Siyasət

Makronun Fransası: Erməni mafiyası və lobbisinin xidmətçisi – ŞƏRH + FOTO

Sharing is caring!


Fransa dünyanın siyasi məkanında batan, sönən ulduzu xatırladır. Böyük dövlətlərin çöküşü belə olur. Vaxtilə bu ölkə böyük imperiyalardan sayılsa da, XVIII əsrin ortalarından başlayaraq müstəmləkə ərazilərini və onunla birlikdə siyasi nüfuzunu itirməyə başlayıb.

Birinci və İkinci Dünya müharibələrində uğursuzluqlar bu prosesə təkan verib. Müharibədən sonra Yelisey sarayı müstəmləkə bölgələrini əlində saxlamaq məqsədilə soyqırımları törədib. 1962-ci ildə Əlcəzairdə Oran qətliamında 3 500-dək insan qətlə yetirilib, 453 nəfər isə “itkin” düşmüş sayılır. Bütövlükdə isə bu ölkədə milyon yarımdan çox insan qətlə yetirilib. 1994-cü ildə Ruandada Fransa hərbçiləri və jandarmları 800 mindən çox dinc sakini soyqırımına məruz qoyublar. Bu siyahını Fransanın başqa ölkələrdə törətdiyi qətliamlarla da uzatmaq mümkündür. Bu ölkəni idarə edənlərin əli milyonlarla günahsız insanın qanına batıb. İndi də dünyanın siyasi səhnəsində aparıcı dövlət kimi qalmaq üçün çabalayır.

Prezident Emmanuel Makron ikinci dəfə dövlət başçısı seçiləndən sonra Fransa tarixinin ən faciəvi dövrünü yaşayır. “Sarı jiletlilər”in etiraz aksiyasından tutmuş müxtəlif səpkili etiraz aksiyaları onun yarıtmaz və iddialı islahat aparmaq siyasətinin törəməsidir. Yeliseyin yürütdüyü siyasət səbəbindən Fransa cəmiyyəti ksenofob ölkəni xatırladır. Ölkədə Afrika mənşəli insanlara qarşı irqi ayrı-seçkilik davam edir.

Bu il iyunun 27-də Fransanın Nanter şəhərində polis tərəfindən əlcəzairəsilli Nael adlı 17 yaşlı yeniyetmə qətlə yetirilib. Hadisənin sosial mediada yayımlanan görüntülərinə əsasən, yeniyetmə polis zorakılığının qurbanı olub. Yayılan videoda polis “İndi başından vuracağam” deyə bağırıb.

Fransada çıxan “Miniute” jurnalı ölkənin Afrika mənşəli ədliyyə naziri Kristian Tobirunu meymuna bənzədən karikatura yayıb. Bu ölkədə ultramühafizəkar qrupların mövcudluğu və fəaliyyət göstərməsi demokratiya deyil, ksenofobiyanın göstəricisidir.

Fransada məscidlərə hücumlar, hicablı xanımlara qarşı ayrı-seçkilik də davam edir. Emmanuel Makronun prezident olduğu ölkədə məktəbə hicabla gedən qızlardan onu çıxarmaq tələb edilir. Məhəmməd peyğəmbərin karikaturasının çapını demokratiya, söz azadlığı sayan rəsmi Paris məktəbli qızlara qarşı belə antiinsani hərəkət edir. Əgər bu demokratiyadırsa, o zaman insanlar şəxsi həyatında da sərbəstdirlər. Fransa konstitusiyasında hicabın qadağan edilməsinə dair maddə isə mövcud deyil.

Qeyd edək ki, üç il öncə Emmanuel Makron qadınların ictimai yerlərdə hicab örtməsinin məhdudlaşdırılmasına dair qanun layihəsinin anonsunu vermişdi. Milli Assambleya və Senat da bu layihəni bəyəndilər. Bununla da özünü demokrat, insan hüquqlarının, o cümlədən də ermənilərin haqlarının müdafiəçisi sayan Yelisey sarayı beynəlxalq normaları və müqavilələri pozmuş olur.

Bu il iyulun 20-də Cənubi Afrika Respublikasında BRİKS-ə (Braziliya, Rusiya, Hindistan, Çin və CAR) üzv ölkələrin sammiti keçirilib. Tədbirə Fransa prezidenti dəvət olunmayıb. Halbuki tədbirdə iştirak etməyə çox can atırdı. Lakin onu oraya da layiq görməyiblər.

Makronla bağlı ölkə ictimaiyyətinin narazılığını əks etdirən bəzi fikirləri də bölüşmək istərdik: “Ah, Makron, bu “maliyyə Motsartı” ləqəbi ilə diplomatiyanın Eynşteyni… Bütün dahilər kimi o da həmişə səhv başa düşülür”, “Titanik kimi Fransa da batır, amma Makronun musiqisi hələ də səslənir…”, “Fransa dünyadakı mövqeyini necə itirir. Çoxları üçün o, artıq dördüncü dünya ölkəsinə çevrilib”, “Makron uyğunsuzluqdan, analitik səhvlərdən və ziddiyyətlərdən əziyyət çəkir. Bunu daha sadə ifadə etmək olar: səriştəsizlik, demək olar ki, bütün sahələrdə hiss olunur”, “Müflisləşmiş və ölmək üzrə olan bir ölkənin fonunda onun islaholunmaz iddialı təkəbbürünə və ibtidai siyasətinə daha üç il yarım dözmək… Ölümə qədər vergiyə məruz qalan fransızlara onsuz da yaxşı olardı”.

Nigerdən, Malidən qovulmaqla Afrikada mövqelərini itirən Fransa bütün bunların fonunda boğulan saman çöpündən yapışdığı kimi, Ermənistandan yapışıb.

O, Cənubi Qafqazın bu vecsiz, işğalçı ölkəsi ilə özünə regionda yer etməyə çalışır. Bununla yanaşı, ölkəsinin beynəlxalq arenada itməkdə olan nüfuzunu qorumağa səy göstərir. Makronun liderlik etdiyi Fransanın xilası Ermənistana və korrupsioner, çirkli pulları yumaqla ad çıxarmış erməni lobbisinə qalıb. Təkcə Avropa Parlamentinin sədr müavini, yunanıstanlı Eva Kayli ilə erməni iş adamı sayılan Vartan Sirmarkes cütlüyünün cinayət əməlinin xatırlamaq yetərlidir. Fransa bu tip erməni milyonçuların hesabına beynəlxalq aləmdə nüfuzunu qorumağa və ya inkişaf etdirməyə çalışır.

Yaxın və Orta Şərq Fransadan mütərəqqi məsələləri də əxz edib. Təəssüfləndirici haldır ki, hazırda Emmanuel Makron dövlətini erməni lobbisinin və mafiyasının xidmətçisinə çevirib. Ermənistan isə ona saman çöpü belə olmayacaq.

“Report” İnformasiya Agentliyi

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir