Siyasət

“Bu gün Azərbaycan öz şərtlərini dünyaya bəyan edən güclü dövlətdir” – RƏY + FOTO

Sharing is caring!


“Bu gün biz öz maraqlarını, öz doğrularını və öz şərtlərini ardıcıl şəkildə dünyaya bəyan edən güclü Azərbaycan görürük”.

Bunu “Report”a açıqlamasında Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin dekanı, Əməkdar jurnalist Vüqar Zifəroğlu deyib.

O bildirib ki, hazırda son dərəcə tarixi günləri yaşamaqdayıq:

“Çünki suverenliyimiz tam bərpa olunub. Prezident İlham Əliyevin hakimiyyətə gəlməsinin 20-ci ildönümündə bu tarixi anları yaşamağımızın çox böyük mənası və mesajı var. Bu, bizim ötən illər ərzində nail olduğumuz inkişafı, qət etdiyimiz yolu göstərir. Bu il həm də müstəqilliyimizi ikinci dəfə elan etməyimizin 32-ci ildönümü tamam olur. 1991-ci ildə biz müstəqilliyimizi bərpa edəndə böyük təhdidlərlə üz-üzə idik. Azərbaycan daxilində hərc-mərclik hökm sürürdü. Vəziyyət qarışıq idi. Amma biz bu çətinlikləri dəf etdik. Bunun üçün bircə gün də olsun dayanmadıq. Məqsədyönlü şəkildə işlədik. Qarşıya konkret hədəflər qoyduq. Prezident İlham Əliyevin mahir diplomat olması onun hakimiyyətə gəlməsinin ilk günündən etibarən özünü göstərdi”.

V.Zifəroğlu qeyd edib ki, bu gün biz regionda yeni geosiyasi reallıqlar yaradan Azərbaycan görürük:

“Bu gün biz milli maraqlara söykənən və bölgədə böyük güclərin qəbul etdiyi dayanıqlı xarici siyasət görürük. Bu gün biz rifaha və sosial inkişafa söykənən davamlı və ardıcıl inkişafa təkan verən daxili siyasət görürük. Bu gün biz öz maraqlarını, öz doğrularını və öz şərtlərini dönməz olaraq, ardıcıl şəkildə dünyaya bəyan edən güclü Azərbaycan görürük. Geridə qoyduğumuz 32 il və İlham Əliyevin hakimiyyətdə olduğu son 20 il məhz belə yadda qalıb. Əlbəttə, indi haqqında danışdığımız hadisələrin hər biri tarix kitablarına düşür və düşəcək. Çünki Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi ilə öz tarixini özü yazır”.

Əməkdar jurnalistin fikrincə, hazırkı tarixi günlər hər bir azərbaycanlının qürur mənbəyidir:

“Sabah qeyd edəcəyimiz növbəti Müstəqilliyin Bərpası Günü daha fərqli olacaq. Gələn il 26 fevral Xocalı soyqırımını da fərqli formada qeyd edəcəyik. Çünki bu gün hər bir Azərbaycan vətəndaşı qürurludur, hər bir soydaşımızın başı dik, ürəyi sakitdir. Çünki Birinci Qarabağ müharibəsindən bəri verdiyimiz şəhidlərimizin ruhu şaddır. Bu, mənəvi, tarixi və siyasi nöqteyi-nəzərdən ötən illər ərzində keçdiyimiz yolun ən bariz nümunəsidir”.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir