Siyasət

Bakıdakı Şah Abbas məscidi əsaslı təmir olunub, minarə quraşdırılıb – YENİLƏNİB + FOTO

Sharing is caring!


Keşlə qəsəbəsində uzun müddət təmirsiz qalan və minarəsi olmayan Şah Abbas məscidinin mühəndis müayinəsi Azərbaycan İnşaat və Memarlıq Elmi-Tədqiqat İnstitutu tərəfindən aparılıb və texniki vəziyyəti haqqında rəy verilib.

Bu barədə məlumatı Bakı Şəhər İcra Hakimiyyətinin Mətbuat Xidməti yayıb.

Qeyd olunub ki, rəyə uyğun olaraq konstruksiya layihəsi hazırlanıb, bünövrədə möhkəmləndirmə, binada isə mövcud mikroçatların aradan qaldrılması məqsədilə inyeksiya işləri aparılıb.

Möhkəmləndirmə işləri aparılarkən binanın ilkin tarixi görünüşünün qorunub-saxlanılmasına xüsusi diqqət yetirilib, əlavə olaraq atmosfer təsirlərinə məruz qalmış fasad üzlük daşları bərpa olunub və yenilənib. Daxildə sonradan görülmüş suvaq işləri sökülüb, məscidin tikintisi zamanı istifadə olunmuş daxili üzlük daşları bərpa olunaraq tarixi görünüşünə qaytarılıb.

Bildirilir ki, məscidin günbəz örtüyü də dəyişdirilərək yenisi ilə əvəz olunub, binanın memarlıq üslubuna uyğun olaraq hündürlüyü 20 metr olan yeni minarə inşa edilib. Həyətdə yerləşən istifadəyə yararsız köməkçi tikili sökülərək 525 kvadratmetr sahədə yenidən inşa edilib. Burada din xadimləri üçün otaq, mərasim zalı (80 yerlik), əlavə ibadət zalı (70 nəfərlik), kişi və qadınların dəstəmaz alması üçün otaqlar, mətbəx, anbar, qazanxana və təsərrüfat otaqları nəzərdə tutulub. Məscidin həyətinə daxil olmaq üçün iki ədəd giriş qapısı və ümumi memarlıq üslubunu tamamlayan 52 metr uzunluğunda dekorativ hasar inşa edilib.

Qeyd olunub ki, məscid Şah Abbasın göstərişi ilə XVII əsrdə əhəng daşı ilə Abşeron məscidlərinə xas formada inşa edilib, sahəsi 139 kv.m (11,8×11,8), ümumi ərazisi 1 300 kv.m (0,13 ha), yerli əhəmiyyətli memarlıq abidəsidir (inv. № 2860) və dövlət tərəfindən qorunur.

Əlavə olaraq, Şah Abbas məscidinin ətraf ərazilərində, Kamran Əfkari və Məşədi Hilal Kazımov küçələrində abadlıq-quruculuq və təmir işləri aparılıb, küçələr boyunca səkilər, hasarlar, iaşə və xidmət obyektlərinin və yaşayış evlərinin fasadları, bəzi evlərin yararsız dam örtükləri yenilənib, yaxın məhəllələrə asfalt örtüyü vurulub, kommunikasiya xətləri təmir edilib, küçə işıqları sistemi yenidən qurulub, yaşıllıqlar salınıb, çoxlu sayda yeni ağac, bəzək kolu və güllər əkilib.

Həmçinin, Keşlə Şəhidlər xiyabanında təmir işləri görülüb, yeni bulaq kompleksi inşa edilib, istirahət guşəsi yaradılıb.

Qeyd olunan işlər Nizami Rayon İcra Hakimiyyəti tərəfindən həyata keçirilib.

11:38

Prezident İlham Əliyevin tapşırığı ilə Bakıda, Nizami rayonunda yerləşən və XVII əsrə aid Şah Abbas məscidində əsaslı təmir-bərpa işləri aparılıb, minarə qoyulub, ətraf ərazilər abadlaşdırılıb.

“Report” xəbər verir ki, Keşlə sakinləri qəsəbədə yerləşən Şah Abbas məscidinin uzun müddət təmirsiz qalması və minarənin olmaması ilə bağlı Prezident İlham Əliyevə müraciət ediblər. Müraciətlə əlaqədar Prezidentin tapşırığına əsasən, qısa müddət ərzində məscidin əsaslı təmiri və bərpası, yeni minarənin tikintisi ilə bağlı layihə hazırlanaraq razılaşdırılıb və müvafiq işlərə başlanılıb.

Layihəyə uyğun olaraq Şah Abbas məscidinin Azərbaycan İnşaat və Memarlıq Elmi-Tədqiqat İnstitutu tərəfindən müayinəsi aparılıb, mühəndis-müayinəsi və texniki vəziyyəti haqqında rəy verilib. Rəyə uyğun olaraq konstruksiya layihəsi hazırlanıb.

Bünövrədə möhkəmləndirmə, binada isə mövcud mikroçatların aradan qaldırılması məqsədilə müvafiq işlər aparılıb. Möhkəmləndirmə işləri aparılarkən binanın ilkin tarixi görünüşünün qorunub-saxlanılmasına xüsusi diqqət yetirilib, əlavə olaraq atmosfer təsirlərinə məruz qalmış fasad üzlük daşları bərpa olunub və yenilənib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir