Siyasət

Fərid Şəfiyev: “Biz Ermənistana ərazi iddiası etmirik”

Sharing is caring!


Bakıda “Böyük Qələbənin 3-cü ildönümü: Münaqişədən sonrakı dövrün çağırışları və imkanları” mövzusunda simpozium keçirilib.

APA xəbər verir ki, tədbirdə Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) İdarə Heyətinin sədri Fərid Şəfiyev, Xəzər Universitetinin təsisçisi Hamlet İsaxanlı, Azərbaycan Respublikasında akkreditə olunmuş diplomatik korpus nümayəndələri və digər rəsmi şəxslər iştirak ediblər.

Tədbirin açılış mərasimində çıxış edən Hamlet İsaxanlı ölkəmizin Qarabağdakı qələbəsini tarixi hadisə adlandırıb:

“Azərbaycan əsrlər boyu müxtəlif müharibələrin və tarixi hadisələrin şahidi olub. Qarabağ münaqişəsinin yaranması sovet dövrünə gedib çıxır. Həmin dövrdə Dağlıq Qarabağ adlanan ərazidə separatçı qüvvələrin həyata keçirdiyi siyasət nəticəsində bizim tarixi torpaqlarımızda adların dəyişdirilməsinin şahidi olduq. Tarixi adı Xankəndi olan şəhərin adı dəyişdirilib “Stepanakert” edildi və bu da onu göstərir ki, torpaqlarımızda işğal prosesinin əsası həmin dövrdən qoyulub. Heydər Əliyevin hakimiyyətə gəlməsindən sonra ölkəmizin əsas hədəflərindən biri Qarabağ torpaqlarının işğaldan azad olunması oldu. Prezident İlham Əliyevin rəhbərliyi altında 3 il bundan qabaq 44 günlük İkinci Qarabağ müharibəsində qalib gəldik. Bu ilin sentyabrında isə antiterror tədbirləri keçirərək suverenliyimizi tam şəkildə bərpa etdik”.

Tədbirdə çıxış edən BMTM sədri Fərid Şəfiyev ölkəmizin ərazi bütövlüyü uğrunda apardığı mübarizənin nəticəsində Qarabağın separatizmdən azad olunmasını diqqətə çatdırıb:

“Azərbaycan Qarabağın azad olunması üçün böyük çətinliklərdən keçdi, sülh çağırışları etdi, lakin erməni separatçılarının işğalçı siyasəti bizə torpaqlarımızı güc yolu ilə azad etməkdən başqa çıxış yolu qoymadı. 44 günlük müharibədən sonra Azərbaycan dəfələrlə Qarabağdakı qanunsuz silahlı birləşmələri ərazilərimizi tərk etməyə çağırdı. Çağırışların gözlənilən nəticəni verməməsi torpaqlarımızda antiterror tədbirləri keçirməyə gətirib çıxardı. Hazırda postmünaqişə dövründə biz regionda sülh və əmin-amanlığın təmin olunması üçün addımlar atırıq. Ermənistanla sülh sazişinin bağlanması üçün şərtlər irəli sürülüb. Tarixə nəzər salanda görürük ki, regionda etnik təmizləmə siyasəti həyata keçirən bir ölkə var. Bu ölkə Ermənistandır. Azərbaycanlıların öz qədim torpaqlarından köçürülməsini nəzərdə tuturam. Qarabağdan könüllü köçən ermənilərin yenidən qayıtması ilə bağlı məsələlər müzakirə olunur. Belə olan halda ermənilər niyə öz torpaqlarından didərgin düşmüş azərbaycanlıların doğma yurdlarına qayıtmasından danışmır? Biz Ermənistana ərazi iddiası etmirik, lakin belə düşünürük ki, əgər sülhə nail olmaqdan söhbət gedirsə, hər iki tərəfin hüquqları bərabər şəkildə təmin edilməlidir”.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir