Siyasət

İlham Əliyev və Azərbaycan idmanı: Əsrə bərabər 20 ilin quruculuq və uğur hekayəsi – ŞƏRH

Sharing is caring!


Gün var, aya bərabər, ay var, ilə bərabər, il var, əsrə bərabər. Azərbaycan Prezidenti İlham Əliyevin arxada qalan 20 illik hakimiyyət dönəmi də əslində əsrə bərabərdir. Çünki Azərbaycan insanı bu zaman kəsiyində bir əsrə sığacaq qədər tarixi hadisələrin şahidi olub. İdman sahəsi də bu baxımdan istisna deyil. Son 20 il ərzində yaşananlara işıq salıb, heç də böyük olmayan bu tarixi dönəmi vərəqləyəndə qürurverici hadisələr göz önündə yenidən canlanır.

Maddi-texniki bazanın möhkəmləndirilməsi

Əslində, Azərbaycan idmanının əsaslı dönüş nöqtəsi kimi 31.07.1997-ci il tarixi qəbul olunmalıdır. Çünki məhz bu tarixdə keçirilən Milli Olimpiya Komitəsinin (MOK) növbəti sessiyasında həmin vaxt Azərbaycan Dövlət Neft Şirkətinin birinci vitse-prezidenti olan İlham Əliyev MOK-un prezidenti seçildi. Və bundan sonra böyük quruculuq işlərinə start verildi. Təsadüfi deyil ki, ölkənin, demək olar ki, əksər şəhər və rayonlarında olimpiya idman kompleksləri tikilərək istifadəyə verildi. Bu da ilk növbədə gənc nəslin pis vərdişlərdən uzaqlaşaraq sağlam həyat tərzinə yönləndirilməsinə hesablanmış addım idi. Bu, eyni zamanda ölkə idmanının arealının genişləndirilməsini və kütləviliyin təmin edilməsini özündə ehtiva edirdi.

Maddi-texniki bazanın təməlinin qoyulması və möhkəmləndirilməsi istiqamətində atılan addımlar həqiqətən möhtəşəmdir. Konkret faktlara keçid alaq. Olimpiya idman komplekslərindən əlavə, yeniyetmə və gənc nəslin istifadəsinə kifayət qədər arenalar verilib. Ən müasir standartlara cavab verən Milli Gimnastika Arenası, Su İdmanı Sarayı, Avropa Oyunları Parkı, Bakı Olimpiya Stadionu, Bakı Atıcılıq Mərkəzi, Bakı Kristal Zalı, Velopark, Bakı Tennis Akademiyası, Paralimpiya İdman Kompleksi də son 20 ildə istifadəyə verilib. Həmçinin SSRİ dönəmində təməli qoyulan Heydər Əliyev adına İdman-Konsert Kompleksi, Respublika Olimpiya Mərkəzi, Bakı İdman Sarayı, Tofiq Bəhramov adına Respublika stadionu əsaslı təmir və yenidənqurmadan sonra qapılarını yenidən idmançıların üzünə açıb.

Prezident İlham Əliyevin imzaladığı sərəncamla təsdiqlənən “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın tədbirlər planına əsasən, olimpiya idman komplekslərinin, gənclər evlərinin, universal idman zallarının (üzgüçülük hovuzları, gimnastika, güləş, əl oyunları, açıq tipli idman meydançaları və digər idman təsisatları ilə birgə), “İmarət” stadionunun (futbol məktəbi, “Qarabağ” Futbol Klubu üçün köməkçi idman təsisatları ilə birgə) tikintisi də nəzərdə tutulub. Gəncədə və Naxçıvanda da müasir tələblərə cavab verən stadionlar tikilib istifadəyə veriləcək. Göründüyü kimi, ölkə idmanının maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində quruculuq işləri bundan sonra da davam edəcək.

Yüksək təşkilatçılıq bacarığı fonunda doğrulan böyük etimadlar

Bir ölkənin idman infrastrukturu, maddi-texniki bazası bütün tələblərə cavab verirsə, beynəlxalq qurumların ona etimad göstərməsində, nüfuzlu böyük yarışların ev sahibliyini həvalə etməsində qeyri-adi heç nə yoxdur. Amma bu məsələdə, tam təbii olaraq, təşkilatçılıq da ön planda dayanır. Bu baxımdan isə Azərbaycan həmişə dünya dövlətlərinə nümunə göstərilib. Təsadüfi deyil ki, son 20 ildə ölkəmizdə saysız-hesabsız nüfuzlu beynəlxalq turnirlər, Avropa və dünya çempionatları təşkil olunub. Həmişə də beynəlxalq idman qurumlarının rəsmiləri və qonaqlar təşkilatçılıqdan ağızdolusu danışıblar.

Həmin yarışları bir-bir sadalamaq artıq vaxt itkisidir. Bununla belə, nüfuzuna və kütləviliyinə görə digər turnirlərdən seçilənləri qeyd etmək yerinə düşər: 17 yaşadək qızlar arasında futbol üzrə dünya çempionatının final mərhələsi (2012), 17 yaşadək oğlanlar arasında futbol üzrə Avropa çempionatının final mərhələsi (2016), 2016-cı ildən təqvim planına daxil edilən “Formula-1” üzrə Azərbaycan Qran-prisi, l Avropa Oyunları (2015), lV İslam Həmrəyliyi Oyunları (2017), futbol üzrə AVRO-2020-nin üç qrup və bir 1/4 final oyunu. Təbii ki, bütün bunlar ölkəmizdə aparılan uğurlu idman siyasətinin nəticəsidir. Bakı şəhərinin 2016 və 2020-ci illərdə keçirilən Yay Olimpiya Oyunlarına ev sahibliyi etmək üçün namizədliyinin irəli sürülməsi də əlamətdar hadisə kimi vurğulanmalıdır.

Yüksək təşkilatçılıq bacarığı ilə yanaşı, bir neçə vacib detal da mütləq qeyd olunmalıdır. Azərbaycanın nüfuzlu yarışlara ev sahibliyi etməsi həm də ölkənin reklamı və tanınması baxımından böyük rol oynayır. Turist axını isə dövlət büdcəsinə əlavə gəlir gətirməklə yanaşı, turizm sektorunun inkişafına müsbət təsir edir.

İnkişafa yol açan vacib addımlar

Prezident İlham Əliyev tərəfindən imzalamış bir çox vacib fərmanlar var ki, onlar birbaşa ölkə idman ictimaiyyətinə verilən yüksək qiymətin təzahürüdür. “Əməkdar bədən tərbiyəsi və idman xadimi” fəxri adının, “Bədən tərbiyəsi və idman günü”nün təsis edilməsi bu qəbildəndir. “Azərbaycan Respublikasında 2005-2015-ci illərdə futbolun inkişafına dair Dövlət Proqramı”nın qəbulu bu sahənin çiçəklənməsi istiqamətində atılan addımdır. 2012-ci ilin ölkədə “İdman ili” elan olunması da sıradan hadisə deyil. Bakı şəhərində Azərbaycanda Olimpiya Hərəkatı və İdman Muzeyinin tikintisi ilə əlaqədar 19 aprel 2013-cü il tarixində imzalanan sərəncam da vacib qərarlar toplusuna aiddir. Bundan başqa, Azərbaycan idmançılarının Olimpiya Oyunlarına hazırlığının daha yüksək səviyyədə, mütəşəkkil formada təşkili və təmin edilməsi ilə bağlı daim sərəncamlar imzalanıb. Bu isə sonda özünü olimpiadalarda, Avropa və dünya çempionatlarında qazanılan yüksək nəticələrdə göstərib.

İdmançıların yaxın dostu kimi tanınan İlham Əliyevin ölkəmizdə təşkil olunan nüfuzlu yarışları canlı izləməsi, hətta mükafatlandırma mərasimlərində şəxsən iştirak etməsi də bu sahəyə nə qədər önəm verdiyinin bariz nümunəsidir. Onun olimpiadalardan əvvəl və sonra idmançıları şəxsən qəbul etməsi və tövsiyələrini verməsi artıq xoş ənənəyə çevrilib. “Qarabağ” Futbol Klubunun avrokuboklarda uğurlu çıxışı da ölkə başçısının daim diqqət mərkəzində olub. Prezident bir neçə dəfə komandanı qəbul edib və maliyyə yardımı göstərilməsi ilə bağlı aidiyyəti qurumlara göstəriş verib.

Azərbaycan idmanı etibarlı əllərdədir

Ölkəmizdə Olimpiya Hərəkatının və idmanın sürətli inkişafı İlham Əliyevin sayəsində reallığa çevrilib. Bunun nəticəsidir ki, Azərbaycan beynəlxalq aləmdə idman ölkəsi kimi tanınır. Qazanılan nailiyyətlərin təməlində məhz dövlətin uğurlu idman siyasəti dayanır. İdman prioritet sahə kimi daim diqqət mərkəzindədir. Kütləviliyin təmin edilməsi sağlam nəsil formalaşdırır ki, bu da Azərbaycanın sağlam gələcəyi deməkdir.

Prezident İlham Əliyevin söylədiyi bu fikirlər çox şeydən xəbər verir: “İdman qələbələri cəmiyyətimizin vətənpərvərlik ruhunu artırır, Azərbaycanı dünyada güclü idman ölkəsi kimi tanıdır, ölkəmizi təbliğ edir. Mən həqiqətən şadam ki, Azərbaycanda idman və Olimpiya Hərəkatı artıq həyatımızın bir hissəsinə çevrilib, idmançılara və veteranlara diqqət yüksək səviyyədədir. Əminliklə vurğulamaq lazımdır ki, respublikamızda davamlı və sürətli inkişaf fonunda idman sahəsində də böyük işlər görüləcək və yeni zirvələr fəth olunacaq”.

Təsadüfi deyil ki, İlham Əliyevin Beynəlxalq Olimpiya Hərəkatının inkişafındakı müstəsna xidmətləri yüksək qiymətləndirilərək, Beynəlxalq Olimpiya Komitəsinin ən ali mükafatı – “Olimpiya ordeni” ilə təltif edilib. İllər öncə Milli Olimpiya Komitəsinin fəaliyyətinə ən böyük qiyməti Beynəlxalq Olimpiya Komitəsinin (BOK) mərhum prezidenti Jak Roqqe verib. Sitat: “Azərbaycan Milli Olimpiya Komitəsi başqa Olimpiya Komitələri üçün örnək olmalıdır. Azərbaycan Milli Olimpiya Komitəsindən nümunə götürməlisiniz”.

Beynəlxalq Olimpiya Komitəsinin hazırkı prezidenti Tomas Baxın bir neçə ay öncə səsləndirdiyi fikirləri də eşitməyə dəyər: “Azərbaycan idman ölkəsi kimi dünyada özünü təsdiq edib. Bu ölkə beynəlxalq yarışlara uğurla ev sahibliyi edir. Təbii ki, bütün bu fəaliyyətlər Olimpiya Hərəkatının və idmanın daha da inkişafı və kütləviləşməsi üçün çox vacib amildir. Azərbaycan Milli Olimpiya Komitəsinin fəaliyyətini yüksək qiymətləndiririk. Əminəm ki, Azərbaycan Milli Olimpiya Komitəsi dünya olimpiya ailəsinin fəal və dəyərli üzvlərindən biri kimi bundan sonra da böyük uğurla fəaliyyət göstərəcək”.

Bütün bunlar Azərbaycan müstəqillik qazandığı ilk illərdə ümummilli lider Heydər Əliyevin təməlini qoyduğu idman siyasətinin onun layiqli davamçısı İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin nəticəsidir. Bir sözlə, Azərbaycan idmanı etibarlı əllərdədir. Bu diqqət və qayğı fonunda Azərbaycanın dəmir yumruğunun və Dövlət Himninin səsi dünya arenalarında hələ uzun müddət eşidiləcək.

“Report” İnformasiya Agentliyi

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir