhər və kəndlərimizin yenidən qurulması, öz yurd-yuvalarından didərgin düşən soydaşlarımızın evlərinə qaytarılması.
2023-cü il 23 aprel tarixində “Laçın” sərhəd-buraxılış məntəqəsinin qurulması ilə Azərbaycanın ərazi bütövlüyünün təmin olunması.
2023-cü ilin sentyabr ayında antiterror tədbirləri nəticəsində Azərbaycanın suverenliyinin tam bərpası.
Ümummilli Lider Heydər Əliyevin müstəsna xidmətləri sayəsində formalaşan və inkişaf yoluna qədəm qoyan Azərbaycan Silahlı Qüvvələri bu gün Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında öz xalqına Qələbəni bəxş etmişdir. Üçtərəfli Bəyanat isə Azərbaycanın siyasi müstəvidə gücünün göstəricisidir.
 
Səhər Orucova
BDU-nun nəzdində İqtisadiyyat və Humanitar Kollecin direktoru
 Xəbəral.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir