Siyasət

Azərbaycan postsovet məkanındakı separatizmin ləğvi üçün yeni yol açdı – ŞƏRH + FOTO

Sharing is caring!


Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 15-də Xankəndidə dövlət bayrağını ucaltmaqla Zəfər tariximizdə daha bir şanlı səhifə yazdı. Xankəndidə xalqa etdiyi müraciətində Üçrəngli Bayrağımızın ucaldılmasını tarixi hadisə adlandıran ölkə başçısı “Xalqımızın onilliklər ərzində olan arzularını çin etdik. Azərbaycan xalqının ləyaqətini bərpa etdik. Biz torpaqlarımızı geri qaytarmışıq, ərazi bütövlüyümüzü bərpa etmişik” bəyanatını verdi.

Azərbaycan otuz illik erməni separatizminə son qoymaqla yanaşı, bu bəladan əziyyət çəkən xalqları və dövlətləri qəflət yuxusundan oyatdı. Bəli, Ali Baş Komandan İlham Əliyev 2003-cü il oktyabrın 15-də prezident seçildikdən sonra xalqımız qarşısında verdiyi vədlərin hamısına bu 20 il ərzində əməl etdi. Sentyabrın 19-da lokal xarakterli antiterror tədbirlərini həyata keçirməklə Azərbaycan xalqı nəhayət bütün ölkə ərazisində hüquqi hakimiyyətini bərpa etdi. Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini bərpa etməklə yanaşı, 30 il ərzində Qarabağ bölgəsində kök atan separatçı qondarma qurumu da əbədiyyən tarixin arxivinə gömdü.

Yaxşı məlumdur ki, 70 il mövcud olan və daha çox “şər imperiyası” kimi tarixə düşən SSRİ dağılarkən özü ilə çoxsaylı problemlərə yol açdı. Bunlardan ən qanlısı yüzminlərlə insanın həyatına son qoyan, onların öz torpaqlarından didərgin salınması ilə nəticələn separatizm hərəkatıdır. SSRİ-nin dağılması və süqutunda həlledici rol oynayan separatçı hərəkatların sırasında, sözsüz ki, Qarabağdakı ermənilər əsas rol oynayıb. Məsələn, Rumıniyanın devrilən lideri Nikolae Çauşesku məhkəmə zamanı çıxışında Qarabağ münaqişəsini yaradanları lənətləyərək onu SSRİ-nin dağılmasının səbəbi adlandırmışdı.

Bəs, SSRİ-nin ovaxtkı mənfur ermənipərəst rəhbərliyinin 1987-ci ildən start götürən separatizm dalğasına reaksiyası necə oldu? Hüquqi dövlət, imperiya, əslində, bunun qarşısını almalı, yerində boğmalı idi. Lakin dünya erməni lobbisindən yemlənən ozamankı lider Mixail Qorbaçov başda olmaqla rəhbərlik nəinki separatizmin qarşısını aldı, əksinə, onun daha geniş vüsət almasına rəvac verdi. Nəticədə insanlar öz ev-eşiklərindən qovulmaqla yanaşı, soyqırımlara, irqi ayrı-seçkiliyə məruz qaldılar. Beləcə, Qarabağdakı münaqişə dalğası sonradan Gürcüstana – Cənubi Osetiya və Abxaziyaya, daha sonra Moldovaya yayıldı. Ərazilərdə yaradılan qondarma qurumlar 30 ilə yaxındır ki, bu ölkələri inkişafdan saxlamaqla yanaşı, insanların qaçqın və ya məcburi köçkün həyatı yaşamağa məcbur edir.

Ümid etmək olar ki, Azərbaycanın əldə etdiyi zəfəri bir gün onlar da yaşayacaq. Belə ki, artıq Azərbaycan MDB, xüsusilə postsovet məkanında işğala və separatizmə son qoyan ilk ölkə kimi tarixə damğasını vurub. Eyni zamanda, Azərbaycan dünyada yaxın illər ərzində işğala son qoyan tək ölkə kimi də tarixə düşüb.

Ermənilər həqiqətən də “fəxr” edə bilərlər ki, məhz onlar ötən əsrin 80-ci illərində separatizm hərəkatının lokomotivi olublar. Separatizm dalğasının sovet məkanı ilə yanaşı, bütün dünyaya yayılmasının təşəbbüskarı da məhz onlardır. Azərbaycanın beynəlxalq hüquqla təsbit olunmuş torpaqlarında yaratdıqları və hazırda tarixin zibilliyində olan qondarma Dağlıq Qarabağ Respublikası isə separatizmin ən qanlı forması idi. Məhz bu münaqişə uzun illər keçmiş SSRİ-nin ən iyrənc və təhlükəli qalığı kimi qeyd olunurdu.

Bir məsələni də qeyd edək ki, erməni separatizminin tək sovet imperiyasında deyil, bütün dünyada əks-səda doğurduğunu desək, yanılmarıq. Onlar bir növ dünyada pioner rolunu oynadılar. Dünyanın müxtəlif ölkələrində baş qaldıran separatizm hərəkətləri ermənilərin dünyaya bəxş etdiyi ən böyük “töhfədir”. Maraqlıdır ki, erməni separatizminin ilham aldığı Fransa özü belə bundan əziyyət çəkdiyini dəfələrlə bəyan edib. Məsələn, hazırda Korsika müstəqillik uğrunda mübarizə aparır.

Separatizm hər hansı bir mədəni, etnik, qəbilə, dini, irqi qrupun ümumi sərhədlərindən ayrı olan muxtariyyət və ya muxtariyyət tələbini ehtiva edən bir termindir. Bunun necə qorxulu, dağıdıcı proses olduğunu hər kəs dərk etsə də, təəssüf ki, Fransa dərk etmir.

Bir faktı da qeyd etmək yerinə düşər ki, beynəlxalq birlik dünyada separatizmə göstərdiyi sərt mövqeni Qarabağdakı separatçılara göstərmədi. Əksinə, onlara qucaq açıldı. Bu məsələdə Azərbaycan hər zaman ikili standartlar və qərəzli münasibətin şahidi oldu.

“Report” İnformasiya Agentliyi

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir