Cəmiyyət

Hədəfi gözündən vuranların məkanı – Atıcılıq Mərkəzindən REPORTAJ + FOTO

Sharing is caring!

Ətrafımızda elə insanlar var ki, hissiyyat və öncədən görmə qabiliyyətlərinə görə mistika ilə doludurlar. Bu, sizə fövqəladə bir şey kimi görünür, amma sərrast atıcılar, snayperlər barədə əfsanələr əslində real faktlara əsaslanır.

Bu gün sizə “Düşmənlərin qorxduğu, dostların hörmət etdiyi” sahəyə xidmət edən, necə deyərlər “hədəfini gözündən vuran” atıcılar barədə danışacam.

Yolumuz isə Bakı Atıcılıq Mərkəzinədir. 2015-ci ildə istifadəyə verilən bu mərkəz Avropada ən böyük atıcılıq komplekslərindən biridir və paytaxtın Biləcəri qəsəbəsində yerləşir. Mərkəzin funksional zonalarının sahəsi 123 min kvadratmetrdən artıqdır.

Atıcı üçün sadəcə atəş açmaq kifayət deyil, saatlarla diqqətini hədəfə verməyi bacarmalısan. Bir növ atıcının hədəfindəsinizsə, ən kiçik hərəkətdə ölümə məhkumsunuz deməkdir. Bu, qəddarcasına səslənir, amma həqiqətdir. Onlar xüsusi proqram, normativlər üzrə hazırlıqlar və təlim keçirlər.

Mərkəzin müasir standartlara cavab verən güllə atıcılığı binası var. Güllə atıcılığı binasında Beynəlxalq Atıcılıq Federasiyasının tələblərinə uyğun olaraq qurulan zalların hər birində idmançılara, hakimlərə, məşqçilərə xidmət edəcək xüsusi otaqlar yaradılıb. Sözügedən otaqlarda 10, 25, 50 və 300 metr məsafəyə güllə atıcılığı üzrə yarışlar keçirilə bilir. Bundan başqa stend atıcılığı sahəsində idmanın dairəvi və səngər stend atıcılığı növü üzrə məşqlər də keçirilir. Mərkəzdə biri final yarışları üçün nəzərdə tutulmaqla beş atış meydançası inşa edilib ki, həmin meydançalarda səngər atış hərəkətləri üçün 75 hədəftullayıcı avadanlıq quraşdırılıb.

Dairəvi atış hərəkətləri üçün inşa edilmiş beş qüllədə isə 10 hədəftullayıcı avadanlıq mövcuddur. Atıcılıq başqa idman növlərindən fərqlənir. Onu bəzən “Qolf” kimi zəngin insanların hobbisi də adlandırırlar. Adrenalin sevən insanlar bununla rahatlıqla məşğul ola bilərlər.

Stend atıcılığı sahəsində beş atış meydançası inşa edilib və atış hərəkətləri üçün 75 hədəftullayıcı avadanlıq quraşdırılıb. Bakı Atıcılıq Mərkəzində atıcılıq bacarığınızı sınaya, sərrast atıcılığı öyrənə və maraqlı gün keçirə bilərsiniz. Elə çəkiliş zamanı da atış meydançasında hədəflərin bir-bir məhv edildiyinin şahidi oldum. 

Oxu.Az Avropada ən böyük atıcılıq komplekslərindən biri sayılan Bakı Atıcılıq Mərkəzindən hazırladığı reportajı təqdim edir:

Bizimlə çəkiliş müddətində həmsöhbət olan idmançı isə Azərbaycan İdman Akademiyasının atıcılıq üzrə məzunu 26 yaşlı Mirmömin Ağazadədir.

Qeyd edim ki, gənc olmasına baxmayaraq Mirmömin artıq idman ustalığına namizəddir.

O deyir ki, bu sahəyə marağı olan insanlar çox səbrli olmalıdırlar:

“İdman Akademiyasının məzunuyam və 11 ildir bu sahədəyəm. Mənim marağım televiziyadan yaranmışdı. Hər zaman silahla davranış qaydalarına, silahlara maraqla baxırdım. Atıcılığa başlamaq üçün Respublika Stend Atıcılıq İdman Məktəbi var, orada qeydiyyatdan keçərək iki növdən birini – səngər və dairəvi stend atıcılığını seçməlisən. O məktəbə qeydiyyata düşəndə mənim 14 yaşım var idi. Mən səngər stend atıcılığını seçdim. İlkin olaraq iki ay silahla davranış, təhlükəsizlik qaydaları öyrədilir. Daha sonra imtahan verilir və imtahandan uğurlu keçən şəxslərə silah götürməyə icazə verirlər”.

M.Ağazadə dəfələrlə Dünya Çempionatlarında, Avropa Çempionatlarında iştirak edib. Hətta ulu öndər Heydər Əliyevin xatirəsinə həsr edilən atıcılıq üzrə “Qran-pri” yarışlarında ikinci və üçüncü yerləri tutub.

Onun sözlərinə görə, bir çox ölkələrdə atıcılıq idman növü daha çox inkişaf edib:

“Son dövrlərdə Azərbaycanda da bu idman növünə maraq artıb və yarışların sayı artırılıb. İstərdik ki, bu maraq daim artsın. Buna baxmayaraq biz daim öz üzərimizdə çalışırıq”.

Silahı heç kimə tuşlamaq olmaz

M.Ağazadə bildirib ki, silahla davranış qaydalarında ən çox yol verilən səhv silahın insana tuşlanmasıdır:

“Hədəf istisna olmaqla, silah boş olduqda belə, onu insana tuşlamaq olmaz. Silah yalnız atış edilən zaman müvafiq hazırlıq formasına gətirilib, bağlanmalıdır. Qalan heç bir halda silah bağlı qalmamalıdır. Daha bir səhv əlinə silah alanlar dərhal barmağını tətiyin üzərinə qoyurlar. Bu, ən ciddi səhvlərdən biridir. Barmaq mütləq tətik səviyyəsindən yuxarıda, düz saxlanılmalıdır.

Bəzən turizm şirkətləri vasitəsilə mərkəzimizə turistlər gəlirlər, atış meydançalarında idmançıları izləyirlər. Özlərini bu sahədə sınamaq istəyən şəxslərə təlim-metodistin nəzarəti altında atış etmək üçün qaydalar izah edilir. Digər hallarda silah götürmək qadağandır”.

Müəllimlər həkim yoxlamasından keçməlidirlər

Onu da deyim ki, məşqlərə başlamazdan öncə qonaqlara təlimatçılar tərəfindən xüsusi təlim keçirilir və təhlükəsizlik qaydaları izah olunur. Yalnız bundan sonra qonaqlar öz məharətlərini sərgiləmək üçün tam hazır sayıla bilərlər. Təlim və atıcılıq müddətində hər bir qonaq fərdi bələdçi ilə müşayiət olunur. Eyni zamanda mərkəzdə 13 yaşdan yuxarı atıcılığa maraq göstərən gənclər üçün atıcılığı öyrənmək və yarışlarda təmsil olunmaq kimi geniş imkanlar da yaradılıb.

Bura, həmçinin yüksək səviyyədə komanda quruculuğunun keçirilməsi üçün də əlverişlidir. Mübarizə dolu komanda yarışları arbitrların nəzarəti altında keçirilir.

M.Ağazadə özü də idman ustalığına namizəd olduğu üçün təlimçi-metodistlərin psixoloji sağlamlıq durumunun mütləq qaydada yoxlanıldığı qeyd edib:

“Təbii ki, heç kimim sağlamlıq durumu eyni ola bilməz. Ona görə də sağlamlıq durumu ciddi şəkildə yoxlanılır. Hər bir qonağın yanında fərdi qaydada təlimçi-metodist dayanmalıdır. Bizim mərkəzdə olmasa da, xarici ölkələrdə metodist olmadan əlinə silah alan və silahla davranış qaydalarını bilməyən şəxslərin ehtiyatsızlıqdan bir-birini vurduğu hallar qeydə alınıb. Bu kimi neqativ halların baş verməməsi üçün qaydalara riayət etmək lazımdır. Növündən asılı olmayaraq silahla zarafat etmək olmaz.

Mənim müəllimim Bakı Atıcılıq Mərkəzinin səngər stendi atıcılığı üzrə baş müəllimi Emre Gülaydır. O da hər zaman qaydalara riayət edilməli olduğunu diqqətə çatdırır. Səngər stendi üzrə 30-a yaxın idmançımız var. Hətta onlar arasında xanımlar da var”.

Səngər, yoxsa dairəvi stend üzrə atıcılıq daha çox adrenalin yaşadır?

M.Ağazadənin sözlərinə görə, bu, seçimə görə dəyişir:

“Mənə görə səngər stendi daha maraqlı və adrenalinlidir. Hədəflər yerin altından çıxır və istiqamət bilinmir. Dairəvi stenddə isə səkkiz istiqamət var. Bir hədəfin zərərziləşdiriməsi üçün iki-üç saniyə vaxtımız olur. Əks halda hədəf itirilmiş hesab edilir. Burada hər kəsin öz silahı var. Heç kim bir başqasının silahından icazəsiz atış edə bilməz.

Məktəbdə biz beş güllə ilə başlamışdıq, indi bir atış seriyası üçün 25 güllə hesablanır. Bizim silah qoşalülə olduğu üçün iki seriyalıq atışa minimum 70 güllə hesablanır. Amma yarışa hazırlananlar üçün 150 və daha çox güllə (içərisində qırma) ayrılır”.

İdmançımızın ova da marağı olduğunu öyrəndik. Heç ova gedib, mərkəzdən kənarda silahdan istifadə edibmi deyə soruşduq:

“Əslində ova getməyə marağım var, sadəcə lisenziyam yoxdur. Bu barədə düşünürəm, ümid edirəm qismət olar. Əslində həftənin beş günü burada olduğum üçün vaxtım olmur. Burada həftənin beş günü iş günü kimi sayılır və idmançılara dərəcələrinə görə təqaüd ayrılır. Hətta bizə təlimçi kimi xanımlar da müraciət edə bilərlər. Bizim xanım idman ustalarımız da çoxdur. Yarışlarda bir qız, bir oğlan olaraq atış həyata keçiririk. Düzdür, qızlar bir az fərqli atış edir, əsas xalları oğlanlar qazanırlar. Amma yaxşı atıcı xanımlarımız da çoxdur. Bizim hətta xanım atıcılardan Aydan Camalova idman ustasıdır.

Azərbaycana baxanda başqa ölkələrdə atıcılar çoxdur. İstərdim ki, bizim ölkədə də bu sahəyə maraq artsın. Düşünürəm ki, bu idman növü çox maraqlıdır və perspektivlidir. Mən idmançılar arasında tapança atıcılığı üzrə Ruslan Lunev fəaliyyətini bəyənirəm. Ruslan Lunev “Paris-2024” Yay Olimpiya Oyunlarına lisenziya qazanan ilk idmançımızdır”.

Həmsöhbətimin fikrinə əlavə olaraq deyim ki, məncə qadın snayperlər, atıcılar psixofizioloji cəhətdən kişilərdən dayanıqlı olurlar. Səbr, dözüm və adaptasiya bacarığı, eləcə də qadınlara məxsus yüksək özünümüdafiə instinkti heç kimə sirr deyil. Yüksək səviyyədə güclü müşahidə bacarığı olan xanımların sərrast atıcı ola bilməsi isə ehtimal yox, dəqiqdir.

Elə bu yerdə stend atıcısı, beynəlxalq dərəcəli SSRİ idman ustası, Əməkdar bədən tərbiyəsi və idman xadimi, Azərbaycan Atıcılıq Federasiyasının vitse-prezidenti və Azərbaycan Milli Olimpiya Komitəsinin vitse-prezidenti, Olimpiya, Avropa və Dünya çempionu Zemfira Meftahətdinova düşündüklərimə canlı nümunədir…

Çəkiliş artıq yekunlaşır, hava isə hələ də bir qədər yağışlıdır. Yoxsa stres atmaq üçün hədəfləri məhv etmək gözəl olardı. Odur ki, hər bir işdə konkret bir hədəfiniz olsun. 

Daha çox şəkil burada: PhotoStock.Az

Könül Cəfərli

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir