Siyasət

Türkman nazir: “Kərkükün altı qızıl, üstü isə xarabadır – MÜSAHİBƏ + FOTO

Sharing is caring!


Bu gün İraqın daxilində mərkəzi və regional olmaqla, iki hökumət mövcuddur. İraqın şimalında yerləşən və İraq Kürdüstan Regionu (İKR) adlanan ikinci hökumət hazırda Yaxın Şərqin sürətli inkişafda olan bölgələrindən biridir. Mərkəzi Ərbil olan bölgə hazırda zəngin tarixi və mədəni irsi, təbii sərvətləri, xüsusilə neft ehtiyatları, daha geniş mənada isə iqtisadi potensialı ilə beynəlxalq aktorların diqqət mərkəzindədir. Elə bu səbəbdəndir ki, Bağdadda, yəni mərkəzi hökumətdə səfirlikləri fəaliyyət göstərən bir çox dövlətlərin konsulluqları məhz Ərbildə yerləşir. Belə ki, Türkiyə, ABŞ, Çin, Böyük Britaniya, Rusiya kimi böyük güclər də daxil olmaqla, 20 dövlətin Ərbildə baş konsulluğu var, daha 10 dövlətin isə burada sadəcə konsulluq və ya nümayəndəliyi fəaliyyət göstərir. Bu isə öz növbəsində İraq Kürdüstan Regionunun beynəlxalq əlaqələrdə aktiv iştirakından xəbər verir. Ancaq xüsusi vurğulamalıyıq ki, hazırda İKR-nin beynəlxalq əməkdaşlıqda önəm verdiyi dövlətlər sırasında Türkiyə və Azərbaycan xüsusi yerə sahibdir.

Türkiyə və Azərbaycan, ümumilikdə türk dünyası üçün bu regionu, bütöv İraqı cəlbedici edən faktor isə təkcə oranın iqtisadi potensialı yox, həm də orada yaşamaqda olan 3 milyonluq türkman soydaşlarımızdır. Ulu öndər Heydər Əliyevin də dediyi kimi, türkmanlar da azərbaycanlılar kimi bir bütövün parçalarıdır. Bizi eyni tarixi köklər və adət-ənənələr birləşdirir. Elə bütün bu faktorlardan çıxış edərək bu gün tərəflər əməkdaşlığını sürətlə inkişaf etdirməkdədirlər.

Son olaraq bu il iyulun 18-də İraq Kürdüstan Regionunun başçısı Neçirvan Bərzaninin Azərbaycana işgüzar səfər etməsi və Prezident İlham Əliyevlə görüşməsi də bunun aşkar sübutudur. Həmin görüşdə İraq Kürdüstan Regionu ilə iqtisadi-ticari əlaqələrin genişləndirilməsi, enerji sahəsində əməkdaşlıq, turizm imkanlarının artırılması, birbaşa aviareyslərin açılması və digər məsələlər ətrafında müzakirələr aparıldı. Prezident İlham Əliyev ilə Neçirvan Bərzani arasında bundan əvvəlki görüş isə fevralın 18-də Münhen Təhlükəsizlik Konfransı zamanı baş tutmuşdu. İraq Kürdüstan Regionu başçısı o vaxt Azərbaycan və Türkiyə ilə üçtərəfli əməkdaşlıq layihələrinin nəzərdən keçirilə biləcəyinə diqqət çəkmişdi.

Hazırda isə İraq Kürdüstan Regionu hökumətinin Etnik Azlıqların İşləri üzrə naziri Aydın Maruf Səlim öz heyəti ilə Bakıda işgüzar səfərdədir.

Nazir bugünkü Azərbaycan-İKR əlaqələri, son dövrlərdə aparılan danışıqların doğurduğu nəticələr, İKR-nin neft potensialı, təhlükəsizlik istiqamətində üzləşdiyi çətinliklər, türkmanların və digər etnik qruplara tanınan imtiyazlar və digər istiqamətlərdə “Report”un suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik:

– Cənab nazir, ilk olaraq Bakı səfəriniz barədə məlumat almaq istərdik. Səfər çərçivəsində haraları ziyarət etdiniz, kimlərlə görüşdünüz?

– Biz ilk dəfədir Azərbaycanı rəsmi şəkildə ziyarət edirik. Azərbaycan xalqı və dövləti bizim üçün böyük əhəmiyyət kəsb edir, çünki qardaşıq. Burada ilk Şəhidlər xiyabanını ziyarət etmişik, sonra isə mədəniyyət nazirinin müavini ilə görüşümüz oldu. Diasporla İş üzrə Dövlət Komitəsində də görüş planlaşdırılır. Ümumiyyətlə, bir sıra qurumların rəsmiləri ilə görüş nəzərdə tutulur. Bizim bu ziyarətdəki məqsədimiz isə həm Ərbildə etnik azlıqların birgə yaşayışı barədə ətraflı məlumat vermək, həm də Bakı ilə əlaqələrimizi daha da gücləndirməkdir. Biz İraq türkmanları olaraq Bakı-Ərbil əlaqələrində aparıcı faktor olmaq istəyirik. Xatırlayarsınız ki, bizdən bir müddət əvvəl İraq Kürdüstan Regionunun başçısı Neçirvan Bərzani Bakıya gəldi və Prezident İlham Əliyevlə görüşdü. Yəni Bakı ilə görüşlər bizim üçün çox vacibdir. Çünki Bakı-Ərbil münasibətləri daha da genişlənməlidir. Bu əlaqələr nə qədər inkişaf etsə, bölgədəki insanlar o qədər fayda görər.

– Bəs digər türk dövlətləri ilə əlaqələriniz necədir?

– Türkiyə Cümhuriyyəti başda olmaqla, bütün türk dövlətləri İraq türkmanlarını heç vaxt tək qoymayıblar, dəstəklərini daim hiss etmişik. Türkmanlar İraqın və İraq Kürdüstan Regionunun Türkiyə və Azərbaycanla əlaqələrində böyük rol oynayırlar. Çünki biz türk dünyasının bir parçasıyıq. Məhz Türkiyə Cümhuriyyəti isə bizim ana vətənimizdir. İraqdakı türklər olaraq biz həmişə Türkiyənin dəstəyini görmüşük. Azərbaycan da öz növbəsində türkmanlara sahib çıxıb. Bağdadda səfirliyi fəaliyyət göstərən dövlətlərin böyük əksəriyyətinin bu gün Ərbildə konsulluğu var. Ümid edirik ki, ən qısa müddətdə Azərbaycan da Ərbildə Baş Konsulluğunu açacaq. Bu, bizim həm də tələbimizdir, bunu ürəkdən istəyirik. Bağdadda səfirliyin fəaliyyət göstərməsi önəmli hadisədir, daha önəmli hadisə isə Ərbildə konsulluğun açılmasıdır. Həmçinin, Ərbildə Azərbaycan Mədəniyyət Mərkəzi də açılmalıdır. Çünki Azərbaycanın bu bölgədə yaşayan bütün etnik və dini qruplarla yaxşı münasibəti var. Həmişə bunu deyirik ki, Azərbaycan türk dünyasının mədəniyyət mərkəzi və dövlətidir.

– Türkiyənin sizə münasibətini xüsusi vurğuladınız. Doğrudur ki, Türkiyənin İraqa yönəlik siyasətində türkmanlar əsas xətti təşkil edir. Türkiyə İraqa ixracatının 80 faizini bu regiona edir. Həmçinin, hökumətinizin gündəlik hasil etdiyi neftin ixracatı da Türkiyənin Ceyhan limanı vasitəsi ilə reallaşdırılıb. Yəni əlaqələr siyasi-iqtisadi baxımdan çox sıxdır. Bu əlaqələr bölgənin inkişafına nə kimi töhfə verir?

– Bəli, hazırda Ərbillə Ankara arasında iqtisadi və siyasi əlaqələr çox yaxşı səviyyədədir. Biz həmişə bu münasibətləri daha da inkişaf etdirmək üçün çalışırıq. Ancaq bu gün Bağdad və Ərbil arasında neft problemi var. Ərbildən Ceyhan xətti ilə neft ötürülməsi dörd-beş aydır dayandırılıb. Fəaliyyətin bərpası üçün addımlar atılıb. Yəni bu istiqamətdə işlər Ərbil və Ankara tərəfindən görülüb, Bağdad isə heç bir tədbir görmür. Bağdad Ərbil üzərində təzyiq formalaşdırır. Biz Bağdadla əldə olunan bütün razılaşmalara sadiqik. Amma təəssüf ki, Bağdad hökuməti məsələyə eyni yanaşmır, həll üçün addım atmır, siyasi üstünlük qazanmağa çalışır. İraq Kürdüstan Regionunda məmurlar, müəllimlər dörd aydır maaş almırlar, səbəbkar da Bağdad hökumətidir. Neftdə, təbii sərvətlərdə bizim də haqqımız var, ancaq bundan faydalana bilmirik. Ortada anlaşma olmasına rəğmən, icra olunmur. Bu problemlər qısa zamanda həll edilməlidir.

– Problemdən söz açmışkən, Bağdadın Tehranla da münasibətləri yaxşı deyil. Son olaraq tərəflər arasında su problemi vardı. İran ərazisindən keçən Aşağı Zabın suyunun axınını dayandırmışdı və bu su isə İraqın Süleymaniyyə şəhərindən keçərək Kərkük şəhərinə, oradan da İraqın başqa bölgələrinə doğru axır. Ümumilikdə, tərəflər arasında vaxtaşırı gərginliklər qeydə alınır. Bu gərginliklərin iriçaplı olma ehtimalı varmı?

– Bəli, neft, su və təhlükəsizlik problemləri var. Ancaq hazırda İranla İraq arasında münasibətlər yaxşıdır. Qısa müddət əvvəl Bağdadla Tehran arasında təhlükəsizlik müqaviləsi imzalandı və tərəflər arasında müxalif qüvvələrə qarşı ittifaq quruldu. Bu müqavilənin şərtləri cəmi bir həftə ərzində icra olundu. Ancaq Bağdadla Ankara arasındakı təhlükəsizlik anlaşması hələ də icra olunmur. Deməli, ədalətli siyasət aparılmır. Hazırda İraqda PKK terror təşkilatı var, onlar bölgəyə təzyiq və təhdid formalaşdırırlar, bu, birmənalı şəkildə sonlandırılmalıdır. İraqla Türkiyə arasındakı razılaşma icra olunmalıdır. Çünki terror təşkilatları regiona böyük təhdiddir. Ərbillə Bağdad arasında Sincar razılaşması var və bu razılaşma da, iki ildir ki, icra olunmur. Həmin razılaşmanın tələbi isə normallaşmaya getməkdir. Sincardə 100 mindən çox yezidi köçə məcbur qoyulub. Bu gün onlar Ərbildə kamplarda yaşayırlar. Onlar İŞİD terror təşkilatının təhdidi ilə bölgəni 2014-cü ildə tərk ediblər, indi də PKK-nın qorxusundan qayıda bilmirlər, bu, ədalətsizlikdir. Sincar razılaşması icra olunsa, bu ədalətsizlik aradan qalxar.

– Bəs İraq Kürdüstan Regionunda etnik qrupların azadlıqları necə təmin edilir? Dil və mədəniyyətlərinin qorunması, milli-mədəni azadlıqlarının tam təmin edilməsi üçün hansı addımlar atılır?

– Regionda, xüsusilə Ərbildə fərqli etnik və dini qruplar var və bizim hökumətdə etnik və dini qrupların əməyinə böyük önəm verilir, onlara ciddi dəstək göstərilir. Bölgədə sabit bir siyasət yürüdülür və təhlükəsizliyə xüsusi diqqət göstərilir. Rahat birgəyaşayış təmin edilib. Ərbildə türkməncə 17 məktəb fəaliyyət göstərir. Həmçinin, Kərkükdə də çoxlu sayda türkməncə təhsil verən məktəblər var. Süryanilərin də öz dillərində təhsil aldıqları məktəbləri var. İraqda əhalinin əsasını dörd etnos təşkil edir: ərəblər, kürdlər, türkmanlar, süryanilər. Onların da özlərinə məxsus məktəbləri var. Biz həmişə sülhü, birgəyaşayışı təbliğ edirik. Ona görə də etnik qrupların varlıqları önəmlidir. Bizdə türkmanlara, süryanilərə məxsus mədəniyyət mərkəzləri də fəaliyyət göstərir. Ancaq daha çox iş görülməlidir.

– Etnik azlıqlar İraq Ordusu sıralarına cəlb olunurlarmı, ordu sıralarında xüsusilə türkmanların sayı nə qədərdir?

– İraqda milli ordu var. Bu milli orduda hər kəs xidmət edir. Çünki İraq hamımızındır. Biz hamımız oranın vətəndaşlarıyıq. İraq ordusunda etnik qruplar üzrə heç bir bölgü yoxdur. Milli orduda bütün etnik azlıqlar əsgər ola bilərlər, problem yoxdur.

– Bəs Mərkəzi və Regional hökumətlərin parlamentlərində, həmçinin hökumət strukturlarında etnik azlıqların təmsilçiliyi təmin olunurmu? Buna cəhd göstərən etnik qrupların siyasi və etnik təzyiqlərlə üzləşməsi kimi hallar yaşanırmı?

– Ərbildə olan parlamentdə kvota var, etnik azlıqlar oraya kvota ilə qatılıblar. Bağdaddakı parlamentə isə ümumi şəkildə qatılıblar. Bizim Ərbildə yaşayan türkmanların vəziyyəti Bağdaddakılarla müqayisədə çox yaxşıdır, hökumətdə təmsilçilik hüququndan rahat istifadə edirlər. Digər etnik qruplar da hökumətdə təmsil olunurlar. Məsələn, Regional hökumətdə türkman nazir nümayəndəsi var. Bağdadda isə türkmanlara o haqqı verməyiblər. Halbuki, bizim İraqdakı sayımız 4 milyondur. İraq Konstitusiyasına görə, say baxımından türkmanlar üçüncü böyük etnik qrupdur. İraq Kürdüstan Regionunda isə əhali sayına görə ikinci yerdə dayanırlar. Ümumiyyətlə, bütün etnik qrupların Ərbildəki vəziyyəti Bağdadla müqayisədə daha yaxşıdır. Söhbət onların hüquq və azadlıqlarından, hökumətdə iştirakından gedir.

İraq hökuməti türkmanlara qarşı təzyiq siyasəti yürüdür. Ancaq türkmanların Bağdadda nazirliyi olmalıdır, Prezident və Baş nazir köməkçiləri arasında türkmanlar da yer almalıdırlar. 2003-cü ildən sonra İraqda imzalanan sənədə əsasən, yüksək vəzifələr üçün seçim kürdlər arasından edilir. Ancaq biz bu ayrı-seçkiliyə qarşıyıq. Etnik azlıqlar hər iki tərəfdə yer almalıdır, həm regional hökumətdə, həm mərkəzi hökumətdə. Osmanlı İmperiyasında sonra 100 il içərisində İraqda hakimiyyətə gəlmiş şəxslər türkmanlara qarşı ədalətli siyasət həyata keçirməyiblər. Biz həmişə danışıq yolu ilə ortaq məxrəcə gəlməyə çalışmışıq. Bu gün türkmanların İraqda prezident olmağa belə haqları çatır. Ancaq buna imkan verilmir.

– Bu yaxınlarda Kərkükdə qarşıdurma yaşandı. Qarşıdurmalar isə, bildiyiniz kimi, türklərə problem yaradır. Bütövlükdə, Kərkük və Mosulda türklərin hüquqlarının qorunması üçün nə kimi tədbirlər görülür?

– Kərkük türkmanlar və region üçün çox vacibdir. Ora türkmanların milli mədəniyyət mərkəzidir. Kərkükün qardaşlıq şəhəri olması önəmlidir. Orada türkmanlar, kürdlər və ərəblər yaşayır, onların birgə idarəetməsi yaradılmalıdır. Ərbildə birgəyaşayış var, Kərkük də elə olmalıdır.

Sadəcə olaraq, İraq hökuməti heç vaxt etnik qruplar arasında taraz siyasət aparmır. Ona görə də qruplar arasında gərginlik yaşanır. Orada Kürdüstan Demokratik Partiyasına məxsus bina var. Məlumdur ki, KDP önəmli siyasi partiyadır. Bununla yanaşı, bölgədə digər siyasi təşkilatlar da var ki, onlar KDP-nin fəallığına qarşıdırlar. Kərkükdəki gərginlik də məhz buna görə yaşandı. Sonda isə bütün tərəflər masa arxasında əyləşdi, hazırda sabitlik bərpa olunub. Ancaq bu, qalıcı olmalıdır. Əgər orada ərəb siyasi partiyası varsa, KDP-nin də fəaliyyət göstərməyə haqqı çatır.

PKK-nın bölgəyə mənfi təsiri mövcuddur və bu da siyasi partiyalar arasında gərginliyin artmasına gətirib çıxarır. Ona görə də problem birdəfəlik həll edilməli, sabitliyin pozulmasına imkan verilməməlidir.

– Kərkük həm də İraqın neftlə zəngin olan ikinci böyük bölgəsidir. Kərkükdəki neft yataqlarından gələn gəlirdən azlıqlar necə bəhrələnir? Bu gəlirlərlə etnik qrupların həyat şəraitini yaxşılaşdırmaq üçün hansı işlər görülür?

– Elə indi bunu Kərkük əhalisindən soruşsaq, deyərlər ki, biz o neftdən heç istifadə etmədik. Çünki Kərkükün altı qızıl, üstü isə xarabadır. Yəni neft gəlirlərinin Kərkük əhalisinə heç bir faydası toxunmayıb. İraq nefti milli bir məsələdir, bütün iraqlılarındır, düzgün istifadə şərtdir.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir