Siyasət

Kiyevdə Heydər Əliyevin 100 illiyi ilə bağlı konfrans keçirilib – FOTO

Sharing is caring!


Ukraynanın Taras Şevçenko adına Kiyev Milli Universitetində “Heydər Əliyevin 100 illiyi. Onun Azərbaycan-Ukrayna dostluq əlaqələrinin möhkəmlənməsində onun rolu” adlı konfrans keçirilib.

“Report”un Şərqi Avropa bürosunun məlumatına görə, Azərbaycanın Ukraynadakı səfirliyinin təşkilatçılığı ilə ulu öndər Heydər Əliyevin anadan olmasının 100 illiyi ilə bağlı keçirilən tədbirdə Ali Radanın deputatları, xarici ölkələrin Ukraynadakı səfirləri, Taras Şevçenko adına Kiyev Milli Universitetinin rəhbərliyi, vaxtı ilə ulu öndər Heydər Əliyev ilə birgə çalışmış ukraynalılar, ictimai-siyasi xadimlər iştirak ediblər.

Taras Şevçenko adına Kiyev Milli Universitetinin rektoru Volodimir Buqrov tədbirdə bildirib ki, Azərbaycan ilə Ukrayna arasında müasir münasibətlərin əsası məhz Heydər Əliyevin prezidentliyi dövründə qoyulub:

“Heydər Əliyev ukraynalıların xatirələrində və Azərbaycan-Ukrayna münasibətlərinin tarixində həmişəlik əlamətdar bir şəxsiyyət olaraq qalıb. O, özündən sonra Prezident İlham Əliyev kimi layiqli davamçısını qoyub. İlham Əliyev bunu Azərbaycanın bu yaxınlarda ərazi bütövlüyünü bərpa etməsi ilə də təsdiqlədi. Azərbaycan Prezidentinin və Silahlı Qüvvələrinin gücü qələbənin və ölkənin gələcək təhlükəsizliyinin açarı oldu. Beləliklə, Azərbaycan indi yüksək beynəlxalq nüfuza malikdir. Bu uğurların əsasını ölkəyə mahir rəhbərlik, düşünülmüş daxili və xarici siyasət təşkil edirdi. Prezident İlham Əliyev öz atasının və bütün Azərbaycan xalqının etimadını doğrultdu”, – deyə Volodimir Buqrov əlavə edib.

Azərbaycanın Ukraynada səfiri Seymur Mərdəliyev isə çıxış edərək bildirib ki, belə bir mötəbər təhsil ocağında bu tədbirin keçirilməsi ümummilli lider, görkəmli siyasət və dövlət xadimi Heydər Əliyevin əziz xatirəsinə səmimi ehtiramın növbəti təzahürüdür:

“Heydər Əliyev Azərbaycanın güclü və müasir dövlətə çevrilməsi üçün geniş imkanlar açmış dahi rəhbər idi. O, Azərbaycanda hakimiyyətə 1993-cü ildə, Ermənistanın hərbi təcavüzü və Azərbaycan torpaqlarının işğalı, xarici təzyiqlər və daxili çəkişmələr nəticəsində Azərbaycanın öz dövlətçiliyi üçün böyük sınaqlarla üzləşdiyi çətin bir zamanda gəlib. Heydər Əliyev öz müdrikliyi və dəmir iradəsi sayəsində Azərbaycanı ictimai-siyasi pərakəndəlikdən, eləcə də bütün sahələrdə müşahidə olunan dərin iqtisadi tənəzzüldən xilas edə bilib, xalqın davamlı inkişafına yol açıb, sonralar siyasi və sosial sahədə böyük irəliləyişlərə nail olub”.

S.Mərdəliyev vurğulayıb ki, Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə davamlı tərəqqi və inkişaf yolu ilə inamla irəliləyən müasir Azərbaycan Heydər Əliyevin ömürlük missiyasının və irsinin təntənəsidir:

“Heydər Əliyev öz adını Azərbaycan tarixinə qızıl hərflərlə yazdı. Heydər Əliyev tərəfindən qoyulmuş hərtərəfli islahatlar Azərbaycanı müasir və dinamik inkişaf edən güclü və özünü təmin edən ölkəyə çevirib. Şübhəsiz ki, Heydər Əliyevin ən böyük arzusu torpaqlarımızın Ermənistan tərəfindən işğalından sonra Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini bərpa etmək idi. Onun arzusu Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə 2020-ci ildə 44 gün davam edən İkinci Qarabağ müharibəsi nəticəsində Azərbaycan öz ərazi bütövlüyünü bərpa etdikdə və ərazilərini 30 il davam edən işğaldan azad edəndə və bir ay əvvəl Azərbaycan beynəlxalq səviyyədə tanınmış əraziləri üzərində tam suverenliyini bərpa etdikdə gerçəkləşdi. Bu gün üçrəngli bayrağımız Azərbaycanın Qarabağ və Şərqi Zəngəzur bölgələrinin hər bir guşəsində qürurla dalğalanır.

Hazırda Azərbaycan Prezidenti İlham Əliyev ulu öndər Heydər Əliyevin qoyduğu irsə əsaslanan iki ölkə arasında strateji tərəfdaşlığın dərinləşdirilməsini uğurla davam etdirir”, – deyə səfir vurğulayıb.

Sonra ulu öndər haqqında film nümayiş etdirilib.

Daha sonra çıxış edən Ukrayna Ali Radasının deputatı, Ukrayna-Azərbaycan parlamentlərarası dostluq qrupunun həmsədri Valeriy Kolyux bildirib ki, Heydər Əliyev dost Azərbaycan-Ukrayna münasibətlərinin banisi, müasir Azərbaycanın memarıdır. Azərbaycan apardığı uğurlu xarici siyasət sayəsində bir çox dövlətlərin, xüsusilə də Ukraynanın strateji tərəfdaşıdır:

“Azərbaycanla Ukrayna arasında sıx dostluq əlaqələri Kiyevlə Bakının diplomatik münasibətlərinin rəsmən qurulmasından xeyli əvvəl yaranıb. İki xalq arasında çoxdan dərin və ənənəvi dostluq mövcuddur. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev Ukrayna xalqına həmişə xüsusi hərarət və diqqətlə yanaşıb. Hələ SSRİ Nazirlər Soveti sədrinin birinci müavini olarkən Ukrayna üçün çox işlər görüb. O, Ukraynada bir sıra iri sənaye müəssisələrinin, fabriklərin, mədəniyyət və idman komplekslərinin tikintisinə kömək göstərib”, – deyə V.Kolyux əlavə edib.

Milli Məclisin deputatı, Ukrayna-Azərbaycan parlamentlərarası dostluq qrupunun həmsədri Kamran Bayramov videoformatda çıxışı zamanı qeyd edib ki, Heydər Əliyev Azərbaycan və Ukrayna arasındakı dostluq münasibətlərinin banisi, müasir Azərbaycanın memarıdır. Onun uğurlu xarici siyasəti nəticəsində Azərbaycan bir çox ölkələrlə yanaşı, Ukrayna ilə də strateji tərəfdaşdır.

Ukrayna Ali Radasının deputatı Oleksandr Merejko, 1997-2004-cü illərdə Ukraynanın Azərbaycanda səfiri olan Boris Aleksenko, Ukrayna Milli Elmlər Akademiyasının Dünya Tarixi İnstitutunun direktoru, tarix elmləri doktoru Andrey Kudryaçenko və digərləri çıxışında ulu öndərin yorulmaz fəaliyyəti və müdrik liderliyi barədə geniş danışıblar. Qeyd olunub ki, Heydər Əliyev istər sovet hakimiyyəti illərində Azərbaycana rəhbərlik etdiyi müddətdə, istərsə də SSRİ Nazirlər Kabinetində çalışdığı dövrdə xalqı, Vətəni üçün böyük işlər görüb. Məhz onun həyata keçirdiyi siyasət bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Konfransın sonunda xatirə şəkli çəkilib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir