Cəmiyyət

Eldar Əzizov: “Prezident verdiyi sözün sahibidir” – FOTO

Sharing is caring!


Bakı Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə Bakı Kitab Mərkəzində “Vətən müharibəsi tarixi – Şəxsiyyət faktoru” kitabının ərəb və fars dillərində nəşrlərinin təqdimatı keçirilib.

BŞİH-dən bildirilib ki, mərasimdə ölkənin tanınmış ictimai-siyasi, elm və mədəniyyət xadimləri, tarixçi alimlər, hərbiçilər, Millət Vəkilləri, Vətən Müharibəsi veteranları və qazilər, Azərbaycandakı dini konfessiyaların nümayəndələri, ali məktəb tələbələri və hərbi liseylərin kursantları iştirak ediblər.

Tədbirin əvvəlində Vətən torpaqlarının azadlığı uğrunda şəhid olmuş soydaşlarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Bakı Kitab Mərkəzinin rəhbəri Günel Anarqızı Vətən müharibəsində qazanılan Şanlı Qələbə və onun tarixinə həsr edilən bu kitabın əhəmiyyəti barədə danışıb və kitabla bağlı videoçarx nümayiş etdirilib.

Təqdimat mərasimində çıxış edən Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov bildirib ki, bu kitab Vətən müharibəsinin tarixinə həsr olunan ilk nəşrlərdən biridir. Kitabın əsas xüsusiyyəti Azərbaycanın Vətən müharibəsi tarixini tamamilə yeni bir rakursdan, şəxsiyyət faktoru baxımından nəzərdən keçirilməsindən ibarətdir. Yekdilliklə bir nəticəyə gəldik ki, bütün bu uğurların, Şanlı Qələbənin kökündə şəxsiyyət faktoru – İlham Əliyev fenomeni dayanır. 

Tədbirdə Eldar Əzizov öz xatirələrini bölüşərək bildirib ki, 44 günlük Vətən müharibəsindən sonra qazanılan Şanlı Qələbə münasibəti ilə Bakı şəhər ictimaiyyəti adında ölkə başçısını təbrik edərkən prezident cavab olaraq bildirib ki, “bu hələ harasıdır, siz görəcəksiniz, az qalıb. Vaxt gələcək Xankəndi, Ağdərə və digər ərazilərdə də ölkəmizin suverenliyi tam bərpa ediləcək və bütün cinayətkarlar məhkəmə qarşısında cavab verəcəklər”. Belə də oldu. Mən uzun illər Prezident İlham Əliyevin rəhbərliyi altında işləyən şəxs kimi bir daha şahidi oldum ki, prezident verdiyi sözün sahibidir”.

Təqdimat mərasimində çıxış edən Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar,  Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova, Azərbaycan Milli Elmlər Akademiyasının Prezidenti, akademik İsa Həbibbəyli, AMEA Tarix İnstitutunun direktoru Kərim Şükürov,  Gəncə şəhəri “İmamzadə” ziyarətgah kompleksinin imamı Tahir Abbaszadə və digər çıxış edənlər artıq 6 dildə  çap edilən “Vətən müharibəsi tarixi – Şəxsiyyət faktoru” kitabının əhəmiyyətini qeyd edərək bu nəşrin Vətən savaşında qazanılan Şanlı Qələbənin geniş təbliğində mühüm rol oynayacağını vurğulayıblar. Emosiyasız, tarixi faktlar əsasında hazırlanan kitabın müəlliflərinin əsas məqsədi Vətən müharibəsi və dahi sərkərdə haqqında həqiqətləri gələcək nəsillərə çatdırılması olmuşdur.

Bildirilib ki, kitaba olan maraq nəzərə alınaraq qısa zaman ərzində Azərbaycan dilindən əlavə ingilis, türk və rus dillərində tərcümə edilərək nəşrlərinin geniş ictimai təqdimatı keçirilib. Bu gün isə ərəb və fars dilləri daxil olmaqla artıq 6-cı dildə nəşrin təqdimatıdır. Kitabın rus və ingilis dillərində nəşrləri dünyanın 100-ə yaxın ölkəsinin aparıcı kitabxanalarına göndərilib. Hazırda kitabın çin dilinə tərcüməsi üzərində işlər aparılır və bu proses davam etdiriləcək. 

Sonda Xalq artisti Tünzalə Ağayeva çıxış edib və Vətənə həsr edilən mahnılar ifa edib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir