Siyasət

Fransa Ermənistanın ehtiyaclarını Rusiya kimi ödəməyə biləcəkmi? – FOTO

Sharing is caring!


Konfliktoloq Rüstəm Qaraxanlı yazır…

Ermənistanın Xarici işlər naziri Ararat Mirzoyanın İrana səfəri ilə eyni vaxtda müdafiə naziri Suren Papikyan da Fransada idi. Mirzoyan Tehrana 3+3 formatında keçirilən xarici işlər nazirlərinin görüşündə iştirak etmək üçün, Papikyan isə fransız silahını Ermənistana aparmaq üçün getmişdi. Fransanın müdafiə naziri Sebastyan Lekarnyu Ermənistana “müdafiə məqsədli” silah verəcəklərinə dair qərarı çoxdan anons edirdi. Dünən axşam Papikyanın Parisə səfərinin təvazökar nəticəsi məlum oldu: cəmi üç ədəd radar və gələcəkdə Ermənistana “Mistral” raketlərinin satışına dair müqavilə. Bu qədər hay-küy və… Necə deyərlər, əsas müharibə deyil, manevrlərdir.

Hələlik bu silah Yerevana hədiyyə ediləcək, satılacaq və ya kreditə veriləcək deyə, dəqiqləşdirmələr yoxdur. Əsas olan odur ki, Papikyana Parisdə radar veriləndə Mirzoyanın başı Tehranda bölgənin gələcək təhlükəsizlik arxitekturasına dair fikir mübadiləsinə qarışmışdı. Və bu müzakirələr Fransa ilə kəskin geosiyasi fikir ayrılıqları olan Türkiyə, regionda Qərbin hərbi qüvvələrinin olmasından hədsiz narahatlıq keçirən İran, Qafqazda NATO-nun mövcudluğunu qəbul etməyən Rusiya və məlum səbəblərdən Parislə siyasi təmasları minimuma endirən Azərbaycanın XİN rəhbərləri ilə keçirilirdi. Nədir bu, “erməni komplimentarizmi – 2.0”, yoxsa Paşinyanın xarici siyasət yelləncəyinin davamı?

Fransız silahının Ermənistanın istifadəsinə verilməsi perspektivi elə də hamar görünmür. Bu ölkənin havadan müdafiə sistemi Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı formatında faktiki olaraq Rusiya tərəfindən idarə olunur. İndi hamı Fransa istehsalı hava hücumundan müdafiə kompleksinin KTMT sistemi ilə necə uzlaşdırılacağı üzərində “baş sındırır”. Belə görünür ki, bu silah idxalı əməliyyatı da məntiqsizliyinə görə əvvəlkilərdən fərqlənmir: hakimiyyətə yenicə gələn Paşinyan Rusiyadan müasir hərbi təyyarələr almışdı, ancaq sursatsız. Hay-həşirlə anons edilən Hindistanın artilleriya qurğularından isə hələ də əsər-əlamət yoxdur.

Fransa Ermənistana modern və yeni silah verəcək, yoxsa “outlet”, bunu pulla, ya peşkəş edəcək, – bilən yoxdur. Ermənilərin Qarabağdan könüllü köçü fonunda Fransanın onların bir qismini qəbul edəcəyinə dair söz-söhbətləri bu ölkənin Ermənistandakı səfirinin “beşikdə boğması”ndan belə nəticəyə gəlmək olar ki, Yelisey sarayında biznesi dostluqdan ayırmağı bacarırlar. Müftə pendir yalnız siçan tələsində olur. Fransızlar pendiri sevirlər, geniş çeşiddə istehsal edirlər və təbii ki, satırlar. Ancaq müftə vermirlər.

Ermənistanın düşünən beyinləri Mirzoyanın 3+3 formatındakı müzakirələrə qatılmasını Paşinyan hökumətinin Rusiyanın orbitindən çıxmamasının, yaxud çıxa bilməməsinin aşkar təzahürü hesab edirlər. Bu gün Ermənistanda az qala hamının qərbpərəst olduğu bir reallıqda heç kim Rusiyadan can qurtarmağın reseptini tərtib etməyin məsuliyyəti altına girmir. Ermənistanın ixracatının 51,7 faizi Rusiyanın payına düşür. Müqayisə üçün qeyd edək ki, ABŞ-yə edilən eksport heç bir faiz deyil. Hökumətə ünvanlanan “Rusiyanın nəzarətindən necə çıxmağı planlaşdırırsınız?” sualına isə cavab verən yoxdur. Ermənistan nəinki Moskvanın orbitindən çıxmaq, heç Rusiyaya silah üçün ödədiyi və əvəzində bir güllə belə ala bilmədiyi 400 milyon dolları qaytarmağın yollarını bilmir. Sosial şəbəkələrin erməni seqmentində dolaşan məlumata görə, Ermənistanda hərbi hissələrdən birinə gələn fransalı təlimatçıların əsas məqsədi Ukraynada Rusiyaya qarşı döyüşəcək canlı qüvvə toplamaq olub. Mövcud reallıqda olduqca uğursuz zarafatdır…

1916-cı ildə Fransanın həftəlik “La Baïonnette” satirik jurnalında “L’Arménie délivrée” adı altında karikatura yayımlanıb. İnternetdə baxmaq olar. Şəkildə Avropa tərzli geyimdə olan bir xanım yekəpər, bığlı-saqqallı kazaka sığınır. Müəllifin fikrincə, kazak kişi ovaxtkı Rusiyadır, xanım isə Osmanlıya xəyanət edən ermənilər. Həmin tarixdən bir əsr keçib. İndi o xanım kazakı karikaturanın dərc edildiyi ölkəyə – Fransaya dəyişmək istəyir. Karikaturanın adı fransızcadan tərcümədə belə oxunur: “Ermənistan çatdırılıb”. Logistik terminologiya ilə desək, yükünüz çatıb. Xanım qulluq sevdiyindən əsas sual budur: Fransanın Ermənistanın ehtiyaclarını Rusiya kimi ödəməyə gücü çatacaqmı? 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir