Siyasət

Artan hərbi qarşıdurmalar və yeni dünya savaşı təhlükəsi – ŞƏRH + FOTO

Sharing is caring!


İkinci Dünya müharibəsindən sonra insanlar daim bu təhlükənin yenidən nə vaxt baş verəcəyini səksəkə ilə gözləyiblər. Ancaq ondan sonra baş verənləri heç kim “üçüncü dünya müharibəsi” adlandırmağa cürət etməyib.

Üçüncü dünya müharibəsi nə vaxt olacaq? Bu müharibə indi gedir? Bu kimi sualları cavablandırmazdan öncə müharibənin tərifinə nəzər yetirək. Politologiya haqqında kitablara əsasən, müharibə siyasi subyektlər (dövlətlər, tayfalar, siyasi qruplar və s.) arasında müxtəlif iddialar zəminində tərəflərin silahlı qüvvələri arasında qarşıdurma, hərbi (döyüş) hərəkətləri şəklində baş verən münaqişədir. Müharibə, bir qayda olaraq, düşmənə öz iradəsini tətbiq etmək tapşırığıdır. Bir siyasi subyekt digərinin davranışını zorla dəyişdirməyə çalışır, onu azadlığından, ideologiyasından, mülkiyyət hüququndan, resurslardan: ərazi, akvatoriya və s. imtina etməyə məcbur edir.

Ötən əsrdə baş vermiş iki böyük savaşın tarixinə diqqət etsək, onun səbəbləri, ərazisi və itkiləri yuxarıdakı suallara cavab vermək üçün yön verər.

Birinci Dünya müharibəsi iki alyans arasında baş verib. 1914-cü ildə başlamış bu silahlı qarşıdurmaya dünyanın böyük güc mərkəzləri qoşulmuşdu: bir tərəfdə Antanta – Böyük Britaniya, Fransa və Rusiya, o biri tərəfdə isə “Üçlər ittifaqı” – Almaniya, Avstriya-Macarıstan və İtaliya. Sonralar 1914-cü ildə Yaponiya Antantaya qoşulmuşdu. Müharibədə ABŞ dolayı yolla Böyük Britaniyanı dəstəkləyib. Bu savaşa 60 milyonu avropalı olmaqla 70 milyon hərbçi cəlb olunmuşdu. Həmin qarşıdurma nəticəsində 10 milyona yaxın əsgər, hərbçi ölüb.

1939-cu il sentyabrın 1-də İkinci Dünya müharibəsi başlayıb. Bu münaqişədə də böyük güclərdən ibarət iki qüvvə üz-üzə idi. Bir tərəfdə Almaniya, İtaliya, Yaponiya və müxtəlif ölkələrdə, o cümlədən Avropada Hitleri və faşizmi dəstəkləyənlər, o biri tərəfdə antihitler koalisiyası – ABŞ, Böyük Britaniya, keçmiş SSRİ, Fransa, habelə çeşidli ölkələrdəki hakimiyyətlər dururdu.

İkinci Dünya müharibəsində də itkilərin sayı təxminidir. Mənbələrin məlumatına əsasən, antihitler koalisiyası savaş nəticəsində 16 milyondan çox hərbçi, 30 milyon dinc sakin, faşist Almaniyası və müttəfiqləri tərəfdə doqquz milyona yaxın hərbçi və səkkiz milyon dinc sakin ölüb. 55-70 milyon nəfər ümumi itki olduğu ehtimal edilir.

Deməli, silahlı toqquşma böyük güclərin ərazisində, onların birbaşa iştirakı ilə keçirilərsə, ona dünya müharibəsi deyilir. Fikrimizcə, bu səbəbdən də dünyanın müxtəlif bölgələrində davam edən, yaxud baş vermiş genişmiqyaslı silahlı münaqişələrə dünya müharibəsi demirlər.

İkinci Dünya savaşından sonra güclər kəskin şəkildə ABŞ və ətrafı, SSRİ və ətrafı kimi ikiyə bölünmüşdü. O zaman bu iki tərəf, qütb arasındakı münasibət “soyuq müharibə” adlanırdı. Demək olar ki, bütün silahlı münaqişələri həmin qütblər bu və ya başqa şəkildə dəstəkləyir, müdafiə edirdilər.

Məsələn, Vyetnam müharibəsini, Latın Amerikasındakı silahlı qarşıdurmaları, Afrikadakı milli azadlıq müharibəsini, Orta Şərqdəki hadisələri, Hind-Çin yarımadasında silahlı toqquşmaları, Əfqanıstandakı münaqişəni və s. buraya aid etmək olar. Bu müharibələrdə ABŞ və SSRİ hərbçiləri də iştirak etmişdilər. Ancaq onlara dünya müharibəsi deyilmədi. 1980-ci ildə İranla İraq arasında səkkizillik müharibə də dünya savaşı adlanmadı. Suriya və İraqda anti-İŞİD koalisiyası da üçüncü müharibəni yaratmaq gücündə olmadı.

2022-ci il fevralın 14-dən Rusiya-Ukrayna müharibəsi gedir. Ukraynanı ABŞ, Böyük Britaniya, Almaniya və başqaları da daxil olmaqla Ramştayn alyansı müdafiə edir. Bu savaşda Ukrayna hərbçiləri, əsgərləri döyüşürlər. ABŞ və ramştaynçılar isə hərbi texnika, humanitar məsələlər, maliyyə yardımı edirlər. Hətta ukraynalı hərbçilərə təlimlər də keçirlər. Ancaq bu da dünya savaşı səviyyəsində qəbul edilmir.

Son günlər HƏMAS silahlı birləşməsi ilə İsrail arasında müharibə başlayıb. Bu müharibədə də döyüşənlərlə yanaşı, dünya gücləri iki tərəfə bölünüb. ABŞ və müttəfiqləri bir tərəfdə, Rusiya, Çin, İran, Latın Amerikasının keçmiş sovet düşərgəsi o biri tərəfdədir. Bir neçə il əvvəl İsraillə Livandakı “Hizbullah” qruplaşması arasında da döyüş baş vermişdi.

Bu tip savaşlar böyük dövlətlərin, güclərin ərazisində getmədiyindən onlar dünya səviyyəli münaqişə adlanmır. Düzdür, dünya iqtisadiyyatına, inteqrasiyaya, problem yaradır. Məsələn, neftin, ərzaq məhsullarının və başqa malların qiymətinin qalxmasına, qıtlığına səbəb olur.

Suallardan biri də budur: HƏMAS-İsrail qarşıdurması, yaxud Rusiya-Ukrayna müharibəsi genişlənib dünya müharibəsi səviyyəsinə çata bilər? Fikrimizcə, bu, baş verməyəcək. Bu müharibə lokal xarakterlidir. Ona görə də daha çox regional siyasi, hərbi məsələlərə ciddi təsir göstərə bilər.

Odur ki, bu tip silahlı qarşıdurmalar böyük və regional güclərin maraqlarını ifadə edir. Böyük güclər bu kimi hadisələrdə dolayı yolla iştirak edirlər. Məsələn, region və ya bölgədən kənar dövlətlərin İsrailə qarşı HƏMAS, yaxud “Hizbullah” tərəfdən birbaşa döyüşməsi, bunu açıq etiraf etməsi yəhudi dövlətinə qarşı təcavüz sayılar. İsrail də həmin ölkəyə zərbə endirmək üçün hüquqi əsas əldə edə bilər. Belə müharibələr böyük güclərin birbaşa müharibədən yayınmasına da yardım edir. Bu halda onlara maddi, mənəvi və iqtisadi baxımdan elə ciddi zərbə dəymir. Həmin müharibə böyük güclərin beynəlxalq siyasi arenada mövqelərinin möhkəmlənməsinə yardım edir və s. Ona görə də böyük güclərin birbaşa bir-biriləri arasında birinin ərazisində gedən silahlı toqquşma dünya müharibəsi, böyüklərin dəstəyi və yardımı ilə aparılan savaş isə hibrid sayılır. Bu baxımdan ictimaiyyətin üçüncü dünya savaşına şahidlik edəcəyi, yaxud belə qarşıdurmada istənilən şəkildə iştirakı yaxın dövrlərdə gözlənilmir. Dünya gücləri isə maraqlarını təmin etmək və bir-birinə qarşı hikkə, kin, nifrətini tökmək üçün regional, lokal savaşları dəstəkləyəcəklər. Üçüncü dünya savaşı olmayacaq. Beynəlxalq səhnədə vəziyyət hələ ki belədir…

“Report” İnformasiya Agentliyi

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir