Siyasət

Ombudsman: “Beynəlxalq təşkilatlar insan hüquqlarının pozulması hallarına biganə qalır”

Sharing is caring!


“Beynəlxalq təşkilatlar insan hüquqlarının pozulması hallarına biganə qalır”.

“Report” xəbər verir ki, bunu Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Bakıda “Neokolonializm: İnsan hüquqlarının pozulması və ədalətsizlik” mövzusunda keçirilən beynəlxalq konfransda deyib.

Onun sözlərinə görə, hazırda dünyanın müxtəlif bölgələrində müstəmləkəçilik problemi ilə üzləşmiş dövlətlər hələ də mübarizə aparmaqda davam edirlər:

“Təəssüf doğuran odur ki, beynəlxalq təşkilatlar insan hüquqlarının pozulması hallarına biganə qalır. Bu cür ikili standartlarla üzləşən ölkələrdən biri də Azərbaycandır. Azərbaycanın 30 ilə yaxın dövr ərzində işğal altında saxlanmış ərazilərində aşkar edilmiş məzarlıqlar, tarixi, dini, mədəni abidələrin dağıdılması bunu bir daha sübut edir. Bundan başqa, itkin düşmüş 4 000 soydaşımızın taleyi qaranlıq olaraq qalmaqdadır. Ermənistan torpaqlarımızı yalnız işğal altında saxlamaqla kifayətlənməyib, həmin əraziləri həm də minalayıb. Bu baxımdan mina xəritələrinin verilməməsi bərpa işlərini ləngidir, insanların yurdlarına qayıdışına mane olur”.

Qeyd edək ki, Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə keçirilən konfransda 14 ölkədən, eləcə də Fransanın müstəmləkə altında saxladığı dənizaşırı ərazilərdən, həmçinin Korsikadan olan nümayəndələr iştirak edirlər.

BTQ Azərbaycan Respublikasının sədrlik etdiyi Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun Nazirlər Toplantısı çərçivəsində 6 iyul 2023-cü ildə Bakıda “Müstəmləkəçiliyin tamamilə aradan qaldırılmasına doğru” adlı konfransın iştirakçıları tərəfindən yaradılıb. BTQ XXI əsrdə hələ də müstəmləkəçilikdən əziyyət çəkən dünyanın müxtəlif bölgələrində yerləşən xalqların azadlıq uğrunda apardıqları mübarizəyə dəstək verir.

Bu xüsusda, BTQ sentyabrın 22-də BMT-də “Dekolonizasiya: Sakit inqilab” mövzusunda konfrans da keçirib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir