Siyasət

Ərazinin sahəsi yuvarlaqlaşdırıla bilməz – ŞƏRH

Sharing is caring!


Oktyabrın 5-də İspaniyanın Qranada şəhərində Avropa Siyasi Birliyinin üçüncü sammiti çərçivəsində Ermənistanın baş naziri Nikol Paşinyan, Avropa Şurasının Prezidenti Şarl Mişel, Fransa prezidenti Emmanuel Makron və Almaniya kansleri Olaf Şoltsun qatıldığı, Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı olmadan keçirilən dördtərəfli görüşün yekunlarına dair birgə bəyanat qəbul edilib.

AZƏRTAC xəbər verir ki, Avropa Şurasının saytında dərc edilən bəyanatın mətnində Azərbaycanın və Ermənistanın ərazi bütövlüyünün dəstəklənməsi, tanınması vurğulansa da, iki ölkənin ərazilərinin sahəsi növbəti dəfə müəyyən qeyri-dəqiqliklə təqdim olunub.

Ermənistan ərazisinin sahəsi olduğu kimi, 29743 kvadrat kilometr deyil, 29800 kvadrat kilometr göstərilib, eyni zamanda, məlum olduğu kimi, 86692 kvadrat kilometr sahəsi olan Azərbaycan ərazisinin sahəsi isə 86600 kvadrat kilometrə endirilib.

Bu, ilk baxışdan “rahatlıq” məqsədi ilə yuvarlaqlaşdırma kimi yozula bilər, lakin niyə həmin rəqəmlər Ermənistanın xeyrinə və Azərbaycanın zərərinə olmalıdır?

Oğulları hər qarış torpaq üçün qan tökən Azərbaycan xalqı bu kvadrat kilometrlərin, hətta metr və millimetrlərin qiymətini bilir. Buna görə də, necə deyərlər, bizə özgənin heç nəyi lazım deyil, amma bizə aid olanı da kimsəyə vermərik.

Əgər İrəvanda yuvarlaqlaşma ilə bağlı hay-küydən istifadə edərək hələ də işğal altında olan Azərbaycan anklavlarını mənimsəməyə cəhd etmək fikrinə düşsələr, Paşinyana xatırlatmaq istərdik ki, o, bu il mayın 22-də keçirilən mətbuat konfransında Azərbaycan ərazisinin anklavları da əhatə etdiyini etiraf edib.

Buna görə də bütün hallarda delimitasiya zamanı yuvarlaqlaşdırılmış məlumatlara deyil, millimetrə qədər dəqiqliyə əsaslanmaq lazım gələcək.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir