Siyasət

Qazaxıstanlı politoloq: “Orta Dəhliz Bakı ilə Astana arasında münasibətlərə yeni təkan verib”

Sharing is caring!


“Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun (Orta Dəhliz) işə salınması Azərbaycan və Qazaxıstan arasında əlaqələrin inkişafına təkan verən vacib hadisə idi”.

Bunu “Report”a açıqlamasında politoloq, Qazaxıstan Tətbiqi Etnosiyasi Araşdırmalar İnstitutunun direktoru Talqat Kaliyev deyib.

Politoloqun sözlərinə görə, iki ölkənin müstəqillik əldə etdiyi ilk gündən əlaqələr dinamik və mütərəqqi şəkildə inkişaf edir.

Ekspert qeyd edib ki, xalqlar arasında etimadın yüksək səviyyəsi, Azərbaycan və Qazaxıstan prezidentlərinin bu münasibətləri inkişaf etdirmək üçün qarşılıqlı siyasi iradəsi baxımından Bakı ilə Astana arasında münasibətləri nümunəvi adlandırmaq olar.

O vurğulayıb ki, Orta Dəhlizin inkişafı həm türk ölkələrinin daha da yaxınlaşmasına töhfə verəcək, həm də ümumilikdə Türk Dövlətləri Təşkilatına üzv olan hər bir ölkənin subyektivliyini artıracaq, çünki marşrut Çin və Avropa İttifaqının ən böyük iqtisadiyyatlarını birləşdirəcək.

Çinin Mərkəzi Asiyada artan nüfuzundan danışarkən T.Kaliyev bildirib ki, bu, mövcud narahatlıqlara baxmayaraq müsbət haldır:

“Çinin bizim regionda nüfuzu ənənəvi olaraq yüksəkdir. Bu Mərkəzi Asiya ölkələrinin iqtisadiyyatına faydalı təsir göstərə bilər. Bu gün dünyanın ikinci iqtisadiyyatına yaxın olmağımızın yaratdığı imkanlardan yararlanmaq bizim üçün vacibdir”.

Politoloq bildirib ki, Qazaxıstan və Çin arasında viza siyasətində bir sıra dəyişikliklərə baxmayaraq, iqtisadi əlaqələrdə sürətli dəyişikliklər gözləmək lazım deyil:

“Əvvəllər çinlilər üçün vizasız giriş hüququ mövcud idi. İndi isə qazaxıstanlıların Çinə qısamüddətli səfərləri üçün imkan açılıb. Ümumiyyətlə, bu, qısamüddətli perspektivdə böyük dəyişikliklərə səbəb olmayacaq. Lakin bu layihə ortamüddətli perspektivdə işgüzar əlaqələrin intensivliyinin, ticarət dövriyyəsinin artması, qarşılıqlı olaraq iqtisadi mənfəətin əldə edilməsi ilə nəticələnəcək”.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir