İqtisadiyyat

Mərkəzi Bank faiz dərəcəsini davamlı endirəcəkmi?

Sharing is caring!


Pərviz Heydərov yazır…

Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyəti tərəfindən uçot dərəcəsi 18 dekabr 2020-ci ildən sonra ilk dəfə olaraq bu ayın ikisindən etibarən azaldıldı. Yəni təxminən, üç illik fasilədən sonra… 

2021-ci ilin oktyabrın 17-dən bunun ardıcıl olaraq yüksəldilməsi haqqında qərarlar qəbul edilirdi. Belə ki, 6,25%-dən 9%-dək qaldırılmışdı, bu ilin mayın 4-dən isə 9% edilmişdi. 

Bu rəqəm 8,5 %-ə endirilib.

Sual oluna bilər, sözügedən rəqəm pandemiya dövründə, yəni 2020-ci ildə niyə azaldılırdı və 2021-ci ilin oktyabrından niyə artırılmağa başlandı?

Cavab budur ki, pandemiya ilində işgüzar aktivliyi artırmaq, iqtisadi artımın zəifləməsinin qarşısını almaq, real sektoru maliyyələşdirməyi dəstəkləmək tələb olunurdusa, 2021-ci ildən bərpa prosesinin start götürməsi ilə kəskin inflyasiya və bahalaşma prosesinin başlanması sərt pul-kredit siyasətinə keçməyi zərurətə çevirdi. 

Və bu da, təkcə bizim üçün deyil, bütün dünya ölkələri üçün xarakterik xüsusiyyət kəsb etdi. Hədəf isə ondan ibarət oldu ki, inflyasiya və bahalaşma prosesinin qarşısı alınsın, sürətlə artmaqda olan tələbi tənzimləmək və təklifi nizamlamaq mümkün olsun.

AMB-nin sözügedən qərara dair açıqlamasında da qeyd olunub ki, uçot dərəcəsinin salınması inflyasiyaya təsir edən xarici və daxili amillərin dəyişməsi, həmçinin valyuta bazarında təklifin tələbi üstələməsi sayəsində qərara alınıb.

Yəni, illik inflyasiya tempi azalmaqda davam etdiyindən bu addımı atmaq vacib sayılıb. 2023-cü ilin sentyabrında illik inflyasiya hədəf diapazonunda (4±2%) olmaqla 5,1%-ə düşüb. 

İllik inflyasiya tempi ötən ilin sentyabr ayında qeydə alınmış analoji göstərici (15,6%) ilə müqayisədə 3 dəfədən çox aşağı olub ki, illik baza inflyasiyasının tempi də azalaraq sentyabrda 5,2% təşkil edib.

Bəli, bu il sözügedən tendensiya nisbətən səngiyib. Lakin o qədər də deyil. Ərzaq inflyasiyası yenə ikirəqəmli səviyyədədir. 2023-cü ilin sentyabrında istehlak qiymətləri indeksi avqust ayı ilə müqayisədə 0,3% artsa da, bütövlükdə yanvar-sentyabr ayları ərzində əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 10,9% təşkil edib.

Ərzaq məhsulları üzrə sözügedən rəqəm isə 12,4%-ə bərabər olub. Yəni, fakt bundan ibarətdir ki, inflyasiya əslində, yenə ikirəqəmli səviyyədədir. Ümumiyyətlə, qeyd olunan prosesin səngiməsi bizdə ilk dəfə olaraq bu ilin may ayından etibarən özünü göstərməyə başladı ki, dünyada isə bu, il başlanandan büruzə verirdi.

AMB-nin açıqlamasında illik inflyasiya dinamikasının xarici amillərin və həyata keçirilən antiinflyasiya tədbirlərinin təsirləri nəticəsində azaldığı bildirilir. 

Dünya əmtəə, xüsusən də ərzaq məhsulları üzrə qiymətlərin azalması, beynəlxalq daşıma xərclərinin pandemiyadan əvvəlki səviyyəyə yaxınlaşması, o cümlədən ticarət tərəfdaşlarında həyata keçirilən sərt pul siyasəti və nominal effektiv məzənnənin bahalaşması inflyasiya idxalına azaldıcı təsir göstərib.

Odur ki, 2023-cü ildə ölkədə orta illik inflyasiyanın 9,5% səviyyəsində olacağı proqnoz edilir. İqtisadiyyat Nazirliyinin baza ssenarisinə görə isə, 2024-cü ildə bu göstərici 5,3% həddə olacaq. 

Daha doğrusu olmalıdır.

Ancaq, bu belədirmi və yaxud belə olacaqmı?

Dünya Bankının məlumatına əsasən əmtəə qiymətləri indeksi sentyabrda illik əsasda 19,8%, o cümlədən enerji qiymətləri üzrə 25,6%, qeyri-enerji qiymətləri üzrə 3,9% enib. 

BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) məlumatına görə isə ərzaq qiymətləri indeksi sentyabrda illik əsasda 10,7% azalıb. 

Daxili valyuta bazarında tarazlığın qorunduğu şəraitdə manatın nominal effektiv məzənnəsi 2023-cü ilin 10 ayında 21,6% möhkəmlənib. Qeyd olunan amil idxal inflyasiyanın məhdudlaşdırılmasında xüsusi rol oynayıb.

Çox yaxşı… 

Lakin, hazırda enerjidaşıyıcılarının qiymətləri yenidən qalxmağa meyl edir. Bu isə o deməkdir ki, bahalaşma və inflyasiya tempi yenə vüsət ala bilər. Söhbət, istehlak malları üzrə xarici bazarlardan gedir. 

Bu isə ölkəmizə təsir etməyə bilməz.

Odur ki, bahalaşma və inflyasiya tempinin rəqəmlər üzrə səngiməkdə davam etməsi nisbi xarakter daşıyır. Və bu dayanıqlı xarakter daşımasa, daxili istehlak bazarında adekvat reaksiya əldə olunmayacaq. 

Ona görə də AMB-nin uçot dərəcəsini endirməsi qurumun açıqlamasında qeyd olunduğu kimi, gözlənilən inflyasiyanın hədəflə müqayisəsi və yenilənmiş makroiqtisadi proqnozlar nəzərə alınaraq həyata keçiriləcək. 

Bu, davamlı xarakter də daşıya bilər, daşımaya da bilər.

Bu yazının müəllifi olaraq şəxsən mən, qarşıda ümumən dünya üzrə qiymətlərdə sabitlik olacağını gözləmirəm. Ölkə iqtisadiyyatının inkişafı baxımından isə, yerli istehsal və bu sahədə çalışan işgüzar aktivlik dəstək istəyir. 

Odur ki, AMB inflyasiya ilə mübarizə aparmaqla yanaşı, istər-istəməz bunun da qayğısına qalmaq məcburiyyətindədir. 

 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir