Siyasət

Qərbi Azərbaycan Xronikası: “Türkiyə və İrandan ermənilər niyə Abarana köçürülüblər?” – VİDEO

Sharing is caring!


Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində jurnalist Əsgər İbrahimovun müəllifliyi ilə əvvəlki adı Baş Abaran, sonra Abaran, hazırda isə ermənilərin Aparan adlandırdığı rayon haqqında süjet hazırlanıb.

“Ermənilərin Aparan adlandırdığı oğuz yurdu” adlı süjetdə tarixən azərbaycanlıların yığcam yaşadığı Qərbi Azərbaycan adlı coğrafi məkanda, yəni indiki Ermənistan ərazisində 19 mahal üzrə 34 rayon mövcud olduğu bildirilir:

“Abaran mahalı ərazisində eyni adlı rayon 1858-ci il Qafqaz regionunun baş xəritəsində, 1590-cı ildə tərtib edilmiş “İrəvan əyalətinin müfəssəl dəftəri”ndə, eləcə də Qafqazın 5 verstlik xəritəsində qeyd edilib. XX əsrin əvvələrinə qədər əhalisi azərbaycanlılardan ibarət olan bu rayona ermənilər əsasən 1914-1918-ci illərdə Türkiyənin Muş, Van, Ərzurum, Alaşkert və İranın Xoy vilayətlərindən köçürülüblər. Hazırda burada yalnız ermənilər yaşayır”.

Vurğulanır ki, məhz Qərbi Azərbaycanda mövcud olan Abaran rayonun adının və etnik tərkibinin dəyişdirilməsi, tarixinin saxtalaşdırılması haqqında real məlumatlar erməni xislətinin üzə çıxması və ifşa olunması üçün tutarlı sübutlardır.   

Diqqətə çatdırılır ki, Abaran rayonu 1930-cu il sentyabrın 9-da yaradılıb. Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 1935-ci il 3 yanvar tarixli fərmanı ilə Abaranın adı dəyişdirilərək Aparan qoyulub. Ərazisi 816 kvadrat kilometr olan rayonun mərkəzi, şəhər tipli Baş Abaran, yəni Abaran qəsəbəsidir. 1970-ci illərdə rayon ərazisinin bir hissəsi Hamamlı, indiki Spitak rayonunun bir hissəsi ilə birləşdirilərək ayrıca Araqats rayonu yaradılıb. Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin müxtəlif fərmanları ilə Abaran rayonu üzrə tarixi onlarla yer adı dəyişdirilib.

Sonda diqqətə çatdırılır ki, qədim türk-oğuz yurdlarının izini silmək üçün müxtəlif hiylələrə əl atan ermənilər ümumiyyətlə, XX əsrdə azərbaycanlıları Qərbi Azərbaycandan bir neçə dəfə köçürməklə, soyqırımlar törətməklə özlərini sanki məqsədlərinə çatmış kimi hiss ediblər:

“Lakin bu istək əbədi ola bilməz. Artıq azərbaycanlılara məxsus hər bir yaşayış məntəqəsi millətin yaddaşında qorunub saxlanılıb və gələcək nəsillərə çatdırılır. Bütün bunlar tarixi həqiqət olmaqla yanaşı, doğma yurda qayıdış üçün ən önəmli faktlardır”.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, – fikrini əsas tutaraq Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasından irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.

Ətraflı Baku TV-nin süjetində:

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir